Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Gedişhaqqı artımına çoxdan hazırlıq gedirmiş...

Nemət Əliyev: «Nəqliyyatda qiymət artımı haqda siyasi qərar artıq qəbul olunub, qalıb onu cəmiyyətə təqdim etmək»

“Azadlıq”ın ötən sayında xəbər vermişdik ki, Nəqliyyat Nazirliyinin rəhbərliyi avtobuslarda gediş haqlarının artırılması üçün ciddi iş aparır. Sürücülərə işə çıxmamaq, Nəqliyyat Nazirliyinə, Dövlət Avtomobil Xidmətinə, Nazirlər Kabinetinə, Iqtisadiyyat və Sənaye Nazirliyinə müraciətlər etmək tapşırılır. Daha doğrusu, onlara hazır müraciətlər paylanır.

Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, benzin və digər yanacaq məhsullarının qiyməti artırılmasıyla əslində, nəqliyyatda gedişhaqqının qalxacağının anonsu çoxdan verilib: “Nəqliyyat Nazirliyinin müraciəti əsasında Tarif Şurasının nəqliyyatda gedişhaqqını artırması bir bəhanədir. Bu qərar siyasi qərardır və heç bir iqtisadi əsası yoxdur. Yanacağın qiymətinin qaldırılması sırf siyasi, korporativ maraqlar fonunda baş verib. Tarif Şurası burada bir alətdir. Ondan bir vasitə kimi istifadə edirlər. Nəqliyyatda gedişhaqlarının qaldırılmasıyla bağlı da verilən siyasi qərar artıq qəbul olunub. Bircə qalır onu cəmiyyətə tətbiq etmək. Qeyd edim ki, yanacağın qiymətini artırmaqla nəqliyyatda gedişhaqqının qaldırılmasına əsas yaradıblar”.

Ekspert sözügedən qərarı yanlış hesab edərək, bunu əhalinin hazırkı sosial durumunda yolverilməz addım adlandırır: “Iqtisadi cəhətdən vəziyyəti onsuz da ağır olan xalqın rifahını yaxşılaşdırmaq üçün layihələr işləyib hazırlamaqdansa, qiymət artımları gündəmə gətirilir. Xalq məcburi şəkildə onlara tətbiq edilən artımlara qarşı çıxmaq gücündə deyil. Ona görə də hakimiyyət yetkililəri xalqın başına olmazın oyunlarını gətirir. Xalqı bu vəziyyətə salmaq yox, onun sosial durumunu yüngülləşdirməyə yönəlik addımlar atılmalıdır. Fəqət, mövcud hakimiyyət əhalinin mənafeyinə hesablanmış addımlar atmaq, onun güzəranını yaxşılaşdırmaq iqtidarında deyil”.
1571 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber