Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2016

Hakimiyyətin yarım milyardlıq idman səxavəti

Vətəndaşı tanınmaz hala salanların ölkəni dünyaya tanıtmaq cəhdi

Daha bir idman yarışı başa çatdı. Onminlərlə vətəndaşı evsiz qalan hökumət daha bir yarışmaya ev sahibliyi etdi. Əlbəttə, əgər ölkənin ciddi problemləri olmasa, vətəndaşın normal həyat şəraiti olsa, büdcəmiz ölkəmizin potensilaına adekvat olsa, hər hansı yarışmanın ölkəmizdə keçirilməsi bu qədər qıcıq doğurmaz. Indiki halda isə Azərbaycan ianələrə möhtacdı, dövlətin xarici borc yükü durmadan artır, təxminən hər bir ailə borc içindədir, iqtisadi göstəricilər sürətlə aşağı düşür və s.

Amma ölkənin bu qədər acınacaqlı vəziyyətdə olması hökuməti qətiyyən narahat etmir və heç kimin sahib çıxmadığı yarışları maliyyələşdirməklə, problemləri arxa plana keçirməklə beynəlxalq təşkilatlar qarşısında imic qazanmaq istəyirlər. Amma cəmiyyətdən təpki və etiraz gələndə “biz Azərbaycanı dünyaya tanıtdırırıq” deyirlər. Nəticə isə budur ki, bu qədər vəsaitin havaya sovrulması, Azərbaycanın adının yaxşı mənada tanınmasıyla yekunlaşmır. Yenə də adımız “qeyri-azad ölkələr” siyahısındadır, yenə də korrupsiya çempionuyuq, yenə də Azərbaycan məmurları ilə əməkdaşlıq Avropa, ABŞ dövlət xadimləri üçün kompromat sayılır, yenə də söz azadlığı, mətbuat azadlığı indeksinə görə axırıncı yerlərdəyik, yenə də azad sahibkarlığın olmadığı, monopoliyaların hökm sürdüyü, seçkilərin saxtalaşdırıldığı ölkə kimi tanınırıq, yenə də Avropa Məhkəməsi Azərbaycandakı hüquqsuzluğu, qanunsuzluğu sübut edən qərarlar çıxarır və s.


Yəni ölkədəki idarəçilik, hakimiyyətin mahiyyəti anti-demokratik olduğu üçün, Avropa Oyunları, Avroviziya müsabiqəsi, Formula-1 yarışı keçirmək imici düzəltmir.

Əksinə, Avroviziya yarışması ərəfəsində dünya mətbuatı Azərbaycandakı repressiyadan yazdı, beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinin qanusuz əməllərini işıqlandırdı. Avropa Oyunları zamanı 100-dən artıq təşkilat bu oyunları boykot etməyə çağırdı, Avropa liderləri tədbirdə iştirak etmədi və bu yarışmaya ikinci dəfə ev sahibliyi etməyi də heç bir ölkə üzərinə götürmədi. Sonda da məlum oldu ki, Avropa oyunları dövlətə 7-8 milyard zərər vurub. Bu isə mövcud büdcəmizin yarısı deməkdir. Formula-1 yarışına isə yüz milyonlarla vəsait xərcləndi. Nə gözələnilən qədər turist axını oldu, nə də beynəlxalq mətbuatın bəh-bəhini eşitdik.

2015-ci ilin büdcəsinin icrasına dair hesabatdan məlum olur ki, ötən ilin dövlət büdcəsindən idman obyektlərinin tikintisi, yenidən qurulması və əsaslı təmiri üçün 1,5 milyard manata qədər vəsait xərclənib. Bu ilin büdcəsindən yalnız beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlər üçün 403,3 milyon manat, beynəlxalq və ölkə səviyyəli digər tədbirlərin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə əlavə olaraq 26 milyon manat ayrılması nəzərdə tutulub. Beləliklə də bu il bütövlükdə beynəlxalq və ölkə səviyyəli tədbirlərin həyata keçirilməsi üçün yalnız dövlət büdcəsindən 429,3 milyon manat xərclənəcək.

Göründüyü kimi, bu il və ötən il idman yarışları üçün büdcədən ayrılan pullar miylardlarla ölçülür. Son olaraq keçirilən Formula-1 yarışında isə satılan biletlərin ümumi qiyməti tədbirə çəkilən xərcdən 23 dəfə azdır.

Bəli, idman yarışları adı altında büdcədən milyardlar oğurlanıb. Hətta böhranın ölkəni vurduğu dövrdə də hakimiyyət qənaət etməyib. Hələ utanmadan bu il büdcə xərclərinə 137 milyon qənaət edildiyini deyirlər. 10 milyard pulu havaya sovurub, 137 milyona qənaət etmək, yalnız Azərbaycan hakimiyyətinin iqtisadi siyasətinin məhsulu ola bilər.

Hələ ölkədə keçirilən yarışların maliyyələşdirilməsi azmış kimi, ölkə xaricində keçirilən yarışlara da sponsorluq edirlər. Vətəndaş zəlil vəziyyətdə qalsa da, insanlar intihar həddinə çatsa da olar, bunlar üçün əsas öz hobbilərini həyata keçirmək, arzularını reallaşdırmaqdı.

Birinci devalvasiyadan sonra dollarla krediti olanlara güzəşt edilməsi məsələsini hökumət bir ay müzakirə etdi və axırda da vətəndaşın yükünü azalatmaq üçün 240 milyon vəsait tapmadılar. Bu hakimiyyət 20 ildir müzakirə aparır, amma 13500 şəhid ailəsinin “qan pulu”nu ödəməyə 148 milyon vəsait tapmır. Aylardır müzakirə aparırlar, amma təhsil haqqını ödəyə bilmədiyi üçün Universitetdən kənarlaşdırılan tələbələrə bir neçə milyon manat ayıra bilmirlər. Illərdir müzakirə aparırlar, amma təhsil kreditlərini hələ də bərpa edə bilmirlər. Uzun illərdir hökumət ipoteka siyasətindən danışır. Guya, aztəminatlı ailələrə güzəşt üçün kredit veriləcək. Amma məlum olur ki, son 1 ildə ipoteka üçün ayrılan vəsait 31 dəfə azalıb. Bu sıyahını uzatmaq da olar. Amma bir neçə fakt kifayət edir ki, hakimiyyətin xalqa düşmənçilik etməsini, hakimiyyətin bu xalqı idarə etməyə haqqı olmadığını və məqsədli şəkildə ölkənin müflisləşidirildiyinin şahidi olaq.

Bəli, vətəndaş manata möhtacdı, hökumətdən cüzi də olsa dəstək gözləyir. Amma hökumət dövlətin sərvlətlərini əcnəbilərə paylayır, xalqın ah-naləsi üzərində atəşfəşanlıq edir. Yəqin ki, dünyada ikinci belə nümunə yoxdur. Heç bir diktator, heç bir avtoritar hökumət xalqa bu qədər arxa çevirməyib. Dövlətin sərvətini vətəndaşdan gizlətdikləri azmış kimi, xərclədiklərini vətəndaşın cibindən çıxarırlar.

Bir sözlə, hakimiyyət “idman sağlamlıqdır” devizini “idman xəstəlikdir” şüarına çevirdi. Idman siyasəti adı altında dövlətin son qəpik-quruşu da talan edildi. Özləri isə 23 il ərzində milyardlar qazanıb etibarlı yerlərdə gizlədə biliblər. Ən dəhəştlisi isə budur ki, bu milyardlar ölkənin imicini zərrə qədər artırmadı. Korrupsioner rejimin səxavəti, qonaqpərvərliyi, talançılığı kimi yaddaşlarda qaldı./azadlıq/
343 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:18