Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Mandarin qabıqları

İl necə başlamışdısa, bizim üçün elə də bitdi. İsmayıllıda icra başçısının yanan obyektlərini il uzunu söndürmədilər, nəticədə ilin axırında Qarabağ əlili yandı. Azərbaycan alov içindədir, bunu görmək üçün durbinə-zada ehtiyac yoxdur. Ancaq görməyənlər var. Fil qulağında yatıblar. Elə bilirlər dünya bu cür gəlmiş, bu cür gedəcəkdir. Bəlkə də elə belə gəlib belə gedəcəkdir. Ayrı cür necə gedə bilər ki? Bizim yerişimiz budur.
Bütün parametrləri ilə axmaq bir ili arxada qoyduq. Gənclərə qarşı repressiyalar, NİDA Vətəndaş Hərəkatını beşikdəcə boğmaq üçün az qala bütün idarə heyətinin həbsi, Müsavat, AXCP üzvlərinin kütləvi həbsləri, REAL-dan İlqar Məmmədovun zindana salınması, respublikanın hər bir bölgəsini əhatə edən siyasi həbslər. Həbslər, həbslər, həbslər... Məhkəmələr, məhkəmələr, məhkəmələr... Yanğınlar, mitinqlər, piketlər, qəzalar, ölümlər... Və bu fonda bir qrupun, tayfanın vakxanaliyası. Hərçənd, vakxanaliya tarixən gecələr keçirilərmiş, ancaq bunlar günün günorta çağı məzələndilər, məclislərini sutkanın istənilən vaxtında qurdular. Bir söz deyə bilmədik.

Payızda saxta prezident seçkiləri keçirildi. Cəmi 2-3 ay qabaq olub, ancaq indi heç kimin yadına düşmür. Sanki camaat da “əşşi, olan oldu, keçən keçdi, yada salıb qanımızı qaraltmağın mənası yoxdur” məntiqiylə yanaşır. Bəlkə bu bir xalq müdrikliyidir. Öz gücünü və qabiliyyətini qiymətləndirmək özü də bir qabiliyyətdir. Yoxsa boyumuzdan yuxarı hoppanıb yerə dəyməyin ağrılı nəticələri olardı.

Açığını deyim, ilin son yazısını yazmaqdan həmişə zəhləm gedib. Bir növ, iki ilin arasında qalırsan, seçim edə bilmirsən nədən yazasan.

Yaxşı, ötən ilin başına daş saldıq, bəs gələn il? Yalandan burda ümidlərdən-filandan yazasanmı? Kimi aldadasan? Bu potensialla heç nəyin dəyişməyəcəyini bilirsən axı. Üstəlik, bir həftəyə yaxın qəzet çıxmayacaq və oxucu hər dəfə bu köhnə yazını görməli olacaq. Elə bil şadlıq sarayında masaya köhnə “paytaxt salatı” qoyurlar. Sanki son yazı bayramda yeyilən mandarinlərin pəncərə çərçivəsində tökülüb qalan qabıqlarıdır. Qurumuş, qoxusuz, heç kimə lazım olmayan...

Məncə, romantika bəsdir. Camaat yazı gözləyir. Bəlkə o klassikaya çevrilən filmimizdəki kimi, atalar sözünə keçək? İşə yaramaz. İl uzunu ata sözünü çox yazmışıq, bazarı ölüb. Ya lətifə yazaq? Məsələn, həmkarımız Pərviz Əzimovun sosial şəbəkədə paylaşdığı hadisəni lətifə kimi sırıyaq? “Bir nəfər payızdakı seçki vaxtı məntəqəyə gəlir, bülleten istəyir. Məntəqə sədri imza vərəqəsinə baxır, deyir ki, sənin əvəzinə artıq səs vermişik, gedə bilərsən. Adam deyir heç olmazsa kimə, hansı prezidentliyə namizədə səsimi verdiniz, onu söyləyin. Sədr deyir ki, yox, onu deyə bilmərik, bizdə səsvermə gizlidir”.
Necədir? İşə yaradımı? Onsuz hər seçkidən bizə qalan bu cür gülməli-ağlamalı əhvalatlar olur. Hamam köhnə, tas köhnə, yalnız hamamın ətrafında alkopon üzlüklər çəkilmişdir. İnsaf naminə, tasın deşiyinə işıq effektləri quraşdırıldığını da yazaq.

Özünü yandıran Qarabağ əlili haqda romantik-poetik sözlər də quraşdırmaq olar. Vətən elə, sevgi belə, torpaq helə... Nə bilim, sən yanmasan, mən yanmasam... Şam əgər yanmırsa-zad... Bəs necə, poeziyamızda hər cür faciə üçün hazır beytlər var, götür, yapışdır üstünə. Qərənfildən Araz çayına, pərvanədən buludlara qədər bütün ətraf aləmi, təbiəti öz pisimizə şərik qoşmuşuq. Bu da təbiəti bir cür zibilləməkdir.
Oxuculardan üzr istəyirəm. Bu yazı da alınmadı.

Zamin Hacı/musavat
1571 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP