Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Bizim qəlbimiz yanmış...

“Bu maskanın altındakı ət və sümükdən ibarət olan üz mənim kimliyimə aid deyil... Bu maskanın altında bir fikir var və fikirlər güllə keçirməz!”(V)

O maskanın altında V-nin yanmış üzü vardı, “V for Vendetta” filminin qəhrəmanının. Onun üzünü də yaşadığı rejim yandırmışdı, eynilə bizim Qarabağ qazisi Zaur Həsənovun üzü kimi. Xatırlayırsınızsa, film boyunca V maskasını yalnız bir dəfə çıxarmışdı-ağlamaq üçün. Amma onda da üzü deyil, yenə maskası görünmüşdü. Daimi gülümsəyən o maskanın altında isə acı çəkən və ağlayan bir xarakter gizlənirdi.

Zaurun yanmış üzü də sona kimi qapalı qaldı, qanlı sarğı içində. Sarğının altında onun neçə dəfə ağladığını kimsə deyə bilməz. Amma mən onun son nəfəsinə kimi ağladığına əminəm. Çünki o həmin yanğının içinə çarəsiz və yesir qalmış övladlarını xilas etmək üçün girmişdi. O, ölümünü gözə alıb atılmışdı o odların içinə. Nəfəsi belə yanmışdı. Və bir zamanlar o uzaq savaş çöllərinin qurşun yağışı altında son gülləsini son nəfəs kimi ürəyinə sıxmaq əmrində olan əsgər, Bakının mərkəzində vecsiz və vicdansız kəslərin güdazına getdi.

Bir zamanlar insanlar bir-birinə olan sevgidən, eşqdən ölərdilər- Leylayla Məcnun, Əsliylə Kərəm, Fərhadla Şirin kimi... Dillərə dastan hekayələr yazılan, hələ insanlığın ölmədiyi zamanlarda... Amma indi insanlar sevgisizlikdən, diqqətsizlikdən və duyğusuzluqdan ölür. Bu soyuqluğun illərlə içinə yansıtdığı kədərin acısından intihar edir insanlar. Bəlkə, Zaurun gəlib ümidsizliyə dayandığı da elə həmin nöqtəydi. Hər şeyin və xüsusilə benzinin insanlardan çox bahalı tutulduğu bir yerdə, o benzin bir vətən qazisinin həyatına son qoymaqdan başqa nəyə yarayardı ki?

Bu vətən torpaqlarına qanını axıtdı, bu ölkə üçün çoxlarının etmədiyi fədakarlıqları etdi o. Düşmən nifrətiylə tapdalanan, əzilən, təhqir olunan torpaqlar uğrunda meydana atıldı, bədəninin bir parçası getdi. Amma bu paytaxt mərkəzindəki məmur qapılarında onun heysiyyatını, qürurunu, ümidlərini tapdaladılar özününkülər. Onu döyüş meydanlarında gördüklərindən daha çox, vətən fədailərinə göstərilən amansız münasibət yandırdı. Illərcə bədənində gəzdirdiyi qəlpələrdən daha çox, bu qansızlıqlar və haqsızlıqlar içini parçalayıb, cızdağını çıxardı onun. Bu ölkənin tapdalanmış, əzilmiş, alçaldılmış yüz minləri kimi, onun da qəlbini, ciyərini, sinəsini yandırdılar. Hərçənd bütün bunlar belə o yanğının acısını Zaurun öz canından çıxarmasına əsas vermirdi...

Zaurun ölümü, bəlkə, çoxlarına V-nin qisasını xatırladar. Bəlkə, ona görə ki, onun üzü də bir insan laboratoriyası cəlladlarının qurbanı olmuşdu. Həm də ona görə ki, o, həmin yanğından sağ çıxan tək pasient idi. Zaur Həsənov da Qarabağ alovlarından sağ çıxan az saylı qazilərdən biriydi.

Savaşlar təkcə müharibə meydanlarında baş vermir. Müharibələr yer üzündəki ədalət və insanlıq davalarının bir məqamıdır çünki. V-nin belə bir ədalət hesabı vardı və o sonda öz qisasını aldı. Zaurun da bir hesabı vardı. Onun ölümündə, biz də daxil olmaqla, hər kəs az və ya çox dərəcədə günahkardır. Amma nə olursa-olsun, o da bu qisas üçün savaşmağa borcluydu, eynilə döyüş meydanlarında olduğu kimi. Ən azı, övladlarının gözəl gələcəyi naminə bu savaş onun haqqıydı. O dünyadan bezib öz haqqını namərdlərə yedirməyəydi gərək...

Sədaqət Cahangir/azadlıq
1726 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:4