Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

“Yan, yan, şən yolka”...

Yuxarı- Zamin Hacı yazır

Zaur Həsənov cəmi iki gün tələsdi, yoxsa 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü adlı uydurma bayram günündə də ölə bilərdi və bayrama xüsusi rəng qatardı. Ancaq Səttar Mehbalıyev demişkən, ta neyləmək olar. Ölən öldü, qalan sağlar bizimdir. Bir üzümüz güləndə, gərək o biri üzümüz ağlasın. Dünən tam o mənzərə var idi: Sumqayıtın qənnadı icra başçısı Eldar Əzizov prezidentin 52 yaşı münasibətiylə bişirtdiyi 52 metrlik tortun açılışını yapırdı. Bibiheybətdə qaziyə ağlayanlarla Sumqayıtda torta cumanlar eyni millətin övladları deyildimi? Eyni idi.

Mən hətta başqa xırda, lokal sevinclər və kədərlər də gördüm. Məsələn, yanından keçdiyim parkda Qar qız geyimli çəlləyə bənzər qadın deyirdi: “Şaxta Baba, bir bax, gör Binəqədinin icra hakimiyyəti bizə Yeni il üçün necə şərait yaradıb!” Saqqalının bir tərəfinin yapışqanı qopduğundan əliylə tutan kösöv kimi qara Şaxta Baba da estafeti dərhal qapırdı: “Bəli, əziz uşaqlar, gəlin burda bizə yaratdığı şəraitə görə Binəqədinin icra hakimiyyətinə, şəxsən icra başçısı Xaləddin müəllimə dərin minnətdarlığımızı bildirək!”
Həmin parkın böyründə səkidə lavaş və qoz boyda narlar satan qarı soyuqdan büzüşmüşdü.

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Şübhəsiz. Qarabağ da elə bu cür getdi. O rayon deyirdi bu rayon hardadır, bu rayon güllə atanda o rayon atəşkəs sazişi bağlayırdı. Televizorda çıxış edən döyüşçülərin ənənəvi müraciət forması var idi: “Burdan üzümü tuturam o Bakıda çayxanalarda oturan oğlanlara, deyirəm gəlin bura, kişilik meydanı buradır”. Gələn də oldu, gəlməyən lap çox oldu. Axırda gələnlər də yarı canlarını götürüb Bakıya qayıtdılar və... çayxana açdılar. Sonra Hacıbala çıxdı, çayxanaları sökdü.
Lap axırda hamı gəldi yığıldı Bakıya, bir evli kimi olduq. Doğmalıq yarandı. Bir az da sıxlaşdıq, mehriban olduq. Dünya azərbaycanlılarının həmrəylik günü beləcə yarandı.
Daha sonra Elçibəy tarixi sözünü söylədi: “Tankın, topun qabağında duran oğullar pulun qabağında dura bilmədilər”. Hərçənd, Elçibəyin bu sözü dediyi vaxtlarda respublikanın elə bir pulu da yox idi, rəhbərlik Sorosdan tutmuş Rəfsəncaniyə qədər min cür tipdən pul dilənirdi. Pullar sonra gəldi. Bakı-Ceyhan kəməri ilə gəldi. Sel kimi, sunami kimi gəldi və millətin yarısı boğuldu. Yarısı da boğulanların videosunu çəkib Youtube-a qoydu. Əsl əyləncə indi başlamışdı. Maraqlı günlər idi. Alov qüllələrinin divarlarında özünü yandıran Qarabağ qazilərinin videosu proyeksiya edilirdi. Taun var idi, ancaq ziyafət də var idi! Nə olsun Şuşa getmişdi, əvəzində “Şuşa” şadlıq sarayı və “İsa bulağı” restoranı, həmçinin “Cıdır düzü”, “Xarı bülbül” və sairə və ilaxır kimi obyektlərimiz yaranmışdı. Əslində olandan da gözəl, daha yaraşıqlı, daha maraqlı, məzmunlu, yemək-içməkli... Belə baxanda Qarabağ “daşlı-kəsəkli yer idi”. Səttar müəllimin obyektləri Qarabağdan qəşəng görünür.

Lakin son günlərdə bəzi dilxorçuluq əlamətləri müşahidə edilir. Neft istehsalımız azalır, buna görə ARDNŞ 5-6 min işçisini ixtisar edəcək. İşdən çıxarılanlar qazmaçılar imiş. Daha quyu qazmaq lazım deyil, indi qaz zəmanəsidir. Rövnəq əkə - şanlı SOKAR şefi özü belə deyibdir: “Azərbaycanın gələcəyi qazla bağlıdır və ölkənin qaz infrastrukturunu inkişaf etdirməliyik”. Sitatın sonu.

Əgər düşünürsünüzsə ki, bir neçə il də qazla oynayıb başımızı qatacağıq, yanılırsınız. Qaz neft deyil. Dəfələrlə ucuz bir şeydir. Üstəlik, bunu sifətinə yaxmaq da mümkün deyil, uzağı şara doldurub buraxmaq olar. Şar çox olsa altına səbət bağlayıb uçmaq, Holland sindromu ilə qəfil üzləşmiş azərbaycanlılara yuxarıdan gülmək də mümkündür. Təbii, bir üzün ağlamaq şərtiylə.

Bunun multfilmi də var, bir qoca kişinin evini Hacıbala kimi tiplər ekskavatorla uçurtmağa gəlirlər, kişi çoxlu şarı bağlayıb evini uçurdur, gedir Güney Amerikaya, Cənnət şəlalələrinin yanına. Yəni uçmaq da bizim dildə ikiüzlü şeydir.
Eynilə yanmaq feili kimi. Necə deyərlər, “Yan, yan, şən yolka”...

Zamin Hacı/musavat
1863 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı