Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2013

Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur

Qurbanlıq heyvanlarla yanaşı, ərzaq məhsulları da bahalaşmağa başlayıb; ekspertlər bunu süni amillərlə izah edir...

Hər il müsəlmanların müqəddəs bayramı hesab edilən Qurban bayramı ilə əlaqədar olaraq paytaxtda, eləcə də bölgələrdə ətin və ərzaqların qiymətində bahalaşma müşahidə edilir. Qarşıdan gələn bayramın ən vacib əməli sayılan qurbanlıq qoyun kəsmək - müsəlman aləmində bu əlamətdar günün atributuna çevrilib. Bu üzdən artıq rayonlardan heyvan gətirən işbazlar bayramda qiymətləri ən azı 25-40 faiz bahalaşdırmaq barədə düşünürlər.

Reallıq belədir ki, əhalinin əksər kəsimi imkansızlıqdan qurbanlıq ala bilmir. Bazarlarda isə xırda buynuzlu heyvanlarla yanaşı, mal ətinin qiymətində də qalxma müşahidə edilir. Bayram yaxınlaşdıqca, çoxlu sayda xırda buynuzlu heyvanlar ölkənin müxtəlif rayonlarından satılmaq üçün paytaxta gətirilsə də bazarlarda qiymətlər yenə yuxarıdır.
Məlumdur ki, təkcə Azərbaycan yalnız bayram günlərində deyil, daim ət məhsullarına güclü tələbatı ilə seçilən ölkələrdəndir. Bir çox müsəlman ölkələrində bayram günlərində mal-qaranın qiymətində endirimlər edilir. Azərbaycanda isə hər il bunun əksi müşahidə olunur və ətin qiyməti əvvəlki günlərə nisbətən bahalaşdırılır.
Bayramın yaxınlaşması bazarda ərzağın qiymətində də süni artıma stimul verib. Ət bazarında və mağazalarda ərzaqların qiymətini öyrənmək üçün bir neçə yerə baş çəkdik.
Təbriz küçəsi ərazisində yerləşən ət dükanının sahibi Firdovsi hələ ki ətin qiymətinin dəyişməz qaldığını bildirdi. O, mal ətini 8 manata, quzu ətini isə 10 manata satdığını dedi: “Hələ ki kilo ilə satdığımız ətin qiymətini bahalaşdırmamışıq. Amma çox güman ki, bayrama 1 və ya 2 gün qalmış qiymətlər artacaq. Biz də kəsmək üçün heyvanı gedib kənddən gətiririk. Qurban bayramı ərəfəsi olduğu üçün kənddə heyvanı baha satırlar. Qurbanlıq qoyunlar da satırıq. Onların qiymətində isə artım etmişik”.
Bu zaman qurbanlıq qoyun almaq üçün gələn müştəri Asəf Əliyev heyvanı indidən almağın sərfəli olduğunu söyləyir: “Qurbanlıq heyvanı indidən alıram. Çünki indi bahadırsa, qurban bayramı günü iki qat baha olacaq. Ona görə də almaq istəyənlərə məsləhət görərdim ki, indidən alsınlar”. O, qəssabla uzun-uzadı müzakirədən sonra razılığa gəlir və heyvanı 200 manata alır.
Digər ət dükanında çalışan qəssab Namiq isə ətin qiymətini 50 qəpik bahalaşdırdıqlarını dedi: “Əvvəllər mal əti 8 manata, indi isə 9-a, qoyun ətini isə 10 manat 50 qəpiyə satıram. Qurban bayramından sonra qiymət əvvəlki kimi olacaq”.
Yağın, südün, süd məhsullarının qiymətlərində də müəyyən artım var. Həmçinin kənd təsərrüfatı məhsullarının qiyməti qalxıb. Xüsusən də kartof, soğan, xiyarın qiymətində artım müşahidə edilir. Satıcılar bahalaşmanın Qurban bayramı ilə əlaqəli olduğunu deyirlər.
“8-ci kilometr” bazarının satıcılarının sözlərinə görə, əsl bahalaşma bayrama bir gün qalmış olacaq: “İndi qiymətlərdə elə də artım yoxdur. Biz də istəmirik qiymətlər qalxsına. Ancaq bizdən asılı deyil. Bizə də yerindən baha satırlar”.
İqtisadçı ekspertlər isə süni qiymət artımının olmasını vurğulayır. Onların qənaətincə, kəsim üçün heyvanların, ətin qiymətindəki artımlar, eləcə də ətin qiymətinin mövcud səviyyəsi heç də bazarın diktə etdiyi qiymət artımları deyil. Bu fonda bildirilir ki, ətin qiymətinin azalması o zaman mümkündür ki, süni baryerlər aradan qaldırılsın və ölkə daxilində qiymətin bazar tərəfindən tənzimlənməsi həyata keçsin. Əks halda, təbii ki, yüksəlmənin qarşısını almaq mümkün olmayacaq.
Burada isə əsas rol bazara nəzarət edən inhisarçılara və Qurban bayramından istifadə edərək daha çox qazanc götürməyə çalışan alverçilərə məxsusdur. Digər tərəfdən, o da qeyd olunur ki, hər il qış qabağı ətin qiymətinin qalxması artıq adət halını alıb./Müsavat

• Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur  Yüklə
• Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur  Yüklə
• Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur  Yüklə
• Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur  Yüklə
• Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur  Yüklə
• Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur  Yüklə
1805 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:12
İtaliya