Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2014

Ölkəyə gətirilən avtomobillər hansı “dolanbacdan” keçir?

Bir neçə gün idi Zamiq bankdan pul çıxarmtağa səy göstərirdi. Gürcüstandan alıb gətirdiyi avtomobili dekabrın 11-də gömrükə daxil olsa da, ayın 12-i axşam bankdan pul götürə bildi və bir gün sonra onunla gömrükə mən də getdim.

Onu avtomobil hissələri satışı mağazasından tanıyıram. Yol boyu gömrük rəsmiləşdirilməsini (rastamojka) necə edəcəyi barədə müzakirə aparırıq. Deyir ki, gətirdiyi mühərrik həcmi 2200 kub sm, 2000-ci il buraxılışlı BMW markalı avtomobilin dövlət rüsumu 2600 manata qədər olarsa, vəsaiti ödəmək gücündədir. Bundan artıq pul tələb edərlərsə, mənim jurnalist kimi məsələyə müdaxilə etməyimi istəyir. Təklif edir ki, avtomobili mənə gətirdiyini söyləyək. Belə də razılaşırıq.
Hər kəs əlini açıb pul tələb edir
Avtonəqliyyat Gömrük İdarəsinin (AGİ) yerləşdiyi terminalda bizə maneə yaranır. Növbətçi hissədən maşının kimin adına olduğunu soruşurlar. Mənim adıma olmadığını öyrənəndə idarəyə gedə bilməyəcəyimi deyir, maşında oturub gözləməyi tapşırırlar. Təlimat beləymiş ki, sadəcə avtomobilə aidiyyatı olan şəxs əraziyə girə bilər. Hansı təlimat olduğunu söruşmuram, çünki, bizim ölkədə kimsə hər şeyi qanunlarla tələb edirsə, “siz mətbuat işçisisiniz”, deyə soruşurlar. Sanki, bu ölkədə qanunlar yalnız jurnalistlər üçün yazılır. Çoxluq qanunu tələb etmədiyinə görə, biz ya “demaqoq” sayılırıq, ya da “qanun keşikçisi”.
Zamiq avtomobili mənə gətirdiyini bildirir. Yenə də razılaşmırlar. 10-15 dəqiqə “danışıqlar” apardıqdan sonra içəri buraxırlar, bir şərtlə ki, avtomildə oturub idarəyə getməyim. Çünki, özlərinə problem istəmirlər. Amma təbii ki, mən bura avtomobildə oturmağa gəlməmişəm. Əvvəlcə “üzünü görmədiyim avtomobilimi” icbarı sığorta etdirmək lazımmış. Birinci pəncərədə “Azsığorta” ASC-nin əməkdaşı 5 dəqiqə sənədlərin ora-burasına baxır. Sonra deyir ki, qəbul 2-ci pəncərədədir. Elə bilməyin bura bir pəncərə sistemidir, sənədləşməni oradaca sizin üçün aparacaqlar. Bu böyüklükdə ərazini gün boyu dörd dolanırıq. Hər təşkilatın öz qayda-qanunu var. Hər kəs də əlini açıb pul tələb edir. Çox istərdim, dilənir yazım, amma dilənçilər adətən yalvarırlar. Bunlara isə istədiklərini verməsəniz avtomobilinizi yox, qulağınızın dibini görərsiniz. İkinci pəncərədə növbəyə dururuq. Bu arada Zamiq Azərbaycan psixologiyası ilə yanındakından mühərrik həcmi 2200 kub sm avtomobilin “rastamojkası”nı soruşur. “Tarif Şurası” oradaca Azərbaycansayağı “qiymət qoyur”: aşağısı 3200 manat. Bizdə rəsmi tarifə fikir verən azdır axı, çoxluq üçün hər şeyin “aşağısı”, “yuxarısı” var.
İlk rüşvətin məbləği 50 manat
100 manat icbari sığorta haqqı ödəyirik. Lakin, nədənsə, sığorta müqaviləsini bütün işlər bitəndən sonra götürə bilərik. Elə isə niyə hər şeydən əvvəl sığorta etdiririk, onu bilmirəm. Avtomobilin hələ gömrük rəsmiləşdirilməsinin baş tutub-tutmayacağı bəlli deyil. Yəni gömrük rüsumu ödəndikdən sonra sığorta olunması daha doğrudur. Bu başdan bütün ödənişləri niyə alırlar, səbəbini izah edən yoxdur. İçəridə insanların heç olmasa ayaq üstə gözləməsi üçün şərait olsa da, isti kabinetlərdə əyləşən sığortaçılar soyuq havada hər kəsi bayırda növbə gözləməyə məcbur edirlər.
Sonra bilmirik hara gedək. O boyda terminalda heç bir təlimat yoxdur. Ordakı insanlardan növbəti prosedurun nə olduğunu soruşub konteynerlərdən birinə yaxınlaşırıq. Burada da bizdən 100 manat alırlar. Nəyə görə olduğunu soruşuruq, deyirlər, “rastamojka” üçün ərizə yazılacaq. Sonradan DGK-nın saytında bu xidmətin 50 manat olduğunu gördüm. Artıq 50 manatı biz könüllü olaraq gömrük idarəsinə bağışlasaydıq, hədiyyə sayılardı. Amma, həmin pulu onlar özləri bizdən istədiklərinə görə rüşvətdir.
Deməli, tamaşa artıq başlanıb. Bildirirlər ki, 40 manat da avtomobilin dayanacaq haqqı var, nömrə alıb çıxanda ödəyərsiniz. Burada Zamiq deyir ki, maşını Gürcüstandakı soydaşımızdan 2000 kub sm mühərrik adı ilə alıb, lakin, Bakıya gələndə motor 2200 kub sm “çıxıb”. Sağ olsun həmvətənimiz, yalandan and-aman edirmiş ki, maşının mühərrik həcmi 2000 kub sm-dir. Bəlkə də bizə bu rəqəmlər arasında fərq çox görünmür, amma gömrük rüsumunun hesablanması zamanı onlarda 3-4 yüz manatlıq fərq yaranır. Gömrük işçiləri də deyirlər ki, Gürcüstandan gələn avtomobillərdə belə problemlərlə rastlaşırlar. Otaqda olan bir gömrük əməkdaşı ilə tanışlıq yaradıram. Maliyyədə dostunun olduğunu, bizə qiymətdə 100-150 manat güzəş edə biləcəyini deyir. Gömrük idarəsində A.-ya zəng vurub, bir xanıma, yəni mənə sənədləşmədə yardım göstərməyi ondan xahiş edir. Əslində, “tanış” mənə orada sərbəst hərəkət etməyim, prosesi yaxından izləməyim üçün lazımdır. Biz onsuz da dövlətin müəyyən etdiyi rüsumu ödəmək niyyətindəyik ki, bunun üçün də kimdənsə xahiş etməyə ehtiyac yoxdur.
Gənc “Məşədi İbad”ı necə soydular?
2 “pəncərədə” artıq 200 manatımızı alıb, 3-cü qapıya yola salırlar. Burada kompüter arxasında əyləşən bir kişi bizdən 20 manat istəyir. Ona da gah “torpaqbasdı” deyir, gah da “yol vergisi”. Ödənişi təsdiq edən heç bir sənəd təqdim etmir. Soruşuram ki, “torpaqbasdı” nə deməkdir və bizim sənədlərdə 20 manat ödədiyimiz hara yazıldı. O, “heç yana, mən kompüterlə işləyirəm, oraya yazdım” deyir və ödənişi yazdığını göstərir. Amma rəqəm hələlik sistemə daxil olmayıb. Onu istənilən vaxt silmək problem deyil. DGK-nın saytında bu vəsaitin vəsiqə haqqı olduğu göstərilir. Gördüyünüz kimi, gömrükçü bizdən hansı xidmət üçün pul aldığını heç özü də bilmir, vəzifəsi sadəcə “pul almaq”dır.
İndi də ekologiya idarəsinə yollanırıq. Burada maşının guya ekologiyamıza zərər vurub-vurmadığını “yoxlayırlar”. Bu, mənim əvvəllər gömrükdə görmədiyim “xidmət”dir. 3 dəqiqədən də az vaxtda bəlli olur ki, avtomobil “ekoloji standartlara cavab verir”. 52 manat da burada kassaya ödəyirik. Sənədlərin yazılması avtomobilin yoxlanmasından uzun sürür. Öyrənirəm ki, bütün avtomobillər üçün bu “xidmət” eyni qiymətədir. Guya ki, ekoloji təmiz olmayanlar ölkəyə buraxılmır, yoxsa ölkədən çıxarılır? Burda məni yaxşı qarşılayır və demək olar növbədənkənar yola salırlar. Həm də deyirlər ki, gömrük idarəsindən artıq onlara zəng olunub, məni orada gözləyirlər. Hələ ki, Zamiqin pullarını paylaya-paylaya gedirik. Zamiqə baxanda, ondan pul qoparmağa çalışanlara “vallah mən söküldüm” deyən Məşədi İbad yadıma düşür.
Görək Rövşən müəllim nə qiymət qoyacaq...
Artıq prosesin ən həyəcanlı mərhələsi yaxınlaşır. Avtomobil sahiblərinin heç vaxt rüsumları dəqiq öyrənə bilmədikləri DGK AGİ-yə gəlirİk. Zamiq qapıda bir an dayanır, “qoy bir özümə gəlim” deyir. Onu nələr gözlədiyini bilmədiyindən həyəcanlıdır. Zamiqin A.-dan “gözü su içmir”. Onun bizə kömək edəcəyinə inanmır, əksinə, bizdən umacağı olduğuna işarə edir. Gömrük əməkdaşı deyir ki, rəis müavini Rövşən Nəbiyev maşına qiymət qoyacaq. Qapısına yaxınlaşıb növbədə gözləyirik.
Bu arada A. ilə də söhbət edirik. Yaşı 23-dən çox olmaz. “Rövşən müəllim məni görsə, bir az qiymətdə yenəcək”, deyə qürurla başını bir az da qaldırır. Bizə sonrakı prosesi izah etməyə çalışır: “Görək Rövşən müəllim nə qiymət deyəcək. Sonra kassaya pul ödəyərsiz, burada “rastamojka” olacaq. Sonra da gedib “QAİ”dən pul alarsız... eeee nömrə alar, çıxıb gedərsiz”.
Hamımız gülürük. “Pul ağzınızda bitib, deyəsən pul söhbətlərinə çox öyrəşmisiz” deyib dostumuzu yüngülcə sancıram. A. R.Nəbiyevi tərifləyir. Onun bir az insaflı olduğunu deyir: “Kassada oturan Gündüz müəllim Rövşəndən baha qiymət deyir. Hər ikisi qiymət qoyur. Rövşən olmayanda qiyməti Gündüz, müəyyənləşdirir”. Soruşuram: “qiyməti haradan götürürlər, havadan?” Gülürük.
Məmur dövlət rüsumunda 300 manat “endirim” etdi
A. pulumuzun qədərini soruşur. Az olduğunu biləndə tərəddüd edir, qapıdan qayıtmaq istəyir. “O, nə qiymət qoydusa, onu ödəməlisiz”, deyir. Nəhayət, içəri giririk. Salamlaşırıq. Maşının markasını, mühərrik həcmini soruşur. Dərhal qiyməti bir kağıza yazır və ucadan bəyan edir: “3300 manat edir, siz 3000 manat ödəyərsiz”.
Mən qəsdən bir də soruşuram: “Neçə?” Rövşən Nəbiyev təkrarlayır: “3300 manat edir, sizə görə 3000 manat”.
Zamiq: “Xahiş edirəm, bir qədər də güzəşt edin, çünki, maşını 2000 motor adıyla gətirmişdik, burada 2200 çıxdı. Əlavə xərc gözləmirdik”.
Rövşən Nəbiyev: “Ondan aşağı yeri yoxdur”.
Adətən biz dükana, bazara gedəndə endirimləri söruşuruq. Dövlətin təyin etdiyi rüsumdan burada əsər-əlamət yoxdur. Qarşımdakı insan da dövlət məmuru kimu yox, bazarda alverçi kimi davranır. Zamiq isə mağazada işlədiyinə görə “sövdələşmə”ni davam etdirir. Amma R.Nəbiyev üçüncü dəfə deyir ki, artıq “aşağı yeri” yoxdur,
Rövşən Nəbiyev: Allahı qoy bir tərəfə, xahişə bizim əməkdaş gəlib, ona görə o 300 manatı keçirəm.
Mən bilərəkdən təkrar soruşuram: Bizə nə qədər güzəşt etdiniz?
Rövşən Nəbiyev: 3300 manata olan maşındır, 300 manat endirdim.
Mən: İnternetdə hesablamışam, 2200 kub sm mühərrik 2400 manat edib (bilərəkdən aşağı qiymət deyirəm-H.H.).
Rövşən Nəbiyev: Nə qədər qiymət qoymuşdunuz?
Mən: Sənədlərdəki qiyməti, 4200 dollar. Sizin istədiyiniz qədər məndə pul yoxdur. Xahiş edirəm nəzərə alın.
Rövşən Nəbiyev: Mümkün olan şey döyül.
Mən: Zəhmət olmasa deyərsinizmi, onu bu qiymətə hansı qaydada hesablayırsız ki?
Rövşən Nəbiyev: Siz kimsiniz ki?
Mən: Maşının sahibi.
Rövşən Nəbiyev: Çöldə gözləyin. Zamiq kimdir?
Zamiq: Mənəm.
Rövşən Nəbiyev: Əyləş. Bunu kim buraxıb buraya (məni göstərir)?
Mən: Çox xahiş edirəm, bir az mədəni danışın. Adım Hicrandır, “bu” deyil.
Rövşən: Hicran xanım, maşının sizə nə aidiyyatı var?
Mən: Maşın mənimdir (jurnalist olduğumu deməyəcəkdim ki!).
Rövşən Nəbiyev: Nətər sübut edə bilərsiz? Burada yazılıb Zamiq. Siz kimsiniz?
Mən: Maşını mənə gətirib.
Rövşən Nəbiyev: Xahiş edirəm yola salın xanımı.
Mən: İndi doğru dediniz. Xanım. Siz məmursunuz, danışığınıza diqqət edin. Xahiş edirəm maşının gömrük dəyərini də kompüterlə doğru hesablayın, özünüz qiymət deməyin.
Rövşən Nəbiyev: Siz kimsiniz mənə göstəriş verirsiz? Xahiş edirəm bunu yola salın burdan, qapıdan o tərəfə. Gəlib burada qanundan danışır, buna bax!
Rəis müavini hikkəsindən “rüşvəti“ qaldırdı
Mühafizəni gözləmədən öz xoşuma kabineti tərk edirəm. Az sonra Zamiq də çıxır. Qanı qaradır, Qiymət 3300-ə “qalxıb”. Rəis müavini mənə hikkəsindən qiyməti “qaldırıb”. A.-dan rəisi soruşuram. Deyir, İsmayıl müəllim yerində yoxdur, onu isə birinci müvini R.Nəbiyev əvəz edir. Sonradan ən çox şikayət edilən qurum olduğuna görə idarənin rəisi İsmayıl Hüseynovun işdən çıxarıldığını internetdən öyrənirəm. Soruşuram “yaxşı, bu biabırçılıqla bağlı kimə müraciət edə bilərəm?”. Deyir: “Ancaq rəisin birinci müavininə”. Yəni Nəbiyevin özünə. “Obşiy rastamojka” işinə baxan odur. Belə də edirəm.
Qapını açıb vəsiqəmi göstərirəm, artıq bu dəfə kim olduğumu deyirəm. Qışqırır-bağırır, qapını üzümə çırpır. Macal vermir ki, özündən özünə şikayət edib açdığı bazarın səbəbini soruşum. Fikirləşir ki, mən jurnalistəm, avtomobil mənə məxsusdur və öz əmlakıma görə ondan xahiş edəcəm. Amma belə olmur. Çünki, avtomobil mənim deyil və mənim olsa belə, xahiş yox, qanunla haqqımı tələb edərəm.../Bizim yol/
1757 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:20