Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2013

Liviyanın Baş naziri azad edildi

Əli Zeydan DİN-in tərkibinə daxil olan qruplaşma tərəfindən saxlanılıbmış

Bu səhər naməlum silahlılar tərəfindən qaçırılan Liviyanın Baş naziri Əli Zeydan azad edilib. Bu barədə «Reuters» agentliyi Liviyanın «LANA» rəsmi xəbər agentliyinə və yerli rəsmilərə istinadən xəbər verir. Baş nazirin azad edilməsi faktını Liviyanın Daxili İşlər Nazirliyi də təsdiqləyib.

Əli Zeydanın saxlanmasına görə məsuliyyəti Daxili İşlər Nazirliyinin Cinayətkarlıqla Mübarizə İdarəsinin «Liviya İnqilabçıları Əməliyyat Qərargahı» adlanan qrupu öz üzərinə götürüb. «Liviyanın müvəqqəti Baş naziri Əli Zeydan Liviyanın sanksiyalarla bağlı qanununa müvafiq olaraq «Dövlətə və dövlət təhlükəsizliyinə qarşı cinayət» maddəsi ilə saxlanılıb.» - qrupun «Feysbuk» sosial şəbəkəsində açıqlamasında belə deyilir.

Liviyanın Baş prokuroru və Ədliyyə Nazirliyi isə Əli Zeydanın saxlanmasına order verməsi barədə məlumatları təkzib edib.

Əli Zeydanın saxlanılması ABŞ Xüsusi-Təyinatlı Qüvvələri tərəfindən Əbu Anas əl-Libi adlı terror şübhəlisinin ələ keçirilməsindən bir neçə gün sonraya təsadüf edib. Həmin şəxs 1998-ci ildə Afrika ölkələrindəki ABŞ səfirliklərində partlayışlar törətməkdə şübhəli bilinərək, 10 ildən çoxdur ki Amerika tərəfindən axtarışda idi. Liviyanın Baş naziri Əli Zeydanın da saxlanmazdan bir neçə saat əvvəl əl-Libinin ailə üzvləri ilə görüşdüyü bildirilir.
1754 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 11:27