Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

İlham Əliyevə deyin ki...

«Ölülərimizə medal istəmirik, dirilərimizə yaşamaq imkanı istəyirik...»

Əslində, mən də ordudan, döyüşdən, döyüşməli olan adamlardan yazı yazacaqdım. Daha doğrusu, əsgər paltarı geyinib Azərbaycan dövlətçiliyini baltalayanlarla məşğul olacaqdım. Naxçıvan ətrafında baş verən separatizmə aydınlıq gətirəcəkdim. Amma bu xəbər ortaya düşdü və biz özünü yandıran dövlətimizdən yazmaq durumunda qaldıq.
Qarabağ əlili özünü yandırıb. Deputat Səttar Mehbalıyev onun əmlakını əlindən alır, bu vətən fədaisi isə özünü yandırmaqdan başqa yol tapmayıb. Əslində, ən böyük ekstremizm buradan cücərməyə başlayıb. Azərbaycan üçün döyüşüb sağlamlığını itirmiş qəhrəman indi öz mülkiyyətinə sahib ola bilmir.
Bu hadisədə onlarla mesaj var, bu hadisədə görk var. Nəticə çıxarmalı xeyli mətləb var. Amma ən başlıcası odur ki, bizim ölkəmizdə ədalət yoxdur, insanlıq yoxdur. Ilham Əliyev bu intihara cəhdin məsul şəxslərindən biridir. Görün, bu olaydan nə qədər keçib, Səttar Mehbalıyevə “gözün üstə qaşın var” deyən tapıldımı? Budurmu, məcburi köçkünün evində tort kəsmək?! Bu hadisə onu dedi ki, siz orada “pambıqla baş kəsməyə” getmisiz. Budur, Qarabağa da, Qarabağ qazisinə də münasibət göstərmək imkanı...
Ölülərə medal verməyin, dirilərə yaşamaq imkanı verin. Bu ölkədə nə qədər kişi özünü yandırıb, nə qədər gözünə acından qaranlıq çökmüş ailə başçısının intihar tüstüsünə ayılıb. Bütün bunlara görə məsuliyyət daşımaqdan niyə çəkinmirsiz? Bu, millətlə düşmənçilikdir, amma həm də özünüzlə düşmənçilikdir. Azərbaycanı cəhənnəmə çevirməyin ki, özünüz də yanmayasınız. Inanın ki, bunun doğurduğu nəticələr çox ağır olacaq.

Vətəni qoruyanın mülkünü alırlar

Biz 6 rayonu bir nəfəsə erməniyə peşkəş çəkəndə Heydər Əliyevə qarşı çıxdıqmı ki? O zaman vətən üçün döyüşüb qanını-canını verən igidlərə hamı ölüm mələyi kimi baxırdı. Azərbaycanda ən pis baxılan şey ermənilərlə döyüşmək istəyi idi. Fərarilərin bu gün bizimlə, dəyərlərimizlə belə davranmaq imkanı o vaxtdan yaranıb. Daha doğrusu, o imkanı biz vermişik onlara. Vətəni qoruyan, öz evindən aralıda savaşlar verən biri öz mülkünü kiməsə havayı, səssizcə, etirazsız, mübarizəsiz verə bilərmi? Bu ölkədə nə qədər adamın mülkünü əlindən alıblar. Kim səsini çıxartdı bu qazidən savayı? Deməli, Əliyevlər bizi Qarabağda məğlub eləyib hakimiyyətdə möhkəmləniblər. Biz Qarabağda qalib  çıxsaydıq, heç bir tirana baş əyməzdik. Bu bir milli faciədir.

Niyə böyük etirazlar olmasın?

Bu hadisəyə niyə böyük etirazlar olmasın? Zatən Ilham Əliyev yenidən böyük bir bahalaşma dalğasının anonsunu verib. Nə demək istəyir bu hökumət? Soruşmaq istəmirsiniz ki, niyə sizə öz ölkənizdə rahat yaşamaq imkanı verilmir? Bunu  soruşmasanız, daha pis durumlar sizi gözləyir. Bir millət ki, öz qazisini qoruya bilmiyə, bu artıq mənəviyyat məsələsidir. Niyə susur alimlər, ziyalılar, siyasətçilər? Niyə demirlər ki, Ilham Əliyev, əl basıb and içdiyin kitablarda axı qanunun aliliyindən, ilahi ədalətdən danışılır...
Ilham Əliyev kitab yandırılan ölkədə kitaba and içən bir rəhbərdir. Onun ölkəsində insanlar da özlərini yandırırlar. Bu yanğından qorxun. Qalxın, tutun bu yanğın çıxaranların yaxasından və deyin: “Ölülərimizə medal istəmirik, dirilərimizə yaşamaq imkanı istəyirik...”/azadlıq/

1657 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...