Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

Ben Əliyə Azərbaycan variantı lazım idi

Çıxış yolu

Özünü yandıran Qarabağ qazisinin uşaqlarına 18 yaşa qədər hər ay 1500 manat vəd elədilər. Birdəfəlik yardımın da miqdarı Azərbaycan ölçüləri ilə fantastik oldu: 100 min manat. Daha heç kim soruşmadı ki, niyə adamı yandırırdınız, elə bu pulu əvvəldən verəydiniz da bə!

O cümlədən, həmin pulların hansı büdcədən verilməsi, yoxsa Həmkarlar Konfederasiyası sədri Səttar Mehbalıyevin cibindən çıxması kimsəni maraqlandırmadı. Qəzəblənmiş Qarabağ qaziləri də çəkilib getdilər, etiraz aksiyası ləğv olundu. Molla Nəsrəddinin əhvalatındakı kimi - yorğanı oğrular apardı, səs-küy kəsildi. YAP rəhbərliyinin xəstəxanada qazini yoluxması, o cümlədən, adamın evində pul bağlamalarını masaya qoyub videoya çəkmələri sinizmin zirvəsi idi.

Tunisdə bir göyərti satan haqsızlığa görə özünü yandırmışdı, nəticədə bütün xalq ayağa qalxmışdı. Bizdə isə yan, tökül - xeyri yoxdur. Azərbaycan istənilən ideologiyanın, aksiyanın, fəaliyyət növünün rəsmi qəbristanlığı sayıla bilər. Biz nələri dəfn etməmişik...
Ben Alinin ağlı yox idi. Gərək o bizim təcrübələrimizdən öyrənərdi. Göyərti satanın ailəsinə yüz min, qardaşına deputat mandatı, qaynanasına JEK-də katibə vəzifəsi, baldızına TDU-da (Tunis Dövlət Universiteti) pulsuz təhsil verəndən sonra kimin ağzı nə idi ayağa qalxsın?
İki azərbaycanlı haqq-nahaqq dava eləyirsə, bunlardan birinin qarşısındakına gücü çatmırsa ilk ağlına gələn barışıq modeli sizcə nə olur? Əlbəttə, hamınız bunu gözəl bilirsiniz: “Əşşi, niyə dalaşırıq axı, hamımız azərbaycanlıyıq, müsəlmanıq”. Təslimçiliyə bu cür mənalı don geyindirib aradan sivişməyə dünya diplomatiyası həsəd aparardı.

O bir lətifə var e, “Əjdaha qardaş özü bilər” - sizcə havadan yaranıbdır? Qətiyyən. Xalq müdrikliyinin nəticəsidir. Camaat yaxşı bilir biz nəyik, nəyə qadirik, limitimiz hara qədərdir.
Mən sizə deyim ki, əgər İkinci Dünya Savaşında amerikalılar Naqasaki və Xirosima əvəzinə Gəncə və Lənkərana bomba atmaq istəsəydilər və uca millətimizdən buna münasibət öyrənsəydilər orta statistik cavabımız belə olardı: “Necə məsləhətdir”.
Dahi klassikimizin bir beyti var: “Füzuli dərd əlindən dağa çıxdı, Dedilər bəxtəvər yaylağa çıxdı”. Hərdən adam düşünürdü ki, bəlkə başımızı götürək qaçaq, gedək dağa-daşa dırmanaq. Bir az da romantik düşüncə idi. Rejimdən qaçaqlar, Robin Qud, Qaçaq Nəbi, Koroğlu əhvalatları kimi. Ancaq bu dekabrda Qusar dağlarında düşən əcaib dava ümidimizi puça çıxartdı. Orda Alpinistlər Federasiyası dağa dırmaşma yarışı keçirtmək istəmişdi, ancaq icra hakimiyyəti icazə verməmişdi. Sən demə ekologiya naziri özü bənzər federasiya yaradıbmış.

Vəssalam. Daha dağa çıxmaq da inhisara alındı. Pişiyi ağaca dırmaşdırmaq üçün bundan sonra gərək siçanlardan icazə alasan. Fizika qanunları da işləməyəcəkdir. Daşı atacaqsan göyə, yerə düşməyəcək. Kimsə tutub hasara hörəcək. Təsir əks-təsirə deyil, beş-on manata bərabər olacaqdır. İşıq sürəti Çevik Polis Alayının işığı kəsilən vətəndaşların etiraz piketi keçirilən əraziyə yetişmə sürəti ilə ölçüləcəkdir.
Mühacirət etməyin də mənası yoxdur. Çünki sən bu azərbaycanlı düşüncənlə hara getsən olduğun kimi qalacaqsan. Hələ o xaricdə “siyasi mühacir” adıyla sülənən yüzlərlə parazitin yanında yaşamaq, onlarla üzləşmək perspektivlərini demirəm.

Bəs nə etməli? Çıxış yolu yoxdurmu? Problemin mahiyyəti də elə bundadır: çıxış yolu lazımdırmı? O cümlədən, bütün çıxış yolları yaxşılığa aparırmı? Ancaq dərin fikirləşib başımızı ağrıtmağa dəyməz. Bizim aforizmimiz, həyat devizimiz budur: “Hətta səni yeyiblərsə narahat olma: yenə də iki çıxış yolun vardır”.

Zamin Hacı/musavat
1747 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39