Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Məktəb direktoru müəlliməni beşinci dəfə işdən qovdu

Gülnar Mütəllimova: "Məhkəmə işimə bərpa etsə də, xeyri olmadı..."

Paytaxtın Nizami rayonundakı orta məktəbdə rus dili müəlliməsi işləyən Gülnar Mütəllimova direktordan şikayətçidir. Müəllimənin sözlərinə görə, 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı onu qanunsuz olaraq dəfələrlə işdən çıxarıb. Sonuncu dəfə işdən bir il əvvəl qovulan müəllimə məhkəməyə müraciət edərək hüquqlarını qorumağa nail olub. Amma bu dəfə də 65 yaşı bitdiyi üçün işdən çıxarılıb.

G.Mütəllimova bildirir ki, 2012-ci ilin dekabrında işdən qanunsuz olaraq azad edilib: "Mən Nizami Rayon Məhkəməsinə müraciət etdim, məhkəmə iddiamı təmin etdi. Sonra qarşı tərəf apelyasiya şikayəti verdi, daha sonra Ali Məhkəməyə müraciət etdi. Bütün qərarlar mənim xeyrimə idi, məktəb direktoru məni işə bərpa etməli və dəyən ziyanı ödəməli idi. Dekabrın 25-də məni məktəbə çağırıb işə bərpa edilməyim barəsində əmri göstərdilər, siniflərimi təqdim etdilər, bir saat yubatdılar, dərsə girmədim. Bir saat sonra da başqa bir əmr göstərdilər. Bu, 65 yaşım tamam olduğu üçün işdən çıxarılmağımla əlaqədar idi. Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə uyğun olaraq bağlanmış əmək müqaviləsi ləğv edilməklə işdən azad olunmağım barədə mənə məlumat verdilər. Beləliklə, direktor bir gündə iki əmr verdi və məni yenə də sinfə buraxmadı".

Qeyd edək ki, G.Mütəllimova işlədiyi 62 saylı məktəbdən müxtəlif dövrlərdə qanunsuz olaraq dörd dəfə işdən çıxarılıb. İki dəfə məhkəmənin qərarı ilə, iki dəfə də müxtəlif yerlərə şikayət etdikdən sonra yenidən öz işinə bərpa oluna bilib. Onun dediyinə görə, qanunsuzluqlar 2004-cü ildə Mətanət Cabbarlının məktəbə direktor təyinatından sonra baş qaldırıb. Yeni direktor deputat Məlahət Həsənovanın bacısı olduğundan yuxarı orqanlar onun hər cür davranışına göz yumub: "40 ilin müəllimiyəm. Birinci dəfə məni 2008-ci ildə işdən çıxardı. Səbəb də o oldu ki, mən məktəbdənkənar zeytun ağaclarını belləməyə getmədim. Sonra məhkəmə qərarı ilə işə qaytarıldım. Bundan sonra daha iki dəfə işdən çıxarılmışam. Yaxşı adamların hesabına yenə işə qayıtmışam".

Sonuncu dəfə isə müəlliməni ötən ilin dekabrında dərs hissə müdirini təhqir etmək adı ilə işdən çıxarıblar: "İşimə baxan bütün hakimlər ədalətli qərar çıxarıb. Hamısı mənim işə bərpa olunmağımla bağlı qərar verdi, sonda da 65 yaşla bağlı yenə işdən çıxarıldım".

G.Mütəllimova bildirir ki, 62 saylı məktəbdə direktor tərəfindən özbaşınalıq və qanunsuzluq davam edir: "Şagirdlərdən qanunsuz pullar yığılır, köhnə müəllimlər incidilir. Müəllimlər də, valideynlər də dəfələrlə şikayətlər etmişik yuxarı orqanlara. Bunun bacısı deputatdır deyə, müdaxilə etmirlər, şikayətlərin, problemlərin hamısı ört-basdır olunub".

Bununla belə, işdən çıxarılan müəllimə məktəbdə müəllimlərin incidilməsi faktları ilə bağlı növbəti dəfə Təhsil Nazirliyinə müraciət edəcəyini bildirir. /musavat/
1620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:34
Ərbə