Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Rusiya terror şokunda - Foto

Vağzaldan sonra trolleybus partladıldı; ekspertlər terror dalğasının davam edəcəyini deyir

«The Independent»: "Rusiya Şimali Qafqazda sülhə nail ola bilməyəcək"

Dekabrın 30-u səhər saatlarında Volqoqradda növbəti terror aktı həyata keçirilib. Şəhərin mərkəzindən mikrorayona hərəkət edən trolleybus partladılıb. Qeyd edək ki, trolleybusun hərəkət etdiyi mikrorayonda bir gün qabaqkı terror aktında yaralananların olduğu 25 saylı xəstəxana yerləşir. Güclü partlayış nəticəsində trolleybus parça-parça olub. Şahidlər bildirib ki, trolleybusda çoxlu sayda tələbə olub. Yerli tibb məntəqəsindən deyiblər ki, partlayışda 14 nəfər ölüb, 23 nəfər yaralanıb. Onlardan 11 nəfəri yerində keçinib. İki nəfər xəstəxanaya aparılarkən, biri isə xəstəxanada həyatını itirib. Yaralananlardan biri südəmər uşaq, biri hamilə qadındır. Ehtimallara görə, partlayıcı trolleybusun salonuna qoyulub. Hadisə ilə bağlı “terakt” və “qanunsuz silah dövriyyəsi” maddələri üzrə cinayət işi açılıb.

Yenə terrorçu-kamikadze

Xatırladaq ki, bir gün öncə dekabrın 29-da Volqoqrad şəhərində dəmiyol vağzalında daha bir terakt törədilmişdi. Bu partlayış nəticəsində 17 nəfər dünyasını dəyişib, 34 nəfər isə ağır xəsarət almışdı. Region rəhbərliyi baş verən hadisələrlə bağlı dekabrın 30-dan yanvarın 3-nə qədər beş günlük matəm elan edib. Dövlət telekanallarındakı bəzi əyləncəli verlişlər ləğv olunub. Volqoqradda baş verən teraktlarla bağlı yaradılan İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin hər iki partlayışın əlaqəli olduğunu bəyan edib: «Əminliklə demək olar ki, partlayıcını terrorist kamikadze işə salıb. Onun bədənin hissələri artıq ekspertizaya göndərilib. İstintaq trolleybusa yerləşdirilən partlayıcının uzaqdan pultla işə salındığı ehtimalını təkzib edir». İkinci terakt nəticəsində də ölənlərin yaxınlarına kompensasiya veriləcək. Teraktlar nəticəsində ağır xəsarət alanların FHN-in vertolyotları vasitəsilə paytaxta gətirilməsi üçün göstəriş verilib.

Soçi Olimpiadası təhlükədə

Trolleybusa yerləşdirilən partlayıcının da vağzaldakı teraktdakı kimi gücü 10 kq trotil ekvalentində olub. Təhlükəsizlik ekspertləri Soçi Olimpiadası ərəfəsində Rusiyada oxşar teraktların törədilə biləcəyini proqnozlaşdırırlar. Hazırda bütün Rusiya ərazisində, xüsusilə Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib. Bununla bağlı dövlət başçısı Vladimir Putin Milli Antiterror Komitəsinə xüsusi göstəriş verib. Putin istintaqın gedişatı barədə ona birbaşa məruzə edilməsini istəyib. Eyni zamanda Volqoqrad vilayətinin Kalaç şəhərində və yaxın ərazilərdə yerləşən daxili qoşunların hissələri, ordu birləşmələri vilayətin daxili işlər nazirliyinin tabeçiliyinə verilib. Volqoqradda baş verən partlayışlarda istifadə olunan hər iki bombanın oxşarlığı hər iki teraktın bir mərkəzdən idarə olunduğunu deməyə əsas verir. Milli Antiterror Komitəsinin fövqəladə toplantısında Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşov atılacaq addımlarla bağlı göstərişlər verib. MAK-ın rəhbəri Aleksandr Bortnikov Putinin göstərişi ilə Volqoqrada gəlib. Maraqlıdır ki, təhlükəsizlik qüvvələri Volqoqradakı ilk terror aktından sonra təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bəyan etsələr də 30-dakı ikinci terakt bunun əksini deməyə əsas verir. Baş verən teraktlardan sonra şəhərdə ciddi təşviş hökm sürür.

«Yeltsin və Putinin səhvləri regiona baha başa gəlir»

Xarici KİV-lərdə gedən məlumatlarda isə vurğulanır ki, Rusiya hakimiyyəti artıq ölkənin cənubunda baş verən proseslərə nəzarəti itirib. «The Independent»ə görə Rusiyanın bundan sonra Şimali Qafqazda sülhə nail olması çətin olacaq. «Çünki ölkənin sadəcə olaraq hazırkı sərt idarəetməni davam etdirmək üçün insan resursu yoxdur», deyə qəzetdəki məqalədə vurğulanır. «The Guardian»a görə isə Rusiya 7 il əvvəl Soçidə Olimpiada keçirmək hüququnu qazanan zaman artıq bu beynəlxalq oyunun taleyini təhlükə altına qoymuşdu: «Yeltsin və Putinin səhvləri regiona kifayət qədər baha başa gəlib. Soçi Olimpiadasında bu «qiymətin» daha da artması gözlənilir».


1552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı