Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Bank Qarabağ qazisini evindən necə sürgün edib?

Dekabrın 25-də şəhərin mərkəzində üzərinə benzin tökərək intihar edən II qrup Qarabağ əlili Zaur Həsənov 3 gün xəstəxanada qaldıqdan sonra dünyasını dəyişdi.

Z.Həsənovu intihara məcbur edən səbəblər və şəxslər artıq bəllidir. Qarabağ əlili doğulduğu qəsəbədə - Bibiheybətdə cəmi 70 kvadratmetrlik çayxanasının əlindən alınmasına, çayxanını yenidən tikmək üçün vaxtilə banklardan götürdüyü kreditlərin altında qalıb əzilməsinə, ailəsinin yeganə dolanışıq mənbəyindən məhrum olmasına, üz tutduğu instansiyalarda heç kimin onun dərdinə əlac etməməsinə dözməyərək özünü yandırdı.

Z.Həsənovu intihara məcbur edən səbəblərdən birini də onun 13 yaşlı oğlu İsmayıl açıqlamışdı. Özünün dediyi kimi, çayxanaları bağlanandan sonra ailəyə 5-10 manat çörəkpulu gətirmək üçün məktəbdən qaçıb səhərdən axşamadək bazarda işləməyə məcbur olan bu yeniyetmə virtualaz.org-a müsahibəsində evlərinin borclu olduqları bank tərəfindən girov götürüldüyünü demişdi.

İsmayılın danışdıqlarından sitat: “Bank evimizi əlimizdən alıb. 2011-ci ildə prezident İlham Əliyev Lökbatanda əlillərin binasında bizə ev verdi. Atam çayxananı təmir etmək üçün evimizi girov qoyub bankdan pul götürdü. Bank da bizi evimizdən qovdu. Neçə aydır ki, babamgildə qalırıq. Hər şeyimiz də o evimizdə qalıb. Məni məktəbə göndərirdilər, mən də qaçıb işləməyə gedirdim”.

Bəs Qarabağ əlilinin evini hansı bank əlindən almışdı? Prezidentin verdiyi evdən müharibə əlilinin ailəsini çölə atanlar kim idi və bunun üçün onların əlində hansı qanuni əsaslar olmuşdu?

Virtualaz.org saytı Z.Həsənovu intihara məcbur edən səbəblərdən biri - Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev tərəfindən sökdürülən çayxanasını bərpa etdirmək üçün onun banklardan götürdüyü kreditlər barədə araşdırma aparıb.

Araşdırma zamanı məlum olub ki, mərhum Z.Həsənov əvvəlcə Lökbatandakı  ata evini “Rabitəbank”a girov qoyaraq 10 min manat pul götürüb. Daha sonra obyekti sökülən Z.Həsənov banka olan borcunu ödəyə bilməyib. Borc daha sonra faizləri ilə birlikdə 15 min manata çatıb.

Z.Həsənovun daha bir banka borcu olub. Qarabağ qazisi “Unibank”dan da 2500 manat məbləğində nağd pul kreditə götürüb. O, bu borcunu da ödəyə bilməyib.

Z.Həsənovun başqa banklardan da borc götürməyə məcbur olduğunu öyrəndik.

Qazinin evi 15 min manat borclu olduğu “Rabitəbank” tərəfindən əlindən alınıb. Bank borcunu ödəyə bilməyən qazini 5 uşağı ilə birlikdə evindən çıxarıb. Ev bütün əşyaları ilə girov götürülüb. Bank hətta Zaur Həsənovun və yoldaşının qızıl əşyalarını da girov olaraq götürüb.


Ata evindən çıxarılan Həsənovlar ailəsi prezidentin 2011-ci ildə onlara verdiyi, Lökbatanda əlillər üçün tikilmiş binadakı mənzildə yaşamağa başlayıblar. Bu evdə isə onlar kommunal xərclərini ödəyə bilməyiblər. Son iki ayda isə evin işıqları borca görə kəsilib.

Uzun müddət S.Mehbalıyevlə mübarizə aparan, bütün məhkəmələrdə məğlub olan və haqqını ala bilməyən Z.Həsənov dekabrın 25-də özünü yandırdıqdan sonra bu hadisə ictimailəşdirildi və geniş müzakirələrə səbəb oldu. Daha sonra prezident İlham Əliyevin tapşırığı ilə Həsənovların ailəsinə maddi yardım edildi.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası Qarabağ əlilinə sökülmüş obyektinə görə 100 min manat ödədi. AHİK həmçinin Z.Həsənovun övladlarını yetkinlik yaşına çatanadək himayəyə götürdüyünü, övladlarının hər birinə 300  (üç yüz) manat məbləğində aylıq yardım veriləcəyini də elan etdi.

Xatırladaq ki, Səttar Mehbalıyev mətbuata açıqlamasında Qarabağ qazisinin obyektinin sökülməsinin qanun çərçivəsində həyata keçirildiyini, bütün hüquqi prosedurlara əməl olunduğunu və bu hadisədə özünü günahkar saymadığını demişdi.

Qazinin yaxınlarından əldə etdiyimiz son məlumata görə, mərhum Z.Həsənovun banklara olan borcları artıq ödənilib. Bu borclar Həsənovlar ailəsinə verilən 100 min manatın hesabına qaytarılıb. Bu gün “Rabitəbank” evin sənədlərini Qarabağ qazisinin ailəsinə geri qaytaracaq.

“Rabitəbank”ın problemli kreditlər şöbəsindən virtualaz.org saytına bildirdilər ki, mərhum Z.Həsənovun banka həqiqətən də borcu olub və hazırda bu borc ödənilib. Z.Həsənovun evi isə bankda girovluqda deyil. Bankdan əlavə heç bir informasiya verə bilməyəcəklərini dedilər.

Hüquqşünaslar isə bildirir ki, məhkəmə qərarı olmadan bankın ona borclu olan müştərini evindən sürgün etməyə və ya əşyalarını müsadirə etməyə heç bir hüququ yoxdur. Bu, ancaq bankın məhkəməyə müraciətindən, müvafiq məhkəmə qətnaməsinin çıxarılmasından sonra məhkəmə icraçıları tərəfindən edilə bilərdi.
1698 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber