Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2014

31 dekabr İ.Əliyev: Dinamik inkişaf

“Şaxta baba ev gətirsin, evimiz olsun istiyirəm, isti evimiz olsun, böyük ev, gözəl ev. Yasinin yaxşı qış paltarı olsun.

Şaxta baba anana nə gətirsin?

Şaxta baba anama don gətirəcək, qaqaşa paltar, ataya da ayaqqabı gətirəcək.

Harda çimirsən?

Tualetdə çimirik biz, ora da soyuq olur. Bizə soyuq olur, xəstələnirik, anamın başı ağrıyır, Yasin xəstələnir.

Ana ən çox nə bişirir?

Mərcimək, dovğa, sup, şirin çay, kələm”

Bu sözləri deyən Fatimənin 5 yaşı var. O, Bakı Neft-Energetika kollecinin qaçqınlar məskunlaşan yataqxanasının arxasındakı vaqonda dünyaya göz açıb. Fatimənin valideynləri bu vaqonu evə oxşatmağa çalışıb. İnternatda böyümüş atası evləndikdən sonra beyin iflici keçirib və ciddi əsəb problemləri olduğundan daimi işləyə bilmir. Səkkizillik təhsili olan anası Ülviyyə xanım isə 252 saylı orta məktəbdə xadimə işləyir. Pəncərəsi, suyu, istiliyi olmayan bu vaqonda həyatın necə keçdiyini Ülviyyə xanım sözlərlə ifadə etməkdə çətinlik çəkir və vaqonda başlayan həyatını danışır:

Ülviyyə xanım:

“Biz evlənəndə mən vaqona gəldim, gəlin gəldim. Mənə dedilər ki, torpaq alacıq, ev tikəcəyik. Sonra da uşaqlar oldu, qaldıq həmin vaqonda. Kirayə çıxmağa da imkan olmadı. Evlənəndən bir ay sonra yoldaşım paralic keçirdi, altı ay müalicə aldı, yaxşı olmadı. Özüm də ağır eşidirəm, qulaqlarımda problem var. Müalicə eləməyə imkan olmadı. Amma bizim bir-birimizdən şikayətimiz yoxdur, bir yuvamız olsun”

Haqqında söhbət gedən bu vaqonda vəziyyət olduqca təhlükəlidir. Vaqonun üstündən yataqxananın elektrik xətti keçir və yağış yağanda vaqon islandığından qapıya və vaqonun divarlarına toxunmaq olmur. Vaqonun divarları çürüdüyündən yağış künclərdən içəriyə sızır. Pəncərələrin olmaması və divarların dəmir olması ucbatından içəri qışda həddindən artıq soyuq, yayda isə həddindən artıq isti olur.

Ülviyyə xanım:

“Tok var yoğun, o gedir üstündən, orda calayıblar ağaca, təsəvvür elə o düşsə, yapışsa vaqona, elə hamımız da orda ölərik. Heç kimin bizdən xəbəri olmaz. Dəmirdi, soyuqdu. Uşağı siçan dişlədi, özümü dişləyib, qızın qulağını dişləmişdi, oğlanın barmağını dişləyib, yemişdi. Dedim uşağa mikrob salar, yalvardım, yaxardım ki, iynə vursunlar, mikrob keçməsin.  Uşaqları çimizdirməyə yerim yox, qab qoymağa yerim yox. Siçan mundarlayır, çörəyi əlimdən qoya bilmirəm. Dərman qoyuruq, elə yerdə ölür ki, içəridə iyidən durmaq olmur”

sujetshekil-ulviyye3

Ülviyyə xanım deyir ki, o, dəfələrlə müxtəlif yerlərə kömək üçün, iş üçün müraciət edib. Yerli telekanallardan birində yayımlanan proqrama müraciət edərək, imkanlı şəxslərdən kömək istəyən ana deyir ki, böyük ümid bağladığı bu yoldan ona heç bir xeyir dəyməyib. Həmin proqramda Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə tanış olan Ülviyyə xanım onu da deyir ki, uşaqları soyuqdan və siçanlardan qorumaq üçün birliyin sığınacağına verməyə razılaşıb. Lakin bu kömək də müvəqqəti olub.

Ülviyyə xanım:

“Başımıza çox müsibət gəldi, zəng elədim “ANS”-ə, gəldilər, çəkdilər, amma bir kömək olmadı. Kəmalə xanım xahiş elədi ki, uşaqları ver bizə, uşaqları siçan dişləyir, vəziyyətiniz yaxşı deyil, yeməyi, içməyinə görə, həkimə göstərək. Sonra mənə şikayət gəldi ki, uşaqların cibimizə girir. Uşaq da dedi ki, sən bizi atmısan, onların yanından qaçdı. Sonra bir həkim vardı, apardıq onun yanına, dedi bunun ciddi problemi yoxdur, yüngül müalicə yazaq, elə də uşağı müalicə elətdirə bilmədim, dərmanları ala bilmədim. Sonra da dedi ki, uşağı götür, bura təmir olunur, mən də uşağı götürdüm”

Ülviyyə xanım deyir ki, kömək üçün icra hakimiyyətinə və bələdiyyəyə müraciət edib. Ana iddia edir ki, icra hakimiyyətindən ona bildirilib ki, qurumun onlara ev vermək imkanı yoxdur. Bələdiyyə isə onlara torpaq sahəsi verməyə razı olub. Lakin, torpaq sahəsində ev tikdirmək imkanları olmadığından torpağı ala bilməyiblər. Hər yerdən əli üzülən ana aylıq əlavə çörək pulu üçün Dövlət Sosial Müdafiə Fonduna üz tutub. Fond ailəni araşdırıb və onlara yardım ayırmağı qəbul edib. Lakin Ülviyyə xanım lazımi sənədləri toplaya bilmədiyindən hələ ki, bu yardımı da  ala bilmirlər.

Qohumlarından da ailəyə hansısa bir kömək yoxdur. Ailənin yeganə daimi gəlir mənbəyi Ülviyyə xanımın iki aydır düzəldiyi işdən aldığı 103 manat maaşdır. Özünü yaxşı hiss etdiyi günlərdə işə çıxan həyat yoldaşı ilə birgə qazandıqları gəlir yalnız ac qalmamalarına kömək edir. Uşaqlar xəstələnsə də, ata-ananın ciddi xəstəlikləri olsa da, müalicə olunmağa pul çatmır.

Ülviyyə xanım:

“Uşağı vaxtlı-vaxtında müalicə elətdirə bilmirəm, özümün bədənimdə göbələk var, bu vəziyyətdəyəm, qaşınır. Həkimə gedirəm, sağolsun baxırlar, resept yazırlar, amma bəs onun dərmanlarını almaq, ona imkanım çatmır. Kəmalə xanımın vasitəsilə dəri-zöhrəvidə müalicə aldım, dərman verdilər. Sonra özüm getdim, dedilər sənə veriləsi dərman yoxdur”

Ana deyir ki, onun artıq heç nəyə ümidi qalmayıb. Uşaqlarını yaxşı geyindirə, doyunca yedizdirə bilməyən Ülviyyə xanımın tək qorxusu övladlarına görədir. Onların soyuq, anti-sanitar vəziyyətdə böyüməsi, normal qidalana bilməməsi ananın illərdir ki, həll olunmayan problemi olaraq qalır. Ananın tək istəyi bir otaqlı divarları, pəncərəsi olan, isti bir yuvasının olmasıdır.

sujet-shekil-ulviyye

Ülviyyə xanım:

“Dövlətdən kömək istəyirəm, bizə kömək eləsinlər, vaqondan çıxaq. Mənim ona imkanım çatmır. Heç vaxt dilənməmişəm, döşək sırımışam, yataqxananın həyətini süpürmüşəm, uşaqlarımdan ötrü, o qədər ac vaxtlarımız olub. Mən evə ət almıram, o qədər ürəyimdən keçib, amma imkanım çatmayıb. Mində bir dəfə olanda toyuq alıb, gətirərəm. Karof qızardıram, sup, dovğa bişirirəm, pendir, çörək, şirin çay eləyirlər, yumurta bişirirəm, Allah nə versə. Uşaqları bağçaya ona görə qoydum ki, evdə tapmadıqlarını orda yesinlər. Çox adam deyir yoldaşından ayrıl, əsəbi olduğuna görə, evi olmadığına görə, amma mən istəmirəm ki, ailəmi dağıdım”

Uşaqların sığınıcaqdan göndərilməsinin səbəblərini öyrənmək üçün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə əlaqə saxladıq. Kəmalə xanım ailə ilə bağlı görülən işləri sadalayaraq dedi ki, uşaqların sığınacaqdan alınması üçün birinci dəfə Ülviyyə xanım özü müraciət edib.

Kəmalə Ağazadə:

“Onların sənədləri ilə bağlı Zərdab rayon icra hakimiyyəti, sosial müdafiə fondu hamısına müraciət elədik. Bunların problemi nədir, bunlar rayonda yaşamaq istəmir. Yayda biz o uşağı saxladıq, sonra gəldi ki, olarmı uşağı aparım bir az evdə yanımda qalsın. Dedim apar. Yayın axırına da düşdü bizdə təmirə. Sonra da o uşağı gətirmədi. İndi mənim həddən artıq çox uşağım var. Əgər mən bu uşağı yerdə yatızdıracamsa, elə evində də yerdə yatırdı.”/azerinfo/

1647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı