Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Qarabağ əlilləri 200 manatın ümidinə qalıb

Özünü yandıran Qarabağ qazisi əlillərin problemini bir daha gündəmə gətirdi

Asif Yusifli: «Tam əminliklə deyə bilərəm ki, Zaur Həsənov özünü yandırmasaydı problemi həll olunmayacaqdı»

II qrup Qarabağ əlili Zaur Həsənovun Həmkarlar Ittifaqının qarşısında etiraz olaraq özünü yandırması geniş ictimai müzakirəyə səbəb oldu. Insanlar baş verənləri hakimiyyətin vətəndaşa münasibəti kimi qiymətləndirdi.

Qarabağ qazisi Asif Yusifli bu məsləni ilk olaraq ictimailəşdirdi və sosial şəbəkələrdə qazilərə çağırış etdi. “Qaziləri yandırma” aksiyası təyin olundu və günahkarların cəzalanması tələb edildi.

Hakimiyyət narazılığın yüksəldiyini anladı və Zaur Həsənovun bütün tələblərinin yerinə yetiriləcəyi bildirildi.

Ancaq bu, bütün qazilərin probleminin həll olunduğu anlamına gəlmir və çətin şəraitdə yaşayan Qarabağ əlilləri minlərlədi.

Baş verənlərlə bağlı Qarabağ qazisi Asif Yusiflinin fikirlərini öyrəndik.

- Zaur Həsənovun tələbləri yerinə yetirildi. Bəs, ölkədə ədalətsizliyin qurbanı olan, problemlərlə üzləşən yalnız Zaur Həsənovdurmu?

- Qarabağ əlillərinin köklü problemləri var. Zaur Həsənovun özünü yandırması həm də Qarabağ qazilərinin uzun illər problemlər məngənəsində sıxıldığının göstəricisidir. Xatırlayırsınızsa, 2000-ci illərdə Qarabağ əlilləri böyük aksiyalar keçirdilər, ölüm aclığına başladılar. Sonradan hökumətin zorakılığı nəticəsində bu aksiyalar dağıdıldı və onlara məxsus obyektlər əllərindən alındı. Bundan sonra uzun müddət Qarabağ əlilləri hökumətin “qara siyahı”sına düşdü. Bugün Qarabağ əlilləri öz ailələrini dolandırmaq imkanından məhrumdur. Digər tərəfdən, Qarabağ əlillərinin evsizlik problemi var. Bəli, Qarabağ əlillərinə evlər tikilib, ancaq bu evlərin həm tikintisində, həm də paylanmasında korrupsiyaya yol verilib. Yəni evlər növbəlilik əsasında verilməyib. Kimin pulu var, adamı var, evlə təmin olunub, daha çox evə ehtiyacı olanlar isə ev ala bilməyib. Eyni zamanda bu gün Qarabağ qazilərinin əsas problemlərindən biri işsizlikdir. Təkcə Nərimanov rayonunda 205 Qarabağ əlili var və onlardan 120-si ali təhsillidir. Ancaq bu adamlar işsizdirlər və heç bir dövlət strukturunda işə qəbul edilmirlər.

- Qarabağ əlillərinin hansı imtiyazları var, müavinətlər yetərlidirmi?

- Mən 1-ci qrup əliləm. Şəxsən mən 200 maant müavinət, 110 manat prezident təqaüdü alıram. Hər uşağa görə isə 12 manat uşaq pulu alırıq. Xatırladım ki, bu rəqəmlər son artımlardan sonra olan göstəricidir. Eyni zamanda mənzil, avtomobil verilir. Şəxsən mən uzun illərdi növbədəyəm, hələ ki, ala bilmirəm. Bundan əlavə, əlillərin bərpa mərkəzləri fəaliyyət göstərir. Ancaq əlillərin ailə vəziyyəti elə səviyyədədir ki, bu reallıqda əlilin gedib sanatoriyada dincəlməyi mümkünsüz olub.

- Sizin çağırışınız bu məsələnin müsbət həlli ilə nəticələndi. Ancaq, sizin çağırışınıza bəzi Qarabağ əlilləri dəstək vermədi. Bunu nə ilə izah edə bilərsiniz?

- Ümumiyyətlə, 2000-ci illərdə hökumətlə əlillərin toqquşmasından sonra, Qarabağ əlillərinin fəalları arasında belə bir qərar oldu ki, hökumətlə konfliktlərə getmək olmaz. Çünki əlillərin obyektləri əllərindən alındı, marşrutları ləğv olundu və s. Buna görə də Qarabağ əlillərinin rəhbər şəxsləri, tanınmış simaları arasında bu xətt hakim mövqeyə çevrildi və onlar hökumətlə konfliktə getmək istəmədilər. Ancaq son aksiyadan sonra onlar da etiraf etdilər ki, siz sərt mövqe sərgiləməsəydiz, hökumət bizimlə danışığa gəlməyəcəkdi.

- Zaur Həsənovun tələbləri yerinə yetirildi. Və hökumət bunu Qarabağ əlillərinə qayğı kimi nümayiş etdirdi. Belə yanaşmanı necə qiymətləndirirsiniz?

- Tam əminliklə deyə bilərəm ki, Zaur Həsənov özünü yandırmasaydı onun problemləri həll olunmayacaqdı. Qazilərə yüksək qayğı göstərilən ölkədə, qazi özünü yandırmaz. Sadəcə olaraq gec də olsa hökumət başa düşdü və problemi həll etməyə məcbur oldu. Açığı, bu, təqdirəlayiq haldı və sübut olundu ki, kütləvi etirazla hökuməti öz vəzifəsini yerinə yetirməyə məcbur etmək mümkündür. Biz bəyanatımızda bildirdik ki, Qarabağ əlilləri yenidən təşkilatlanmalı, yeni xətt seçməlidilər. Bunun nəticəsində isə hakimiyyət qarşısında müəyyən tələblər qoyulmalıdı. Hökumət də gözləməməlidir ki, Qarabağ qazisi özünü yandıraraq probleminə çarə axtarsın. Axı niyə görə əlil arabasında olan, sağlamlığını itirən adamlar öz haqqını almaq üçün qarşıdurmaya getməlidilər? Hökumət vəziyyətin bu həddə çatmasına yol verməməlidir və bu hadisəni bir fürsət kimi dəyərləndirməlidir.../azadlıq/
1654 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...