Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2016

Məmur banklarından hesabat istəyin, partiyalardan yox

«Şəffaflıq aşiqi» olan deputatların niyə səsi çıxmır?

Bugünə qədər hakimiyyətin qeyri-şəffaf fəaliyyətini, talançılığını, yalançılığını ifşa edən minlərlə fakt ortaya qoyulub. Amma bugünə qədər məmurların milyonluq villalarının, iri holdinqlərinin, bahalı avtomobillərinin hansı pulla alındığı məlum deyil. Ölkədə hansı şadlıq sarayının, hansı tikinti şirkətinin, hansı supermarketin, hansı məmura məxsus olduğunu hamı bilir. Hamı onu da bilir ki, bu ölkə məmurlar arasında bölünüb.

Amma bu qədər qeyri-şəffaflıq bolluğunda olan hökumət həmişə başqalarından hesabat verməyi, gəlirlərinin mənbəyini açıqlamağı tələb edir. Xüsusən də YAP-çı deputat Siyavuş Novruzov imkan tapan kimi siyasi partiyaların MSK-ya hesabat verməli olduğunu, ianələrin mənbəyini göstərməli olduğunu, əks halda cəzalandırılmalı olduğunu bildirir. Bəli, “Vəzifəli şəxslərin gəlir deklarasiyası təqdim etməsi haqqında” qanuna əməl etməyən, milyardların mənbəyini göstərməyən hökumət, başqalarından hesabat tələb edir. Hansıki, başda ölkə başçısı olmaqla, xırda məmurlara qədər hər kəs necə milyarderə çevrildiklərinin, şirkətlərə sahib olduqlarının, övladlarına dünyannı müxtəlif yerlərində necə villalar aldıqlarının izahatını verməlidilər.


Indi də məlum olur ki, ölkədə fəaliyyət göstərən 37 bankdan yalnız 19-u illik hesabatını açıqlayıb. Hansıki, banklar maliyyə ili bitdikdən, ən geci, 5 ayın içində illik maliyyə hesabatlarını açıqlamalı, mətbuatda dərc etməlidilər. Eyni zamanda bu məlumatlar bankların internet saytında yerləşdirilməlidir. Göründüyü kimi bütün bunlar baş verməyib və bankların yarısı “qanun mənəm” prinsipi ilə fəaliyyət göstərir.

Azərbaycanda ən böyük bankların kimlərə məxsusluğu, bu sahədə də inhisarçılığın hökm sürməsi hamıya bəllidir. Görəsən, siyasi partiyalardan şəffaflıq tələb edən, hesabat istəyən hökumət sözçüləri, banklardan niyə eyni şəffaflığı tələb etmir? Banklar kimə və nəyə arxayındır ki, cəmiyyətə izahat verməkdən, gəlirlərini açıqlamaqdan imtina edir? Hesabatlılığın olmaması vergidən yayınmaq, büdcədən kəsmək ehtimalını artırmırmı?

Onsuz da Azərbaycanda bank sistemi iflic vəziyyətdədir və insanların banklara inamı tamam sarsılıb. Belə qeyri-şəffaf fəliyyət isə bu inamsızlığı daha da artırır. Aydın şəkildə görünür ki, iri məmurlara məxsus banklar hesabat verməyə, qanunlara əməl etməyə ehtiyac duymur.

Bir daha aydın olur ki, hökumətin şəffaflıq sevgisi, hesabatlı hökumət planları qeyri-səmimidir və bütün bu canfəşanlıqlar yalnız müxalifət partiyalarını sıxışdırmaq üçündür. Yəni, milyardların oğurlanmasının qarşısını almaq yox, kimlərinsə qəpik-quruşunun mənbəyini tapmaq istəyirlər./azadlıq/
266 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41