Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

Çin Ermənistan ordusuna ildə 5 milyon yuan verəcək

Müdafiə naziri Seyran Ohanyan Pekində anlaşma əldə edib

Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün Çin Xalq Respublikasına səfər edib.

Virtualaz.org saytı “China Daily” nəşrinə istinadən xəbər verir ki, Ohanyan Pekində Çinin Mərkəzi Hərbi Şuranın sədr müavini, general-polkovnik Suy Tsilian və müdafiə naziri, general-polkovnik Çan Van Tszyuan ilə görüşlər keçirib.

Görüşlər zamanı iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın yaxşılaşdırılması məsələləri müzakirə edilib. S.Tsilian S.Ohanyana bildirib ki, Çin Silahlı Qüvvələri erməni ordusu ilə dostluğu qiymətləndirir. Müdafiə naziri Ç.Tszyuan isə Ermənistan tərəfi ilə hərbi-texniki əməkdaşlığı genişləndirməyə hazır olduğunu deyib.

Ermənistan və Çin müdafiə nazirləri danışıqların yekunu olaraq saziş imzalayıblar. Bu sazişə əsasən Çin Ermənistan Müdafiə Nazirliyinə hər il 5 milyon yuan (təqribən 850 min dollar) məbləğində əvəzsiz yardım verəcək. Tərəflər həmçinin hərbi-texniki əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr də aparıblar. Ohanyan Çin Silahlı Qüvvələri ilə əməkdaşlığın Ermənistan üçün prioritet olduğunu bildirib.

Qeyd edək ki, Ermənistanın Çinlə hərbi əməkdaşlığı yeni deyil. Bu ilin yayında Ermənistan bu ölkədən "AR1A" raket komplekslərini alıb. Sözügedən komplekslər 130 km məsafədə hədəfləri məhv etmək qabiliyyətinə malikdir.

"AR1A" sistemi Rusiya istehsalı olan "Smerç"lərin müasirləşdirilmiş variantı sayılır. Bir neçə il əvvəl isə Çin Ermənistana WN-80 reaktiv artelleriya sistemlərini satmışdı. Bu sistemlər Rusiya istehsalı olan “Uraqan” və “Smerç” sistemlərinin analoqu hesab edilir.

Azərbaycan son illər İsrail, Türkiyə və Rusiyadan uzaq məsafədən hədəfi dəqiq vuran və yüksək dağıdıcı gücə malik olan raket kompleksləri alıb. Belə bir vaxtda Çin Ermənistana kömək edərək hərbi balansı saxlamağa çalışır. Dünyanın ən güclü dövlətlərindən birinə çevrilən Çinin Qafqazda güclü maraqları olmasa da qlobal gücə çevrilmək yönündə irəliləyən Pekin Ermənistanla Azərbaycan arasında hərbi tarazlığı bərpa etmək üçün məhdud da olsa səylər göstərir.
1531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber