Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Ümidlərin yandığı il

Qarabağ qazilərinə dəstək aksiyasına görə xeyli gənc fəal (onların arasında gənc xanımlar da az deyildi) ötən bazar polis bölməsinə aparıldı, yüksək məbləğdə cərimələndi. Bəziləri sutkalıq həbs aldı, barəsində hətta cinayət işi açılan oldu.

Köhnə təqvim ilinin son akkordlarından biri beləcə, qanqaraldıcı olaylarla, toplumda düşmənçiliyin və qarşıdurmanın dərinləşməsinə “töhfə” ilə vuruldu. Baş verənləri gənclərə yeni il sürprizləri ilə yanaşı, hardasa növbəti ilin anonsları da saymaq mümkündür. Nədən ibarətdir bu anonslar?

Biri odur ki, ölkə daha sivil dünyanın çoxdan imtina elədiyi bu cür arxaik metodlarla idarə edilə, xalq davamlı şəkildə təzyiq altında saxlana bilməz. Həlli çoxdan yetişən sosial-iqtisadi problemlərə əvvəlki laqeydliklə göz yumula bilməz. Əks halda, beynəlxalq çaplı ekspertlərin də təsdiqlədiyi kimi, Azərbaycanı acınacaqlı və proqnoza yatmayan kataklizmlər, sonluq gözləyir.

Başqa bir anons odur ki, ölkədə korrupsiya və rüşvət bəlasına, məmur dərəbəyliyinə qarşı əsaslı mübarizənin, bütövlükdə köklü siyasi-iqtisadi islahatların vaxtı çatıb. Bu reformalar ləngidikcə Qarabağ məsələsinin milli maraqlarımız çərçivəsində nizamlanması da bizim üçün əlçatmaz olaraq qalacaq.

Digər bir xəbərdarlıq anonsu belədir ki, milli və vətəndaş barışı yönündə real addım atılması qaçılmaz bir duruma gəlib və bu zərurət hakimiyyət qapısını getdikcə daha şiddətlə döyməkdədir. Zira, artıq aksiomdur ki, milli vəhdət olmadan köklü dərdlərimizə çarə tapılmayacaq.

Bu xüsusda Müsavat Partiyası rəhbərliyinin həbsdə olan başqan müavini Tofiq Yaqublunun təklifi əsasında Yeni il öncəsi qəbul elədiyi qərar düşündürücü, eyni zamanda məntiqlidir. Qərar belədir: “Əgər iqtidar 2014-cü ilin Novruz bayramına kimi bütün siyasi məhbusları azad etməsə və ciddi siyasi islahatlara başlamasa, Müsavat Azərbaycanda keçirilməsi nəzərdə tutulan 1-ci Avropa Olimpiya oyunlarının beynəlxalq miqyasda boykot olunması kampaniyasına başlayacaq”.

Suallar sıralanır yenə: axı niyə Azərbaycan toplumu, onun siyasi təşkilatlanmış kəsimi olan müxalifət öz iradəsinin əleyhinə belə radikal addımlar atmaq zorunda qoyulur? Nədən Gülər Əhmədovanın məhkəməsi qısa zamanda yekunlaşdığı və ona yüngül cəza kəsildiyi halda, haqsız yerə tutulan insanların, gənc fəalların məhkəməsi sanki ağır dövləti cinayət əməlləri törədiblər kimi süni surətdə, aylarla uzadılır, gənc yaşda olan insanlara, müxalifət yetkililərinə fantastik həbs cəzaları istənilir, bununla da Azərbaycanın onsuz da mənfi beynəlxalq imici bir az da bərbad duruma salınır, dövlətə inam sarsılır?
Azərbaycan adına, Cümhuriyyət dəyərlərinə yaraşmayan bu rüsvayçı və dağıdıcı prosesi, Azərbaycan vətəndaşları olan Dağlıq Qarabağ ermənilərini də dövlətimizə yaxınlaşmaqdan çəkindirən bu sürəci bir an öncə kim durduracaq? Kimsə durdurmalı deyilmi?..

Az öncə prezident istiqlalımızın banisi Məmmədəmin Rəsulzadənin anadan olmasının 130 illiyi ilə bağlı cəmiyyətdə, müxalifətdə minnətdarlıqla qarşılanan sərəncam imzaladı. Ardınca KİV rəhbərləri ilə görüşdə o, topluma, ölkənin demokratik ictimaiyyətinə yetərincə pozitiv ruhlu, önəmli mesajlar verdi. Bəzi optimistlər bunu hətta hakimiyyətin yeni açılımı adlandırdılar.

Bunun davamı gəlməlidir. Həqiqətən də Azərbaycanın böyük dialoqa, barışa ehtiyacı var. Cəmiyyətdəki bu antaqonist münasibətlər, qarşılıqlı kin-nifrət üzərində qurulan münasibətlər ölkəmizə, xalqımıza, hər birimizə yaxşı perspektiv vəd etmir. Ona görə də barış və dialoq istiqamətində ilk addımı heç şübhəsiz ki, öncə iqtidar atmalıdır - təkcə müxalifətə doğru deyil, bütövlükdə cəmiyyətə doğru. Bu addım atılmasa, ölkəmizdə maksimum həddə qədər yüksəlmiş xalq qəzəbi azalmasa, özünü və hər şeyi yandırmağa hazır olan insanların qarşısında heç bir qüvvə duruş gətirə bilməyəcək.

* * *
Deyirlər, ümid ən axırda ölür. Bəlkə də o, artıq ölüb. İlsonu haqsızlıqlara etiraz olaraq özünü yandırıb intihar edən Qarabağ qazisi Zaur Həsənov kimi...

Zahid Səfəroğlu/musavat
1808 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:15