Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2016

Bakıda 30 ailə evindən çıxarılır

Sakinlər dövlət başçısına müraciət etdi: “Bizi küçəyə atırlar, kömək istəyirik”

Bakının Yasamal rayonunda 30-a yaxın ailənin evi qanunsuz olaraq sökülür. Musavat-a müraciət edən sakinlər bildirirlər ki, evlərinin sənədləri olsa da, yaxınlıqda bina tikən şirkət onların məhəlləsini də dağıtmaqda israrlıdır.

Ərazi dövlət ehtiyacı üçün alınmır, hansısa şirkət vətəndaşları qorxuzaraq evlərindən çıxmasını tələb edir. Üstəlik, bir neçə gündür ki, mənzillərin suyu da qanunsuz olaraq kəsilib. Vətəndaşlara isə evlərinin əvəzinə mikrorayonun ucqarında təmirsiz, ofis üçün nəzərdə tutulan sahələr verilir. “Üç gündür suyumuzu kəsiblər. Yayın günündə, orucluqda belə iş olar?

Məhəllənin xəstəsi var, uşağı var, uzaqdan gedib su gətiririk”,- Məhəmməd Naxçıvani küçəsi 25 ünvanının sakinləri şikayətlənirlər. Burada yaşayan otuza yaxın ailə acınacaqlı durumda evlərinin sökülməməsi üçün mübarizə aparır. Artıq bir neçə mənzil dağıdılıb. “Bizim əlimizdə sənədimiz var, evimiz sənədlidir. Qanunsuz olaraq necə dağıda bilirlər?”,- sakinlər etirazlarını bildirirlər.

Sakinlərdən Mehriban Məmmədova bildirir ki, onları hökumət də köçürmür: “Bu, ”Deluxe" adlanan şikətdir. Bizi məcbur edir ki, evlərimizdən çıxaq. Biz razı deyilik. Təklif etdikləri yer yaşayış üçün yararlı deyil, ümumiyyətlə, yaşayış üçün nəzərdə tutulmayıb, ofis üçün nəzərdə tutulan yerlərdir. Təmir də edilməyib. Bizə təmir pulu da verilmir. Orada necə yaşamaq olar? Dövlət, hökumət bizə niyə sahib çıxmır?"

Digər sakin də deyir ki, əslində ofis kimi tikilən sahələri onlara ev kimi vermək istəyirlər: “O ofislərdə ancaq dörd divardır, təmir, qapı-pəncərə, heç nə yoxdur. Bizim pulumuz haradandır ki, oranı təmir edib köçək? Şirkət deyir ki, bizə pul, kompensasiya verilməyəcək, həmin verdikləri ofisləri özümüz təmir edib ev halına salmalıyıq. Biz niyə mənzilimizdən çıxıb hansısa ofisin təmiri üçün pul axtarmalıyıq ki? Evlərə artıq məktub da paylanılıb ki, çıxaq. Biz mənzillərimizdən çıxmayacağıq. Bizi normal şəkildə evlə təmin etsinlər”.

İsmayıl Məmmədov da bildirir ki, sakinlər evlərindən çıxmağa razı deyillər və dövlət qurumlarına bununla bağlı şikayətlər də ünvanlayıblar: “”Deluxe" şirkətindən deyirlər pulumuz yoxdur, buna görə bizə kompensasiya verilmir. Heç kim razı deyil evindən çıxmağa. Bizim hamımızın sənədi var. Yazmadığımız yer qalmayıb. Prezident Administrasiyasına yazmışıq, Mehriban xanım Əliyevaya yazmışıq, teleqram vurmuşuq. Aparata qəbula da getmişik, dedilər, problemimizlə maraqlanacaqlar".

Bahar xanım isə bildirir ki, iyunun əvvəlində rəsmi qurumlara edilən müraciətlərə hələ cavab gəlməyib: “Bizim səsimizi eşidən yoxdur”. 78 yaşlı Faiq Əliyev isə deyir ki, günlərdir ki, evdə susuz qalıb: “Su gətirməyə gücüm çatmır, uzaqdan gətirirlər. Məscidə namaz qılmağa getmək istəyirəm, evdə bir qab su tapmıram, belə dərd olarmı?”.

Sakinlər bildirirlər ki, bir neçə mənzili artıq qəflətən gəlib söküblər. Sakinlərə isə bir neçə gün vaxt verilib ki, evlərini öz xoşları ilə tərk edib təklif olunan ofislərə getsinlər: “Biz İlham Əliyevə, dövlət başçısına müraciət edirik ki, belə özbaşınalıq olmaz. Biz şirkətin özbaşınalığının qurbanı olmuşuq. Kömək istəyirik, bizi küçəyə atırlar”.
376 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı