Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Gülənin qəzeti Ərdoğanın “əl-Qaidə”çi ərəblə gizli işbirliyindən yazdı

"Taraf" qəzeti Türkiyənin baş nazirini çox pis vurdu

Türkiyədə Fətullah Gülənə bağlı “Taraf” qəzeti özünün 30 dekabr tarixli sayının manşetində baş nazir Rəcəb Tayyib Ərdoğana qarşı şok kompromat yayıb.

Qəzetin yazdığına görə, uzun müddət beynəlxalq axtarışda olan, “əl-Qaidə” terror təşkilatının sponsorlarından biri kimi BMT Təhlükəsizlik Şurasının xüsusi komitəsinin siyahısında yer alan Səudiyyə Ərəbistanı vətəndaşı, zəngin iş adamı Yasin əl-Kadi Ərdoğanın mühafizə xidmətinin avtomobillərində bir neçə dəfə qanunsuz yolla Türkiyəyə daxil olub və çıxıb.

Virtualaz.org saytı xəbər verir ki, bu fakt çirkli pulların yuyulması, korrupsiya və rüşvət ittihamları ilə İstanbul cümhuriyyət prokuroru Muammer Akkaş tərəfindən aparılan istintaq çərçivəsində aşkar olunub.

Xəbər verildiyi kimi, ötən həftə prokuror Akkaş bu iş üzrə aralarında baş nazirin oğlu Bilal Ərdoğan da olmaqla bir qrup şəxs, o cümlədən Yasin əl-Kadi barəsində həbs və istintaqa çağırış sanksiyası verib. Lakin polis prokurorun sanksiyasına əməl etməyib və siyahıda yer alan 40-dan çox şəxs həbs edilməyib.

Müəyyən olunub ki, Səudiyyə Ərəbistanından olan iş adamı Yasin əl-Kadi istintaqın başladığı tarix olan 2012-ci ilin fevralından başlayaraq BMT-nin terrora dəstək verən şəxslərin siyahısından çıxarıldığı tarixə - 5 sentyabr, 2012-ci ilə qədər səkkiz aylıq müddət ərzində qanunsuz yolla dörd dəfə Türkiyəyə girib. Baxmayaraq ki, Türkiyə Nazirlər Kabinetinin qərarına əsasən Yasin əl-Kadi və terrora dəstək verən digər şəxslərin ölkəyə girişi qadağan idi.

Buna baxmayaraq Yasin əl-Kadi baş nazirin mühafizə xidmətinə məxsus avtomobillərin müşayiəti ilə ölkəyə daxil olub və hərəkət edib. Yasin əl-Kadinin Ərdoğanın mühafizə xidmətinə məxsus olan “miqalka”lı avtomobilə mindiyi görüntülənib və qəzet bu kadrlardan birini yayıb. Həmin görüntülər M.Akkaşın apardığı cinayət işinin dosyesinə daxil edilib.

Adı “əl-Qaidə”yə yaxın şəxslər arasında keçən digər ərəb iş adamı Üsamə Kutub da həmin müddət ərzində Yasin əl-Kadi ilə birlikdə Türkiyədə olub.

İddiaya görə, Yasin əl-Kadi qanunsuz yolla Türkiyəyə daxil olaraq "Bosphorus 360" kimi bəzi şirkətlərin idarə heyətlərinin toplantılarına qatılıb. Y.əl-Kadinin görüşdüyü şəxslər arasında Ərdoğana yaxın iş adamları var. Onu baş nazirin mühafizəçisi olan polis məmuru İbrahim Yıldız qarşılayıb.

Y.əl-Kadinin Türkiyədəki biznesini oğlu Muaz Kadıoğlu vasitəsilə idarə etdiyi bildirilir.

İstintaq müəyyən edib ki, Yasin əl-Kadiyə məxsus “Bosphorus 360” adlı şirkət İstanbulun Etiler səmtində polis məktəbinə aid olan, bazar dəyəri 1 milyard dollar hesab edilən ərazini tender keçirilmədən 460 milyon dollara alıb.

Yasin əl-Kadi Türkiyəyə qeyri-leqal yolla daxil olarkən beynəlxalq axtarışda olub. Onu Türkiyəyə baş nazirə yaxın iş adamlarından Latif Topbaşın özəl təyyarəsi gətirib. Yasin əl-Kadi Türkiyəyə gələndə aeroportlardakı müşahidə kameraları söndürülüb, qonaq VİP keçiddən keçirilib və ona qarşı nə pasport, nə də viza yoxlaması tətbiq edilməyib.

Yasin əl-Kadinin izlənməsi nəticəsində məlum olub ki, şirkətlərindən birinin idarə heyətinin toplantısına qatıldıqdan sonra onun maşınına iki böyük çanta pul qoyulub. Ərəb iş adamı bu pulları qanunsuz yolla Türkiyədən çıxarıb.

Yasin əl-Kadi 2001-ci il, 11 sentyabr terror hücumlarının ardınca BMT Təhlükəsizlik Şurasının terrorla bağlılığı olan şəxslərə qarşı sanksiyalar tətbiq etmiş xüsusi komitəsinin (The Al-Qaida Sanctions Committee) siyahısında “əl-Qaidə”yə bağlı şəxslər siyahısında yer alıb. Həmin siyahıda Yasin əl-Kadi “əl-Qaidə”ni maliyyələşdirən şəxslərdən biri kimi göstərilib. Ərdoğanın Yasin əl-Kadi ilə yaxınlığı və onunla görüşdüyü çoxdan məlum idi. Baş nazir isə vaxtilə bu ərəb iş adamını müdafiə edərək onun adının BMT siyahısında yer almasını “əsassız” saymışdı.

Beləliklə, Muammer Akkaşın apardığı istintaqdan qəzetə ötürülən sensasion dəlil Türkiyədəki rüşvət və korrupsiya əməliyyatının şəxsən baş nazirə qədər uzandığını təsdiq edir. Hələlik Ərdoğan onun mühafizə xidmətinin avtomobilində “əl-Qaidə”yə dəstək verən şəxsin nədən gəzdirildiyinə aydınlıq gətirməyib. Qeyd edək ki, prokurorun həbs sanksiyası çıxarılanda Yasin əl-Kadinin Türkiyədə olduğu, lakin məlumatın sızdırılması nəticəsində onun qaçdığı bildirilir.

1547 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...