Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Əİiyev, yoxsa Azərbaycan?

Sual ritorik deyil, acı bir faktdır...
2013- ci il seçkilərindən sonra çox müşahidəçilər belə fikirləşirlər. Kim birinci gedəcək, Azərbaycan, yoxsa İlham Əliyev? Şahsevən Şərq təxayüllü yaltaq məmurlar və onların saxladığı qələm nökərləri ata Əliyevi əbədiləşdirməklə oğul Əliyevin ömrlük, nəsil Əliyevlərin əsrlik hakimiyyətlərindən danışırlar. Çünki Əliyevlərin mövcudluğu avtoritar rejimin görünməyən formalarda şaxələnməsi, qohumun qohumu, qudanın qudanı və vəzifə biznesinin üç-dörd qat gəlir gətirməsi ilə zənginləşir. Əzilənlər daha çox əzilir, forma və vasitələr dəyişdirilmədən rəqiblər həbsxanaya atılır, vəzifə dəyişikliyi ayrı-ayrı sahələrdə dəyişikliyə deyil, yığılmış, zəbt olunmuş mülkiyyətin yenidən, birtərəfli qaydada bölünməsinə xidmət edir.

Stalin... Hitler... yalan həqiqətlər...
Əlbəttə, heç bir avtoritar rejim yalnız gücə arxalanmır. İki diktatorun və iki barışmaz düşmənin - İosif Stalinin və Adolf Hitlerin yaratdığı rejimlərin nəyin üstündə dayandığına diqqət yetirək. Hər iki ölkədə rejimlə yanaşı ideoloji, daha dəqiq desək, miflərlə dolu bir təbliğat forması yaradılmışdı. Prinsip arzu edilənin, istəyin, yalanın həqiqət kimi xalqlarına yedizdirilməsi idi. Rejim şairləri, jurnalistləri, sosioloqları, psixoloqları nüfuzu olan alimləri, yazıçıları, elm adamları diktatator fikrinin arxasında dayanır, onun vacib olduğunu cəmiyyətə yedirdir və insanların gözlərini və beyinlərini kilidləyirdilər. Yaxın məsafədən onları zombilərə çevirirdilər. Kömür çıxaranlar Stalin növbəsinə dayanır. Alim onun sözlərində dahilik axtarırdı. Şair Stalindən ilham alır, yazıçının qəhrəmanı özünü gənc Kobaya oxşadırdı. SSRİ dövründə Stalinə yüz minlərlə şeir həsr edilmişdi, o qədər də əsərlər yazılmışdı. Hitler də elə. Ona 3 milyona yaxın şeir həsr edilmişdi. Dəmir yolunda bütün vaqonların üstünə Hitlerə həsr edilmiş əsərlərdən sitatlar yazılmışdı. Quruluş özünün dahilərini də yetişdiridi. Serqey Eyzenşteyni, Leni Rifenştatı...

Muzeylər və heykəllər – avtoritizmin şahidləri
Bu günümüzə baxın. Heykəllər, muzeylər, yazılan minlərlə kitab, musiqi, poema, ayrı-ayrı sahələrin, elmin, siyasətin yaradıcısı rolunun arxasında həmin avtoritar rejimin genetik matritsası və bu sistemi yaradan mif dayanır.
Diqqət yetirsək, siyasi rejimin Sovetlər Birliyindəki rolu yalançı mövsümi mübarizələr, məsələn, “Qoy ədalət zəfər çalsın”, hansısa nazirin Sovet qanunlarını pozması, ali məktəblərin hüquq fakultələrinə prokuror, hakim övladlarının qəbuluna qadağa qoyulması, üzüm və pambıq sahəsində irəli sürülən ağlasığmaz rəqəmlər və sonda rəqəmlərin şişirdilməsinin günahkarı olan briqadirlərin, kolxoz sədrlərinin həbsi...

Bu mif necə yaranmışdı...
Mir Cəfər Bağırov mifi Stalinlə ölmüşdü, özü həbsxanalara atılmışdı, güllələnmişdi. Xruşşov dövründə o miflər sındırılmışdı, yenisi yaranmamışdı. Dəyişən birinci katiblər qismən milli hissləri önə çəkirdilər. Nəhayət, Xruşşov erası mühüm ideoloji formayla kifayətləndi. Represiya və həbslər sadəcə qorxutma, çəkindirmə rolu oynadı.
Brejnev dövrü əslində Xruşşov prinsiplərinə düşmən kəsilmir. Amma KQB-yə ayrı-ayrı respublikaları poliqona çevirməyə imkan verir. KQB-yə sədr təyin olunan Əliyev öz mifini yaradır. Rayonları gəzir, mağaza müdirləri, topdan satış baza rəhbərləri həbs edilir... Respublikada yeni rejimin əsasları yaradılır. Moskvanın «qulağını kəs» dediyi adamların başı kəsilir. Bu məsələ Əliyevin birinci katibliyindən sonra daha geniş vüsət alır.

Diqqət yetirək - Azərbaycan yenidən qurulur
Əliyevin birinci katib olduğu respublikada bölmə müdiri olmuş İlya Zemtsov yazır: «Münxendə məndən soruşdular: Azərbaycanda vəziyyət “Uoterqeyt”dəkilərə oxşamır ki? Əvvəl düşündüm ki, bu avropalılar Rusiya haqqında niyə bu qədər bədgümandılar. Sonradan daha dərindən təhlil etdim. Əliyev partiya-sovet aparatı işçılərini niyə KQB əməkdaşlarına dəyişirdi? O, KQB qorxusunu cəmiyyətin içinə köçürmürdümü? Bəlkə də kompromatlar zənciri ilə bütün qapıları kilidləyirdi, ipin ucunu öz əlində saxlayırdı? Niyə avropalılar Azərbaycandakı vəziyyəti “Uoterqeyt”dəki vəziyyətlə müqayisə edirdilər?».
Yoxsa Əliyev islahat, korrupsiya və rüşvətə qarşı mübarizə adı altında rəqiblərini sıradan çıxarırdı? Vəzifəyə KQB əməkdaşlarının gətirilməsi daha nələrə xidmət edirdi?

Yalan və şaiyələrlə məlumatlandırılan adamlar...
Azərbaycanlılar SSRİ-də bəlkə də ən çox şaiyə və yalanla məlumatlandırılan adamlardır. Mən bunu Azərbaycan KP MK-da çalışanda bir daha yəqin etdim. Çünki bu yalanı yaradanların özləri də yalana, şaiyəyə inanırdılar...
Əlbəttə, həmin qüvvələr son illər Əliyevin yenə arxasına çevrildilər. Müstəqilliyin ilk illərində Əliyev mifi yaradıb, onun hakimiyyətə yenidən gəlməsinə imkan yaratdılar. Birinci Əliyev mifi xalqın gözü qarşısında darmadağın olmamışdı. Əslində onun vəzifədən çıxırılması başqa mifin yaranmasına səbəb olmuşdu. Qorbaçov Əliyevi ev dustağı etmişdi. Yeni mifin birinci addımı idi. 1990-cı il 20 yanvar hadisələrindən sonra Azərbaycan nümayəndəlinə gəlməsi Əliyev mifini siyasi meydana qaytardı. İkinci, meydanla əlaqəsi olması, üçüncü, Bakıda yaşamasına imkan verilməməsi, daxili mühacirət, nəhayət, Milli Azadlıq Hərəkatının Naxçıvan bölməsinin onun Muxtar Respublikada Məclis sədri seçilməsinə yardımçı olması.

Bakıya qayıdış və sonradan baş verənlər
Rejimlər çox vaxt onu yaradan, böyüdən inasanın qocalması və ölməsi ilə ömrünü sona yetirir. Əliyev dünyasını dəyişdi. Bəs onun yaratdığı rejim niyə ölmədi? Niyə dəyişmədi? Hansı proseslər bu rejimin ömrünü daha 15 il uzatdı? Varisliyin bu dərəcədə ötürülmə mexanizmini kim yaratdı? Siyasi texnologiyanı bu dəqiqliklə kim işlədi? Sualları istənilən qədər artırmaq olar? Burada səbəblər çoxdur: Bu ötürülmə hələ Heydər Əliyev sağ ikən baş tutdu - Konstutusiyada dəyişikliklər, baş nazirin dövlətdə ikinci şəxs olması, İlham Əliyevin baş nazir təyin olunması haqqında sərəncam. Beləcə, atanın adı, oğulun dövləti formalaşdırıldı. İlham Əliyev rejim yaratmadı, atanın yaratdığı rejimin başına keçdi - hakimiyyət atadan oğula ötürüldü. Sonra seçki saxtalaşdırıldı - Rusiya və digər ölkələrdən gəlmiş polittexnoloqların yardımı ilə. Müqavimət göstərən qüvvələr güc strukturlarının köməyi ilə qanına qəltan edildi, həbsxanalara atıldı. Ataya nisbətən daha güclü rejim formasının tətbiqi elə də çox çəkmədi. Bir necə nazir ikili mövqeyinə görə cəzalandırıldı. Daha acgöz bir qrup hakimiyyət elitasına gətirildi. Digər nazir oliqarxların seçki xidməti qiymətlənidirildi. Hakimiyyət ölkəni açıq-aydın 10- 15 nəfər arasında böldü.
Neft gəlirlərinin özününküləşdirilməsi üçün formalar arandı və avtoritar matritsanın genetik miflərini yaradan ideoloji qurum ölkəni Heydər Əliyev heykəlləri və müzeyləri ilə doldurdu.

Azərbaycan istisnalarla zəngindir
Məsələn, Rusiyada elita yalnız siyasi tərəfləri diqqətə çəkdi. Əsas sahələridəki oliqarxları özünə uyğun formada kodlaşdırdı və Xodorkovskini cəzalandırmaqla digərlərini yerinə otuzdurdu. Azərbaycanda elə əvvəldən də biznes imkanları kimlərəsə sərəncamla verilmişdi və eləcə də onu istənilən zaman geri almaq çətin deyildi. Çünki vəzifə sərəncamla verilirdi, həm də sahibinə oliqarx olmaq imkanı yaradırdı. Vəzifədən gedən kimi yenidən bölüşmə başlayırdı. Vəzifəsini itirən məmur mülkünü də itirirdi. Hakimiyyət- elita- cəmiyyət arası münasibətlər daha çox orta əsrləri xatırladır.

Ya cəmiyyət məhv olub bitməlidir, ya da...
2013. Bütün normal siyasi proqnozların əksinə, Əliyev namizədliyini verdi və illərlə onun üçün işləyən avtoritar rejimin köməyi ilə seçkini saxtalaşdırdı. Özünü prezident seçib tələm-tələsik inauqurasiya keçirdi. İlham Əliyev 2013- də getmədi. Heç 2018-də də getmək fikri yoxdur. Bir il də başa çatır. Biz yenə İlham Əliyevlə növbəti ili yola salıb yenisini qarşılayırıq. Amma tarixin qanunlarını heç kim dəyişməyib - avtoritar rejimlər yaranır, böyüyür və ömürlərini başa vururlar. Sadəcə olaraq, on minlərlə, yüz minlərlə insanın ömrünü xilas etmək, qartımış avtoritarizmin həyatdan daha rahat getməsi üçün daha effektiv tədbirlər görülməlidir. Avtoritar rejim bəlli normalardan artıq yaşayanda cəmiyyət ölür və onun bərpası üçün on illər də kifayət etmir. İndi Azərbaycanda olduğu kimi...
Avtoritarizm Azərbaycan cəmiyyətini öldürür, içindən yeyir, çürüdür. Bu cəmiyyətə heyfiniz gəlsin, onu xilas edin, yazıqdır axı...

Surxay Hüseynli/azadlıq
1973 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber