Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

İctimai Palatanın rəhbərliyi toplandı

Qurumun fəaliyyətinin davam etdirilib-etdirilməməsi müzakirə olundu

Dekabrın 25-də İctimai Palatanın Koordinasiya Şurasının iclası olub. İclas Koordinasiya Şurasının dönəm sədri İsa Qəmbər tərəfindən çağırılıb.  Daha sonra İsa Qəmbər “Yeni Müsavat”a Koordinasiya Şurasında keçirilən müzakirələr barədə açıqlama verib: “Bilirsiniz ki, son zamanlar İctimai Palata nisbətən səngidilmiş rejimdə fəaliyyət göstərir və vaxtaşırı Koordinasiya Şurasının toplantılarını keçirərək durum dəyərləndirilməsi edirik.  Koordinasiya Şurası toplandı və toplantının konkret səbəbləri də var idi. Yəni il başa çatmaq üzrədir, ilin son çərşənbə günüdür-adətən çərşənbə günləri Koordinasiya Şurasının toplantısı olur - üç gündən sonra isə 28 dekabr İctimai Palatanın yaranmasının üçüncü ildönümü tamam olur. Yeri gəlmişkən, bu münasibətlə İctimai Palatanın bütün üzvlərini və tərəfdarlarını təbrik edirik. Toplantıda təbii ki, ölkədəki və beynəlxalq vəziyyət haqqında fikir mübadiləsi aparıldı. ATƏT-in Azərbaycanda keçirilən 9 oktyabr prezident seçkiləri ilə bağlı yekun rəyi haqqında müzakirələr oldu. Yekun rəyin öyrənilməsi bizim tərəfimizdən davam edəcək. İndilik onu deyə bilərik ki, ATƏT-in yekun rəyində də seçki  sabahı -10 oktyabrda bildirilmiş prinsipial mövqe davam etdirilib. Yəni seçki məntəqələrinin 58 faizindən çoxunda səslərin pis, yaxud çox pis sayılması məsələsidir, digər seçki pozuntularıdır ki, hamısı yekun rəydə təkrar olunub. Bu, o deməkdir ki, beynəlxalq birliyin bu seçkilərə mənfi münasibəti davam etməkdədir”.


İ. Qəmbər Koordinasiya Şurasının Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin həbsinə də münasibət bildirdiyini dedi: “Bütövlükdə siyasi sifarişli məhkəmələrin gedişi ilə bağlı fikir mübadiləsi aparıldı. İctimai Palatanın Koordinasiya Şurası sifarişli məhkəmə proseslərinə son qoyulması və bütün siyasi məhbusların, vicdan məhbuslarının azad olunmasını tələb etdi. Eyni zamanda vətəndaş cəmiyyətinə qarşı yaradılmış növbəti təhlükələrlə bağlı fikir mübadiləsi aparıldı. Bilirsiniz ki, yeni qanun layihəsində vətəndaş cəmiyyəti strukturlarının, QHT-lərin fəaliyyətini daha da ağırlaşdıracaq, daha da çox hakimiyyətin nəzarətinə keçirəcək istiqamətdə dəyişikliklər nəzərdə tutulub. Bu məsələdə Koordinasiya Şurası vətəndaş cəmiyyətinə, QHT-lərə, ictimai xadimlərimizə tam dəstəyini bir daha ifadə etdi, hakimiyyəti bu anti-demokratik addımlardan çəkinməyə çağırdı”.     
“İctimai Palatanın buraxılıb-buraxılmaması məsələsi də müzakirə olundumu” sualına cavabında İ. Qəmbər bildirdi ki, bu barədə müzakirələr aparılıb: “İctimai Palatanın fəaliyyətinin davam etdirilib-etdirilməməsi məsələsi yenə də müzakirə olundu. Bir müddət əvvəl toplantıların bəzilərində bu mövzu gündəmə gəlmişdi. Bu gün də müzakirə davam etdi və çox maraqlı müzakirələr oldu. Hələlik  mövqe ondan ibarətdir ki, bu müzakirələr davam etdirilsin”./musavat/

 İctimai Palatanın rəhbərliyi toplandı

 İctimai Palatanın rəhbərliyi toplandı
1585 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi