Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2013

Ərdoğanın oğlu Azərbaycana qaçıb?

AKP hökumətinə sarsıdıcı zərbə; partiyadan istefa verən deputatlar üsyan etdilər 

Polis və prokurorların «yuxarıları» xəbərdar etmədən əməliyyat keçirmək hüququ bərpa olundu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) İzmiri təmsil edən 2 millət vəkilinin - Ərtoğrul Günay, Ərdal Kalkan və Ankaradan seçilmiş Haluk Özdağın partiya sıralarından çıxarılmasını istəyir.  Məsələ AKP-nin Mərkəzi İcra Komitəsinin  baş nazir Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçən iclasında qaldırılıb. Bildirilib ki, adları çəkilən deputatlar son vaxtlar partiyanın nizamnaməsi və siyasətinə, başlıca prinsiplərinə zidd olan hərəkətlərə yol veriblər: «Hökumət və partiyanı təhqir edən yazılı və şifahi şəkildə təhqiredici bəyanatlar verdikləri üçün partiyadan çıxarılmaları ilə bağlı Mərkəzi İcra Komitəsi Mərkəzi Nəzarət-Təftiş Komitəsinə müraciət edib».

«Siyasi partiyalar Ərdoğanın babasının mirası deyil»



Hər üç millət vəkili partiyanın qərarını gözləmədən AKP-dən istefa verib. İlk olaraq Ə.Kalkan AKP sıralarından getdiyini açıqlayıb: “Mən bu partiyaya əsgəri müdaxilə başladığı zaman daxil olmuşam. Mövqeyimi Ərdoğandan əvvəl ortaya qoymuşam. Siyasi partiyalar demokratik recimin zəruri tərkib hissəsidir. Kiminsə, xüsusilə Ərdoğanın babasının mirası deyil, milyonlarca insanın yaratdığı sosial institutlardır. Hökumət, iqtidar, partiya intizamı korrupsiya, hüquqsuzluq, oğurluq və soyğunçuluğu əngəlləmək üçündür. Bu iş burada bitməz. Xalq hər şeyi görür, hakim xalq olsun. Qurtuluş savaşı vermiş xalq bunu da həll edər».

«Korrpsiyaya qarşı çıxdığım üçün AKP rəhbərliyinin qəzəbinə tuş gəldim»

Növbəti açıqlama Ərtoğrul Günaydan gəlib. O da partiya sıralarından istefa verdiyini bildirib. 
Türkiyənin keçmiş mədəniyyət və turizm naziri olan Ə.Günay dünən mətbuat konfransı keçirərək korrupsiyaya qarşı çıxdığı üçün partiya rəhbərliyinin qəzəbinə tuş gəldiyini və bundan sonra təmiz siyasət uğrunda mübarizə aparacağını bildirib. Qeyd edək ki, hər üç millət vəkili AKP üzvü olmazdan əvvəl Türkiyədə solçu kimi tanınıb. 
AKP-yə qarşı tənqidlər bununla bitməyib. Hakim partiyadan olan deputat Həsən Hami İldırım da hökumətin ünvanına iradlar səsləndirib. O, «böyük rüşvət əməliyyatı» ilə bağlı araşdırma dosyesinin prokuror M.Akkaşdan alınması cəhdlərinə təpki göstərib. Və bu addımı “hökumətə etimadı sarsıdacaq addım, hüquq dövlətinə yaraşmayan hərəkət” kimi dəyərləndirib.

AKP hökumətinə ciddi zərbə

Türkiyədə icra orqanlarına hüquqi nəzarət funksiyasını həyata keçirən məhkəmə orqanı olan Danıştay 17 dekabr əməliyyatından sonra hökumətin qəbul etdiyi və polis və prokurorların valiyə və baş prokurora xəbər vermədən həbslər, axtarışlar həyata keçirməsini qadağan edən təlimatın icrasını dayandırıb. Hökumət dekabrın 17-də həyata keçirilən rüşvət və korrupsiya əməliyyatından sonra polis və prokurorların yuxarı orqanlara xəbər vermədən bu əməliyyatı keçirdiyini bildirərək bundan sonra belə halların qarşısını almaq üçün xüsusi təlimat qəbul etmişdi. Yeni təlimata əsasən istintaq aparan prokurorlar həbs və axtarışlara sanksiya vermək üçün baş prokurordan, polislər isə prokurorun sanksiyası əsasında həbslər və axtarışlar həyata keçirmək üçün validən (qubernator) icazə almalı idilər. Lakin Türkiyə Vəkillər Birliyi bu təlimatın Konstitusiyaya və qanunvericiliyə zidd olduğunu əsas gətirərək təlimatın icrasının dayandırılması və ləğvi üçün Danıştaya müraciət edib. Türkiyə Hakimlər və Prokurorlar Ali Şurası da təlimatın Konstitusiyaya zidd olduğunu açıqlayıb. Dünən  müraciətə baxan Danıştay təlimatın icrasını dayandırmaq qərarını verib. Bundan sonra polis və prokurorlar dekabrın 18-nə qədər olduğu kimi, baş prokuror və valiyə xəbər vermədən əməliyyat keçirmək hüququna malikdir. Danıştayın bu qərarı Ərdoğan hökumətinə ciddi zərbə kimi qiymətləndirilir.

Ərdoğandan cavab gəldi

Sakaryaya səfəri zamanı qərara münasibətində baş nazir Ərdoğan «lazım olanı edəcəyik, edəndə də görəcəksiniz», deyə  bildirib. Baş nazir növbəti dəfə «rüşvət əməliyyatından» danışıb: «Bu, rüşvət əməliyyatı deyil. Burada fərqli məqsədlər, çirkin, təhlükəli, içində casusluq, xəyanət olan niyyətlər var. Türkiyəyə tələ qurdular, milli iradəni, milləti, böyük Türkiyəni hədəfə aldılar. Korrupsiyaya bulaşan hökumət buralara gəlib çıxarmı?».
Günlərdir yerli mətbuat Ərdoğanın oğlu Bilal Ərdoğanı da gündəmə gətirərək növbəti həbs dalğasında onun da yer alacağını iddia edir. Türkiyənin «Haberozel.org» saytının yaydığı xəbərə görə, barəsində həbs qərarı verilən Bilal Ərdoğan bu xəbəri eşidən kimi ölkədən qaçıb. Sayt onun Azərbaycana qaçdığını iddia edir. Lakin məlumatda o da bildirilir ki, Türkiyənin bəzi internet portalları Bilal Ərdoğanın Kışlıkda atasına məxsus iqamətgahda gizləndiyini yazıb. Dünən ilk dəfə hökumət səviyyəsində bu iddialara reaksiya verilib. Enerci və Təbii Sərvətlər naziri Tanər Yıldız «bu iddialara yalandır demək» azdır, deyərək yazılanları təkzib edib.

İş adamının 1 milyardlıq layihəsi donduruldu

Türkiyədəki korrupsiya və rüşvət əmliyyatları zamanı saxlanılan və 8 saatlıq sorğudan sonra sərbəst buraxılan iş adamı, “Ağaoğlu” şirkətlər qrupunun prezidenti Əli Ağaoğlunun 1 milyard dollar qazanacağı layihəsi dayandırılıb. İş adamının “Bakırköy 46” layihəsinə möhür vurulub. Bakırköy bələdiyyəsi iş adamını məhkəməyə verib. Məhkəmənin qərarı ilə layihənin dayandırılması göstərişi verilib. Ə.Ağaoğlu qərara etiraz edəcəklərini bəyan edib.
İş adamının sorğusu zamanı ona “Bakırköy 46” layihəsi ilə bağlı suallar da verilmişdi. İddialara görə, Ə.Ağaoğlunun saxlanılması səbəblərindən biri də “Bakırköy 46” layihəsi idi. Layihənin əhatə edəcəyi ərazi Ətraf və şəhərsalma nazirliyi tərəfindən qanunsuz olaraq özəl layihə ərazisi elan edilib. 2013-cü ilin yanvarında İstanbul bələdiyyəsinin etirazlarına baxmayaraq, ərazi tikintiyə açılıb. Layihədə satışlar və inşaat bu günə qədər davam edirdi. Açılış zamanı iş adamı bildirmişdi ki, bu layihədən 1 milyard dollar gəlir əldə etməyi planlaşdırıblar.

İkinci dalğa kimləri «bitirdi»?

Bu gün Türkiyədə daha bir şok qərara imza atılıb. Hakim Süleyman Qaraçöl başda Abdulla Tivnikli olmaqla iş adamları Mustafa Lətif Topbaş, Camal Kalyonçu, Ömər Faruk Kalyonçu, Mehmet Çingiz, Üsamə Qutub və Çingiz Aktürk əmlakına həbs qoyub. Siyahıda «Kalyon» şirkətlər qrupuna məxsus «Zirvə Holdinq» (bir neçə gün əvvəl ATV və «Sabah»ı satan alan şirkət) və Çingiz Aktürkün şirkəti «Bosphorus 360» da var.  İttihamlar arasında cinayət törətmək məqsədilə təşkilat qurmaq, onu idarə etmək və rüşvət almaq var.

Türkiyəni qarışdıran “qızıl əvəzinə, qaz”dır?

ABŞ-ın populyar siyasət curnalı olan "Foreign Policy" Türkiyəni silkələyən "böyük rüşvət" əməliyyat barədə yazıb. Curnalın qənaətinə görə, korrupsiya qalmaqalının mərkəzində Obama Administrasiyasının həvəsli olmadığı “qızıla görə qaz” planı dayanır: "Türkiyənin islamçı hökumətini ən böyük korrupsiya qalmaqalı silkələyib. 20-dən çox şəxs, biznes maqnatı, hökumət nazirlərinin oğullarına maliyyə cinayətləri irəli sürülüb. Dekabrın 25-də üç nazir istefa verib, biri baş nazir Ərdoganı da istefaya çağırıb. Ərdogan isə 10 nazirin yerini dəyişməklə kabineti təzələyib. Məlumatlara görə, polis dövlətə məxsus «Halkbank»ın icraçı direktoru Süleyman Aslanın evində ayaqqabı qutularına doldurulmuş 4.5 milyon dollar aşkarlayıb. Qızıl ticarətiylə məşğul iranlı biznesmen Rza Zərrab isə təkcə ötən il 10 milyard dollarlıq sazişlər bağlayıb".
Curnalın qənaətinə görə, qızıl ticarəti uzun müddət "Halkbank"la İran arasında ziddiyyətli əlaqələrin mərkəzində durub:  "Bu ilin mayında aparılmış tədqiqat üzə çıxarıb ki, türklər 2012-ci ilin martından 2013-cü ilin iyulunadək Tehrana birbaşa, yaxud BƏƏ üzərindən 13 milyardlıq qızıl ixrac edib. Əvəzində İrandan təbii qaz və neft alıb. Bu “qızıl əvəzinə, qaz” planı iranlıların xarici valyuta ehtiyatlarını doldurmasına imkan yaradıb. Ankaranın bunu davam etdirməsi təəccüblüdür.  Vaşinqtonu İranın nüvə proqramına qarşı olduğuna əmin edən türklər - NATO müttəfiqləri utanmaz şəkildə bu nəhəng qızıl sövdələşmələrini həyata keçirib. Bu, hətta Obama Administrasiyasının İrana sanksiyaları sərtləşdirməsindən sonra da davam edib".

“Le Monde”: “Türk modeli” iflasa uğradı 

Fransanın “Le Monde” qəzeti Türkiyədəki son hadisələri “hökmdarlığın son havasının hakimliyi” kimi qiymətləndirib. Qəzet AKP ilə  Fətullah Gülənin rəhbəri olduğu “Xidmət Hərəkatı”nın birgə yaratdığı “Türk modeli”nin artıq yolun sonuna gəldiyini iddia edib. Və Ankara ilə Vaşinqton arasında münasibətlərin pozulmasına diqqət çəkib. Qəzetin qənaətinə görə, Türkiyədəki idarəetmə modeli ərəb dünyasının xəyalı idi: “Bu, nə İran diktatorluğudur, nə də Səudiyyə modeli. “Türk modeli” demokratiya ilə kapitalizmin ittifaqı idi”. 
Nəşrin fikrincə, artıq müsəlman-ərəb dünyasında modernlik yolunu təmsil edən qüvvə yoxdur: “Türk modeli”nin varlığının daha bir ayağı ABŞ-Türkiyə münasibətləri idi. Uzun zaman mükəmməl olan əlaqələr qısa zaman içində pisləşdi. Xüsusilə, Misirdə “Müsəlman qardaşları”nı və Suriya üsyanının ən radikalları olan islamçı fraksiyaları müdafiə edən baş nazir Ərdoğan Suriya və Misir mövzusunda ABŞ-dan uzaqlaşdı”.      

«Times»: «Ərdoğan üçün ən böyük təhdid Güldür»

Nüfuzlu «Times» qəzetinin Türkiyədəki son olaylardan bəhs edən məqaləsində də maraqlı məqamlar yer alıb. Məqalə müəllifi şazırda baş nazir Ərdoğan üçün ən böyük təhdidin prezident Abdulla Gül olduğunu iddia edir. İddiasını da belə əsaslandırır ki, Ərdoğan siyasi karyerasını xilas etmək üçün çabalayarkən prezident Gül Fətullah Gülənin dəstəkçisi rolunda çıxış edir: «İndi bütün nəzərlər prezident Gülün üzərindədir. Əgər o, Fətullah Gülənin yanında yer alsa, Ərdoğanın işi bitmiş olacaq. Ərdoğan fərqindədir ki, siyasi karyerasının yaşaması üçün köhnə dostu Gülə yaxın olmalıdır». 

1457 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı