Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2014

Şimali Koreya diktatoru dayısını güllələməyindən danışdı

Şimali Koreya diktatoru Kim Çen İn Yeni il münasibətilə xalqa müraciətində ilk dəfə dayısının güllələnməsindən danışıb.

Virtualaz.org saytı BBC-yə istinadən xəbər verir ki, o, vaxtilə Şimali Koreyanın “boz kardinalı” olan Çan Son Txekin güllələnməsini “partiyanın çirkabdan təmizlənməsi” adlandırıb.

Qeyd edək ki, Çan Son Txek Kim Çen İnin bibisinin əri və Şimali Koreya hakimiyyətində ikinci ən qüdrətli şəxs olub. Beynəlxalq mətbuat onu Kim Çen İnin dayısı kimi təqdim edir.

Şimali Koreya rəhbəri deyib ki, Çan Son Txekin güllələnməsi ölkənin birliyini və hakim Koreya Əmək Partiyasını “yüz dəfə möhkəmləndirib”. Onun bildirdiyinə görə, antipartiya, antiinqilab elementlərinin vaxtında aradan götürülməsi partiya daxilində həmrəyliyi gücləndirib. Xatırladaq ki, Çan Son Txek dekabrın 9-da partiyanın yığıncağında həbs olunub, dekabrın 13-də isə güllələnib. Cənubi Koreya mənbələri həmin gün daha 7 yüksək vəzifəli hərbçi və partiya funksionerinin güllələndiyini xəbər verir.

Yeni il müraciətindən əvvəl Şimali Koreyanın rəsmi teleqraf agentliyi Kim Çen İnin ölkənin paytaxtı Pxenyandan 180 kilometr məsafədə yerləşən Masik dağ-xizək kurortuna baş çəkdiyi və xizək sürdüyü barədə informasiya yayıb. Gözlənilir ki, bu kompleks 2014-cü ildə açılacaq və orada bir gündə 5 minə qədər xizəkçi sürüşə biləcək.

Şimali Koreya rəhbəri əyləncə xarakterli iri obyektlərin tikintisinə investisiya qoyur. Söhbət təkcə kurortların yox, həm də əyləncə parklarının tikintisindən gedir. Pulları isə əsasən Şimali Koreyanın əsas müttəfiqi olan Çin verir. Həmçinin Şimali Koreyada çoxmənzilli binaların tikintisi də genişlənir.
1246 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber