Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2016

Depressiyaya düşənlərin sayı ikiqat artıb

«Uğurlu» siyasət vətəndaşı necə uğursuzluq zolağına salır?

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad Ismayılov bildirib ki, depressiyaya düşənlərin sayı ikiqat artıb. O qeyd edib ki, ötən il həftədə 50 nəfər mərkəzə müraciət edirdisə, indi bu rəqəm 100-dən çoxdur.

Göründüyü kimi ötən bir il ərzində insanların psixi durumu ikiqat pisləşib. Məhz bunun göstəricisidir ki, intihar hallarının, cinayətlərin sayı da artıb. Həftədə 100 nəfərin depressiyaya görə həkimə müraciət etməsi təhlükəli tendensiyadır. Nəzərə almaq lazımdır ki, depressiyaya düşənlərin hamısı həkimə müraciət etmir. Deməli, real vəziyyət daha acınacaqlıdır.


Bəs, insanları depressiyaya salan nədir? Əvvəlki yazılarımızda da ölkədə baş verən intihar hallarına toxunmuşuq və məlum olub ki, intiharların əksəriyyəti sosial problemlərlə bağlıdır. Xüsusən borca görə intihar edənlər üstünlük təşkil edir. Əminliklə demək olar ki, depressiya hallarının əksəriyyəti həyat şəraitinin çətinliyi ilə bağlıdır. Bu halın son bir ildə ikiqat artması isə bu ehtimalı daha da gücləndirir.

Çünki, ötən bir ildə ölkədə iki dəfə devalvasiya baş verib ki, bu da sadə vətəndaşa ağır zərbə olub. Insanların banklardakı əmanəti 50 faiz dəyər itirib. Ölkə vətəndaşının çətniliklə, əzab-əziyyətlə yığdığı vəsait qəfildən əriyib. Hansıki, bu vəsaitlə müəyyən problemlərini həll etmək, övladını oxutmaq, sabahını sığortalamaq istəyi olub. Amma hökumətin yalançı təsəllisi, boş vədləri, “manat sabit qalacaq” bəyanatı vətəndaşı arxayınlaşdırdı və bir gecədə vətəndaş qarət edildi. Təbii ki, kasıb ailələr üçün bu ağır zərbə idi. Amma problemlər təkcə bununla da yekunlaşmır. Qiymətlər də avtomatik olaraq qalxdı və vətəndaş zəruri ehtiyacları ödəməkdən məhrum oldu. Ardınca iş yerlərinin qapadılması, kütləvi ixtisarlar da baş verdi ki, bu da vətəndaşı daha çətin vəziyyətə saldı.

Deməli, milli valyutanın dəyərdən düşməsi, işsizlik, bahalıq onsuz da ağır vəziyyətdə olan vətəndaşı daha böyük məngənəyə salıb. Və bütün bunlar da psixi pozğunluğa, depressiyaya, intiharlara gətirib çıxarır.

Çünki, vətəndaş problemlərdən çıxış yolu tapmır, hökumətdən heç bir dəstək yoxdur. Faktiki olaraq vətəndaşın çiynini söykəyəcəyi dayaq yeri, dərdini söyləyəcəyi orqan, problemini dinləyəcək hökumət yoxdur. Əksinə, hökumət əlindən gələni edir ki, vətəndaşın həyat şəraiti daha da pisləşsin.

Əlbəttə ki, ailəsinin ehtiyaclarını qarşılaya bilməyən, övladının təhsil haqqını ödəyə bilməyən, kredit borcunu verə bilməyən vətəndaş depressiyaya düşəcək. Çünki, növbəti mərhəldə ödənməyən kreditlərə görə məhkəmə qərarları, evə, maşına həbs qoyulması və s. məhrumiyyətlər gəlir.

Bir sözlə, depressiyaya düşənlərin sayının ikiqat artması ölkədəki sosial-iqtisadi vəziyyətin ikiqat pisləşməsindən doğur. Sabaha ümid qalmayıb, insanlar problemlərlə baş-başa buraxılıb və hökumət intiharlar bolluğunu sakit şəkildə izləyir.

Ilham Əliyev əhalinin 91 faizinin sağlam olduğunu iddia etsə də, nəticə onu göstərir ki, əhalinin 91 faizi xəstəlikdən əziyyət çəkir./azadlıq/
299 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber