Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Benzin mafiyasının şok gizlinləri

Rəsmi statistikaya əsasən, ölkədəki milyon yarım avtomobilin hərəsi 2013-cü ildə cəmi 3,3 litr benzin işlədib, bu isə 2-3 milyard manatın mənimsənilməsi deməkdir; 2013-cü ilin iqtisadi yekunlarının analizi acınacaqlı reallıqları ortaya qoyur...

2013-cü il bitir. Bütün sahələr üzrə ilə yekun vurulur, dəyərləndirilir və təftiş edilir. Bu da təbiidir - 12 aylıq fəaliyyət dövrünün dəyərləndirilməsi növbəti mərhələyə hazırlıq baxımından çox faydalıdır. Ona görə də ilin iqtisadi yekunlarını ümumiləşdirmək və qiymətləndirmək zərurəti yaranıb.

2013-cü il iqtisadi sektorda nə ilə yadda qaldı? Rəsmi statistikaya görə, ilin ilk 11 ayında inflyasiya 2,2 faiz olub. İqtisadi Tədqiqatlar Mərkəzinin hesablamalarına görə isə, istehlak qiymətlərində artım 9,92, ərzaq inflyasiyası isə 18 faiz olub.
“Turan” analitiklərinin fikrincə, istehlak qiymətləri indeksinin analizi və dünya praktikasının öyrənilməsi göstərir ki, Statistika Komitəsi qiymət indeksi üzrə formal metodikanı rəhbər tutur. Bu isə hesabat dövründə satılan malların hesabat dövründəki qiyməti ilə bazis dövrünə nisbətən qiymət dəyişməsini nəzərə alır. Bu metod mallara tələbatın artım və azalması da daxil bazar münasibətlərinin bütün spektrini əhatə etmir. Müstəqil ekspertlər əhalinin cəmi 5 faizinin yoxsul olması barədə fikri ilə razılaşmırlar. Onların qənaətincə, beynəlxalq təsnifata görə, əhalinin çoxu varlı və ya orta təbəqəyə aid deyil, çünki gəlirinin üçdə ikisini ərzağa xərcləyir.

2013-cü il hökumət iqtisadiyyatın şaxələnməsi istiqamətində uğur qazanmadı və qeyri-neft sektoru dövlətin gəlirlərinin artmasına töhfə verə bilmədi. Hərçənd qeyri-neft sektorunda artım 10 faiz, neft sektorunda isə cəmi 1 faiz olub.

Maliyyə sektorunun vəziyyəti ümumi iqtisadi sistemi güzgü kimi əks etdirir: 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 1991-ci ildən üzü bəri ilk dəfə 4 faiz azalacaq. Gələn il hökumət dövlət büdcəsinin gəlirlərini 18 milyard 384 milyon manat müəyyən edib. Bu, cari ilin proqnozundan 775 milyon manat azdır. Xərclər hissəsi 20 milyard 063 milyon manat planlaşdırılır. 2014-cü ildə dövlət büdcəsinin kəsiri bu illə müqayisədə 1 milyard manat artaraq 1 679 milyon manata çatacaq.

Rəsmi məlumatlar enerji sektorundan kənarda iqtisadiyyatın real inkişaf mənzərəsini əks etdirmir. Bu, qeyri-leqal iqtisadiyyatın böyük miqyasda qaldığını göstərir. Məsələn, yanacaq bazarı üzrə məlumatlar göstərir ki, bazarın cəmi 10 faizi leqaldır. Statistikaya əsasən, ölkədəki milyon yarım avtomobilin hərəsi 2013-cü ildə 3,3 litr benzin işlədib. Bu isə 2-3 milyard manatın mənimsənilməsi deməkdir.

İqtisadiyyatın bütün sahə və seqmentləri bu vəziyyətdədir. Bu, gizli iqtisadiyyatın dövriyyəsinin milyardlarla olmasını göstərir. Amma hökumət bu iqtisadiyyatı leqallaşdırmaq əvəzinə, 2014-cü ilin büdcəsini istehlakçıların hesabına doldurmaq istəyir. 2013-cü ilin 2 dekabrında Tarif (qiymət) Şurası benzin və dizel yanacağının qiymətin 30 faiz bahalaşması ilə bağlı qərar qəbul etdi. Gələn ilin əvvəlində kommunal xidmətlərin və nəqliyyatda gediş haqlarının bahalanması gözlənilir. Bazarların qarşılıqlı təsiri qanununa əsasən, Azərbaycanda təkcə tənzimlənən mal və xidmət qiymətləri yox, başqa qiymətlər də artacaq. İqtisadçılar 2014-cü ildə ikirəqəmli inflyasiyanın labüd olduğunu bildirir. Bu da yoxsulluq səviyyəsinin və sosial gərginliyin daha da artmasına səbəb olacaq.
Vergi intizamı, de-ofşorizasiya, iqtisadiyyatın leqallaşdırılması, inhisarların ləğvi, ədalətli rəqabət, kapital amnistiyası ötən il müzakirələrdən kənarda qaldı. 2013-cü ildə iqtisadiyyatın əsas problemi korrupsiya, artan inhisarçılıq və real rəqabətin olmamasıdır. Anti-korrupsiya tədbirləri kampaniyaçılıq həddini aşa bilmədi, süni inhisarlar isə bazarda mövqelərini daha da gücləndirdilər. Hökumətin cavabdeh strukturları isə ənənəvi olaraq “susmaq” taktikasına üstünlük verdi.

“Transparensi İnterneşnl”in 2013-cü il üçün rəyi də maraqlıdır. Ona əsasən, korrupsiyanı qavrama indeksinə görə, Azərbaycan 11 ildir cədvəlin aşağısında - Rusiya, Nikaraqua, Mali və Pakistanla yanaşıdır.

Nəhayət, islahatlar barədə. 2013-cü ildə iqtisadi islahatların aparılması və iqtisadiyyatın liberallaşdırılması ümidlər çox zəif idi. Yekun nəticələr göstərdi ki, hökumətin iqtisadiyyatı liberallaşdıracağına inanmayan ekspertlərin mövqeyi haqlı imiş. İqtisadiyyat nəinki liberallaşdı, əksinə, idarəetmədə inzibati alətlərin çəkisi daha da artdı. Hökumət başçısı kommunal sektora daxil olan müəssislərin özəl şirkətlərin idarəetməsinə verilməyəcəyini və dövlətin inhisarında qalacağını bəyan etdi. Bu onu göstərir ki, iqtisadiyyatın tənzimlənməsində inzibati alətlərin çəkisi artmaqda davam edəcək.

2013-cü ili belə ümumiləşdirmək olar: çoxşaxəli iqtisadiyyata keçid baş vermədi, neft gəlirləri hökumətin yeganə gəlir mənbəyi olaraq qaldı, yanacaq bahalaşdı və başqa sektorlarda da bahalaşmaya zəmin yarandı, korrupsiya və rüşvət şəbəkələri toxunulmaz qaldı, inhisarlar bazarda mövqelərini bir az da möhkəmləndirdi. Bir sözlə, iqtisadi problemlərin həllində 2013-cü il də itirildi. /musavat/
1839 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber