Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Polislər gah mandarin götürürlər, gah alma – Video

Yeni il qabağı qiymətlərin marketlərdə od-tutub yandığı bir vaxtda Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Bakının bir-neçə rayonunda Yeni il yarmarkası təşkil olunub. Dekabrın 28-dən üzünü alıcılara açan bu yarmarkalar ayın sonuna kimi davam edəcək. Yarmarkalardakı qiymət fərqini öyrənmək üçün “Axar.az” olaraq Binəqədi rayonu 6 saylı peşə liseyinin yaxınlığında keçirilən yarmarkada olduq.

Əvvəlcə satıcılara yaxınlaşıb onların hansı rayonlardan gəldiyini və satışın onları qane edib-etmədiklərini soruşduq.

Məlum oldu ki, burda super marketlərdəki “yaraşıqlı” meyvələrdən fərqli olaraq, orqanik məhsullar satılır. Yerli məhsulların qiyməti isə market qiymətlərindən 40-50 qəpik civarında fərqlənir. Amma rayon qiymətlərindən xeyli bahadır. Burda demək olar ki, Astara rayonundan tutmuş Quba-Xaçmaz, Gədəbəy, Qəbələ - hansı rayondan istəsən, satıcı tapa bilərsən. 

Qubanın ağ alması

Rüfətin 17-i yaşı var. İşi-gücü alma satmaqdır. Yarmarkaya gətirdiyi məhsulu rayondan alıb burda satır. Almanın 10 kq-ını  4 manata alıb, yarmarkada 3 kq–nı 1 manata satır. 

Dediyinə görə, Tv-lərdə yarmarkanın nə zaman olacağından xəbər tutan kimi almalarını da yığıb gəlir yarmarkaya. Burda isə nə yer pulu verir, nə də rüşvət.

Müştərisiz yarmarka

Yarmarkada alıcıdan çox satıcı var, elə ona görə də burda alıcılıq qabiliyyəti çox zəifdir.  Satıcılar da bundan gileylənir.

Bərdə rayon sakini Heybət Muradov bunu son zamanlardakı bahalaşma ilə əlaqələndirir.

Kənd Təsərrüfatı nümayəndəsi hədə-qorxu gəldi

Heybət Muradov yarmarkanın iki yerə bölündüyündən danışır. Yarmarkanın qismən alıcı gur olan tərəfinin heç bir rayondan gəlməyən, burda yaşayan satıcıların ixtiyarında olduğunu deyir. Amma bu yarmarkanın digər yarmarkalardan fərqli cəhəti də var:

“Təkcə bu yarmarkada satıcılardan yer pulu istəmirlər. Sağ olsunlar, yaxşı adamlardır. Qalan yarmarkalarda yerli alverçilər çoxdur, gəlmələrdən də 5-10 manat yer pulu istəyirlər. Yarmarkaya alma, mandarin, çuğundur, gətirmişəm. Dörd həftədir burdayam, bir düz-əməlli alver eləyə bilməmişəm. Satdığım da ancaq benzin pulunu çıxarır. Qazellə yola 50 manat benzin yandırıram. Yolda da saxlayanda polislər görürlər maşının içində mal var, gah mandarin götürürlər, gah alma götürürlər. Bayram günüdü, ancaq heç nə sata bilmirik, camaatda pul yoxdur. Alıcılıq qabiliyyəti çox aşağıdır. Görürsüz, alıcı yoxdur, hamsı satıcıdır. Bahalıqdı. 50 qəpiyə mandarin, xırnik alan yoxdur”.

Bərdə rayonundan gələn satıcının ürəyi dolu olduğundan üzləşdiyi problemlərdən, gündəlik dolanışığından narazılıqla danışmağa başladı və bu da Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Fazil Əliyevi əməlli-başlı əsəbiləşdirdi, bərdəli satıcıyla dilləşdi və əlavə etdi ki, o, nazirlik nümayəndəsi olduğundan ona heç kim heç nə edə bilməz.

Sən kimsən ki, danışırsan, get işinlə məşğul ol

“Mən həqiqəti danışıram”,- deyən satıcıya nazirlik nümayəndəsinin “Yaxşı, həqiqəti de. Biz həqiqəti göstərərik sənə. Sən kimsən ki, danışırsan, get işinlə məşğul ol”,- deməsi ilə Heybət Muradov da susdu.

Nazirlik nümayəndəsi ilə satıcının mübahisəsinin  böyüyəcəyini görüb məsələni yüngülləşdirməyə çalışdıq. Satıcıya göstərilən təhdidin necə nəticələr verəcəyinə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri heç bir cavab verməyərək oradan uzaqlaşdı.

Yarmarkadakı bütün məhsulların qiymətini öyrənməyə çalışdıq. Bir balaca araşdırma aparıb dükan məhsullarından nə qədər fərqləndiyini öyrənmək üçün marketlərə üz tutduq. 

Binəqədi rayonu 6 saylı peşə liseyinin qarşısında təşkil olunan yarmarkadakı məhsulların qiymətləri ilə şəhərin digər yerlərində satılan məhsulların qiymətini müqayisə etməyə çalışdıq.

Nəticəni təqdim edirik:

Mandarin (yarmarka): - 0.80 qəp. Yarmarkdan kənar: - 1 m – 1.50 qəp.

Alma (yarmarka): - 0.50 qəp – 1 m. Yarmarkadan kənar: - 0.70 qəp – 2.30 qəp.

Alma (qızıləhmədi): - 0.80 qəp. Yarmarkadan kənar: – 2 man.

Nar (Yarmarka): - 1m-1.50 qəp. Yarmarkadan kənar: - 1.30 – 2.80 qəp.

Heyva (yarmarka): - 0.60 qəp. Yarmarkadan kənar: - 1.30 qəp. - 2 man.

Kartof (yarmarka): - 0.60 qəp. – 1man. Yarmarkadan kənar: - 1.10 – 1.20 qəp.

Soğan (yarmarka): - 0.50 qəp. Yarmarkadan kənar: - 1.40 – 2 man.

Sarımsaq (yarmarka): - 1man. Yarmarkadan kənar: - 1.50 qəp.

Kök (yarmarka): - 0.70 qəp. Yarmarkadan kənar: – 1 man.

Kələm (yarmarka): - 0.35 qəp. Yarmarkadan kənar: – 0.50 qəp.

Şabalıd (yarmarka): - 4 -5 man. Yarmarkadan kənar: - 5 man. 

 

 

1793 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi