Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2016

Yazıçı Aysel Əlizadənin Aşura həqarətlərinə tutarlı cavab

Yazıçı Aysel Əlizadə Aşura günü ilə bağlı özünün facebook profilində aşağılayıcı status paylaşıb. Tanınmış yazar İlqar Kamil isə öz növbəsində səsləndirilən fikirlərə çox gözəl və məntiqli formada cavab verib. İslaminSesi İlqar Kamilin cavab yazısını oxucularına təqdim edir.

“Maarifçi, ictimai xadim, yazıçı Aysel Alizade xanım yazır:

“Yüz minlərlə insan gedir məscidlərə, sinə döyür, başına qapaz qoyur, bədənini dağıdır. İndi yüz nəfər də xoşlamır bunu. Mütləq həmin yüz adam da belə eləməlidi? Təzə termin qoşublar - aşurafoblar. Pah! Təzə xəstəlik növü icad edilib. Aşuranı qəbul eləmirsənsə xəstəsən demək. Həm də həkimliyə iddialıdılar. Diaqnoz zad qoyurlar:) Adam xoşlamır da bu mənzərəni, niyə döyüşürsüz, nə istəyirsiz? İnsanın kulturoloji baxışına uyğun gəlmir. İstəyir məsciddə yox, kitabxanada izdiham olsun. İstəyir xalqı özünü döyməsin, kitab oxusun. Fikirləşir ki, bir ərəb nəsli hakimiyyət üstündə bir-birinə girib, biri o birinə qalib gəlib, bunun mənim tariximə, mədəniyyətimə nə dəxli? O da belə istəyir, belə düşünür, zəncir-məncir də xoşlamır. Yığışıb məhz həmin adamı da dinə urcah eləmək istəyi, cəhdi, həkki nə deməkdi? Heç nə başa düşmürəm”.

İndisə gəlin sakit və soyuq başla təhlil edək: Əziz Aysel xanım, qulaqoxşayan sözlər yazmısız, fəqət eyni məntiq elə sizin özünüzü də tutmurmu? Baxın, yüz minlərlə insan öz ixtiyarıyla gedir məscidlərə və öz sevdiyi imamımının şəhadətinə qəşəng-qəşəng matəm saxlayır, bu, sizdən fərqli olaraq onların, elə sizin dilinizlə desək, kulturologiyasına uyğun gəlir, bəs siz onlardan nə istəyirsiz? Bu nə hikkədi, bu nə narahatlıqdı? Siz yüz nəfərin kulturologiyası möhtərəmdi, onlarınkı yox? Dünyada praqmatizm deyilən bir cərəyan var, hər hansı bir ayindi və insanlar bu ayini yaşamaqdan məmnundular, hüzurludurlar, xoşbəxtdilər. Ay atam-qardaşım, millət halından məmnundu, başa düşürsüz? Bizə nə düşüb ki, dayanmadan onlara daş atır, lağa qoyur, olmazın yarlıqlar yapışdırırıq?

Fobiyanın buynuzumu olur, əziz dost? Bir maviyə bir kəlmə söz deyə bilmirsən, dərhal ölkənin aydınlıq iddiası edən adamları hücum çəkib, yenə də sizin dilinizlə desək, həkimlik edir, diaqnoz qoyurlar ki, bu, homofobiyadı. Olsun, bir söz demirik, fəqət o kişi demiş, min dəfə imama ağlıyanda bir dəfə də Yezidə ağlayın də. Ədalətli olun axı: Aşuranın gəlişini pusquda dayanıb gözləyirmişlər kimi, hərə bir bərəkətsiz qələm götürüb sağdan-soldan döşəyir, etmədiyi təhqir qalmır, deyirsiz ki, bu fobiya deyil? Olmur axı belə, əziz dost!

İkincisi, yeni bir tendensiya yaratmısız: dəyəri dəyərlə, kültürü başqa bir kültürlə vurmaq taktikası. Fəqət bilənlər bilir ki, bu, ucuz bir sofistikadan başqa bir şey deyil. Məscidi vurmaq üçün kitabı kullanırsınız, bir dəyəri gözdən salmaq üçün hansısa yaralı yerimizdən sui istifadə edirsiz, bilirsiz axı belə təsirli olacaq. Deyirsiz, "istəyirik məscidlərdə yox, kitabxanalarda izdiham olsun". Bəli, kitabsızlıq bizim yaralı yerimizdir, amma niyə axı məscidlə kitabxananı qarşı-qarşıya qoyursuz? Niyə insanımızın qarşısına zorakı bir seçim sərirsiniz: ya məscid ya kitabxana! Olmazmı həm məscid, həm kitabxana olsun? Olmaz ki, insan elmi, savadı, biliyi kitabxanada, hüzuru məsciddə tapsın? Axı elə mən özüm yüzlərlə belə savadlı və imanlı insan tanıyıram, üstəlik, siz də belələrini tanımamış deyilsiniz! Bəs bu süni qarşıdurma yaratmaq cəhdləriniz nəyin nəsidir?

Dindarlar pis və güvənilməz olsaydılar, Bekir Develi demiş, uşağından imtina edən çarəsiz ana onu məscidin yox, diskotekanın qapısına qoyub qaçardı. Məsələ budur. Azərbaycanda imam ehsanı dadmamış insan yoxdu, ehtiyaclı, ehtiyacsız, hamı haçansa, necəsə nuş edib o ehsandan, halal xoşu olsun, amma bəs necə olur axı bu səxavətli əzadar pis adam olur? Belə şəfqət dolu ayin hansı cəhətiylə incidir sizi? Mən də bunu anlamıram.

Bu xalqın əsrlərdi sevə-sevə yaşatdığı Aşuraya eyninizi belə pozmadan "ərəbin hakimiyyət davası" deyirsiniz, elə bil hansısa dəcəl uşaq əylənmək üçün hansısa evin zəngini basıb qaçır. Savadlı xanım, bu insafsızlıq deyilmi? Yurdumuzun az qala bütün klassikləri Aşura haqda yüksək sözlər deyiblər. Başqa vaxt Məhəmməd Əmin Rəsulzadədən danışanda ağzımıza heç dünya da yerləşmir, amma baxın o kişinin Kərbəla haqda yüksək fikirlərinə, görün nələr danışıb. Ünvanı da yazıram: (İqbal, N 790. 14 noyabr,1914)

Hələ Allah üzümüzə baxıb, şərqdə ilk demokratik respublikanın banisi biz olmamışıq, bu xalqı imamına matəm saxladığı üçün sürgün edərdik.

Deyirik, boş verin ərəbi, tarixi, filanı, Yezid zoru, diktaturanı, zülmü, səviyyəsizliyi, cəhaləti... Hüseynsə əqidəni, azadlığı, insanlıq və alicənablığı simvolizə edir; bu dava iki ərəbin deyil, iki təfəkkürün davasıdı deyirik, insanlar bu matəmlərlə zülmün deyil, haqqın yanında olduğunu bildirir, deyirik, dərhal biri çıxıb etiraz edir ki, “bu saxtakarlıqdı, dindarlar gözlərinin qarşısındakı zülmü görüb etiraz eləmir, amma guya əsrlər əvvəl baş verən hansısa zülmlə barışmır”. Sonra da bunu başa düşmədiyini əlavə edir. Əzizi-mən, burda başa düşülməyəcək nə var ki! Dindar yazıq neyləsin, ağzını açıb etiraz edən kimi damğası hazırdı: radikal qruplaşma, terrorist, iran agenti! Bu gün haqsızlığa etiraz edən nə qədər dindar yatır məhbəslərdə, işgəncələrə məruz qalır, çi fayda? Onları həşərat yerinə belə qoyan yox! Sadəcə buna görə ki, dindardılar!

Nə-sə, Aysel xanım, oyaq vicdanınıza arxalanıb yazıram:

Maarifçi xanımsınız və məhz xanımsınz deyə Nəsimi, Fizuli, Seyyyid Əzim Şirvani, Qasim bəy Zakir, Əbülhəsən Raci, Mirzə Ələkbər Sabir, Şəhriyar... demirəm, sadəcə Xurşudbanu Natavanın adını çəkirəm: gedin oxuyun, necə yanıqlı növhələr yazıb o böyük şəhidlər haqda və bu münasibəti onun ziyalılığı, xeyriyyəçiliyi, mesenantlığı və xanımlığından heç nə əsgiltməyib! “Məclisi-üns”, “Məclisi-fəramuşan” kimi ədəbi məclislərin təməlini qoyan bu xanım bir yandan məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşür, danışır, bir yandan da özünü “Fatimənin kənizi” adlandırıb “Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsin” kimi möhtəşəm bir eşq incisi yaradırdı və bunun biri digərinə mane olmurdu. Bizsə bir dənə avropalı görən kimi az qalırıq öz soykökümüzü inkar edib büzülə-büzülə deyək ki, axx, Misyö, elə mənim babam da fransız olub!

Heç kim sizə demir siz də hansısa məscidə gedib başınıza qapaz qoyun, bədəninizi dağıdın. İnsanların sizdən bircə acizanə istəyi var: mənim matəmimə sayqı duyun, hörmət edin və məni “başına qapaz qoymaq”, “bədənini dağıtmaq” kimi ifadələrlə təhqir etməyin. Bilin ki, incə xanım, bu sayqısızlıq heç kimə fayda verməyəcək. Elə dahi Fizulimiz də bunu deyirdi:

Mahi-məhərrəm oldu, məsərrət haramdır,
Matəm bu gün şəriətə bir ehtiramdır.

Islaminsesi
3566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.10.17, 10:44
Restoranda bıçaqlanma