Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2016

Milli Şura: Hakimiyyət beynəlxalq yarışları Azərbaycana gətirməklə merkantil maraqlarını təmin edir

Demokratik Qüvvələrin Milli Şurası Azərbaycanda keçirilən beynəlxalq idman tədbirlərinin ölkəyə qazanc gətirmədiyi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Ötən il Azərbaycanda Avropa Oyunları keçirildi, bu il “Formula 1” yarışması keçirilir, gələn il isə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Ölkədə bu qədər idman yarışlarının keçirilməsini hökumət Azərbaycana daha çox turistlərin cəlb ediləcəyi ilə əsaslandırır. Ancaq 2015-ci ildə Avropa Oyunları keçirilsə də ölkəyə gələn turistlərin sayı əvvəlki ilə nisbətən 16 faiz azalıb. Avropa Oyunları bir il əvvəl başa çatıb, lakin hələ də dövlət rəsmiləri xərclərlə bağlı detallı hesabat verməyib. Araşdırmalar nəticəsində bəlli olub ki, 2015-ci ildə keçirilən Avropa Oyunlarına 7 milyard dollar vəsait xərclənib".

Bəyanat müəlliflərinin fikrincə, “Formula 1” yarışlarına çəkilən xərclər də ictimaiyyətdən gizli saxlanılır, ödənilən üzvlük haqqının kommersiya sirri olduğu bildirilir: "Əldə olunan məlumatlara əsasən, bu ilin dövlət büdcəsində idman oyunları üçün 330 milyon manat nəzərdə tutulub və bu qədər vəsait demək olar ki, bütövlükdə “Formula 1” yarışları üçün xərclənib. Azərbaycan beş il məcburi qaydada bu yarışı qəbul etməlidir. “Formula 1” təşkilatı yarışların keçirilməsinə görə Azərbaycana vəsait ödəmir. “Formula-1” Qran-pri üçün bu il cəmi 18500 bilet satışa çıxarılıb, həmin biletlər tam satıldığı halda, tədbirdən 14 milyon manat əldə olunacaq. Bu isə çəkilən ümumi xərcdən 23 dəfə azdır".

Hakimiyyəti beynəlxalq idman yarışlarını Azərbaycana gətirməklə öz maraqlarını təmin etməkdə qınayan Milli Şura üzvləri, belə tədbirlər üçün xərclənən vəsaitlərin ictimaiyyətdən gizli saxlanmasının səbəbini dövlət vəsaitlərinin mənimsənilməsində gördüyünü bəyan edib: "Demokratik Qüvvələrin Milli Şurası hesab edir ki, Avropa Oyunları və “Formula-1” Qran-pri ölkəmizə turist və valyuta axınını təmin etmədi. Avropa Oyunları üçün xərclənən 7 milyard dollar vəsaiti 2013-2015-ci illərdə investisiya kimi qeyri-neft sektoruna yönəltməklə milli valyutanın dəyərdən düşməsinin qarşısını almaq və işsizliyin aradan qaldırılmasına, əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına, sənayenin, kənd təsərrüfatının inkişafına nail olmaq olardı.

Demokratik Qüvvələrin Milli Şurası hesab edir ki, Azərbaycan hökuməti indiyə kimi ölkədə keçirilən idman yarışları üçün ayrılan dövlət vəsaitlərinin xərclənməsində şəffaflığı və ictimai nəzarəti təmin etməyib. Hakimiyyət ölkənin dərin böhran vəziyyətində olduğunu, əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşdiyini, ölkədə işsizliyin sürətlə artdığını nəzərə almalıdır.

Demokratik Qüvvələrin Milli Şurası iqtisadı cəhətdən səmərəli olmayan, bahalı idman yarışlarının keçirilməsi üçün maliyyə vəsaitlərinin xərcləməsinə qarşı çıxır, həmin resursları ölkənin iqtisadi inkişafına və konkret olaraq imkansız ailələrin mənzillə təminatını həyata keçirmək məqsədi ilə sosial evlərin tikintisinə yönəldilməsini zəruri hesab edir"./istiqlal/
266 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber