Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2014

Ərdoğan Fətullah Gülənin hücumları qarşısında orduya sığınır

Türkiyədə 17 dekabr həbslərindən sonra hökumət “terrorçu” kimi tutulan generalların hiylə qurbanı olduğunu etiraf edib

Türkiyədə AKP hakimiyyətini və şəxsən baş naziri təhlükədə qoyan 17 dekabr həbsləri hökuməti vaxtilə “terrorçu” kimi həbs olunan generalların əslində hiylə qurbanı olduğunu etiraf etməyə məcbur edib.

Baş nazir Rəcəb Tayyib Ərdoğan və onun baş müşaviri Yalçın Akdoğan Fətullah Gülənin təriqətini nəzərdə tutaraq bildiriblər ki, dövlət içində möhkəmlənmiş qruplaşma orduya hiylə qurub.

Bu, 2007-ci ildən başlayaraq aralarında Silahlı Qüvvələrin Baş Qərargah rəisi İlkər Başbuğ da olmaqla yüzlərlə hərbçinin, qoşun növləri komandanlarının, uzun illər dağlarda PKK terrorçularına qarşı döyüşlər aparmış generalları ömürlük həbs cəzasına məhkum etmək üçün irəli sürülən ittihamların əslində saxta olduğuna dair hökumətdən gələn ilk etiraflardır.

Baş nazirin və onun müşavirinin “orduya hiylə quruldu” bəyanatlarının ardınca “Ergenekon” və “Balyoz” işləri üzrə həbs olunmuş generalların vəkilləri onların işinə yenidən baxılması üçün məhkəməyə ərizə veriblər.

Məhkəmə bütün məhkumların ərizlərini cəmləşdirəndən sonra işə yenidən baxılmasını mümkün sayır.

Bəs Ərdoğanı və onun hökumətinin mənsublarını generalların saxta ittihamlarla, hiylə yoluyla həbsxanalara doldurulduğunu etiraf etməyə nə məcbur edib? Axı cəmi bir il əvvələ qədər şəxsən baş nazir, onun hökuməti generalların həbsindən və onlara qarşı çıxarılmış ağır hökmlərdən məmnunluqlarını gizlətmirdilər.

Məhz Ərdoğan özü dəfələrlə “Ergenekon” adlı terror təşkilatından bəhs edərək generalların həbsini “Türkiyədə demokratiyanın və xalqın iradəsinin qələbəsi” kimi təqdim edirdi.

Məhz Ərdoğan çıxışlarında gur səslə bəyan edirdi ki, Silahlı Qüvvələrin rəhbərləri “dövlət içində dövlət qurub” xalqın seçdiyi qanuni hökuməti devirmək üçün planlar qurub.

Belə görünür ki, Ərdoğanın bu kəskin ziddiyyətli mövqeyini vaxtilə onu hakimiyyətə gətirmiş qüvvənin - Fətullah Gülənin və təriqətinin ondan üz döndərməsi ilə izah etmək lazımdır. Hansı ki, Ərdoğan-Gülən ittifaqı Türkiyədə siyasi İslamın hakimiyyətə gəlməsi yolunda əsas maneəni - cümhuriyyətin qurucusu Atatürkdən dünyəvi dövlət rejimini qorumaq vəzifəsini alan Silahlı Qüvvələri zərərsizləşdirmək üçün baş nazirin indi etiraf etdiyi kimi hiyləgər taktikadan istifadə etdilər.

Bu ittifaq öz məqsədlərinə böyük ölçüdə çata bilib. Ancaq dərhal sonra Ərdoğanla Gülən arasında hakimiyyət uğrunda mübarizə başladı və indi göründüyü kimi, onların arasında əsl müharibə gedir.

Bu müharibədə tərəflər öz sərəncamlarındakı bütün mümkün rıçaqlardan istifadə edirlər. Fətullah Gülənin polisdə, prokurorluq və məhkəmə orqanlarında möhkəmlənmiş sadiq tərəfdarları Ərdoğan və onun ailə üzvləri də daxil olmaqla hökuməti ifşa edən dəlilləri açıb-tökürlər. Keçmiş müttəfiqinin hücumları qarşısında özünü itirən Ərdoğan əvvəlcə jurnalistlər qarşısında bildirdi ki, təriqətin hökuməti sarsıtmağa yönəlmiş addımlarının səbəblərini başa düşmür.

“Axı nə istədilər də vermədik?!” - Ərdoğan jurnalistlərin qarşısında təriqəti nəzərdə tutaraq elə beləcə də dedi.

Daha sonra vəziyyətin ciddliyini, 17 dekabr həbsləri ilə başlayan proseslərin hökuməti ciddi təhdid etdiyini görən baş nazir əks-hücum takikasına keçərək keçmiş müttəfiqini ağır ifadələrlə tənqid etməyə, onu müsəlmana yaraşmayan əməllərdə ittiham etməyə və dövət içində dövlət qurmaqda günahlandırmağa başladı. Və bu əks-təbliğat hücumunda məlum kompromat da açıldı. Baş nazir elan etdi ki, Silahlı Qüvvələrin mənsublarının kütləvi həbsinin də arxasında əslində Fətullah Gülən dayanır və bütün bu həbslər hiylə yolu ilə həyata keçirilib.

11 ildir hakimiyyətdə olan, yuxarıda qeyd edildiyi kimi, generalların terrorçu kimi həbsini mafiyalara qarşı uğurlu mübarizə, xalqın iradəsinin bərqərar olunması adlandıran baş nazirin bu etirafı şübhəsiz ki, onun özünü siyasi məsuliyyətdən azad etmir. Əgər baş nazir orduya qarşı hiylə qurulduğunu bilirdisə, o zaman nədən bu hiylənin qarşısını almırdı, əksinə, hiyləyə açıq dəstək verirdi?

Ərdoğanın bu suala nə cavab verəcəyini görmək maraqlı olardı. Bununla belə onu hiylə etirafına məcbur edən səbəblər məlumdur. Əlində saysız-hesabsız kompromatlar cəmləmiş və dövlət strukturlarında özünə möhkəm yer etmiş, ABŞ və İsraillə müttəfiq olan təriqətin amansız hücumları Ərdoğanı və hökumətini xilas ola bilmək üçün yeni müttəfiq axtarmağa məcbur edir.

Bu müttəfiqlərdən biri PKK və onun həbsdəki lideri Abdulla Öcalandır. Ərdoğan-Gülən müharibəsi başlayandan sonra yüksək rütbəli PKK mənsubları açıq şəkildə birincinin tərəfində dayanaraq təriqəti hədəf alan bəyanatlar səsləndirməkdədir. Məsələn, PKK-nın İraqın şimalındakı Qəndil dağlarındakı silahlı dəstələrinin komandiri Cəmil Bayık bildirib ki, bu ilin yayında Parisdə üç PKK mənsubunun öldürülməsinin arxasında təriqət dayana bilər.

Abdulla Öcalanın Ərdoğan-Gülən qarşıdurmasına dair mövqeyini isə hökumətin nəzarətində olan qəzetlərdən “Yeni Şafak”ın yazarı Abdulkadir Selvi çatdırıb. O, öz yazısında Öcalanın mövqeyinə istinadla bildirib ki, əgər onun dəstəyi olmasa, təriqət Ərdoğanı Misir prezidenti Məhəmməd Mursi kimi həbsxanaya salıb mühakimə edəcək.

A.Selvinin fikrincə, indi Ərdoğanın xilas yolu kürd məsələsinin həlli üçün təcili tədbirlər görməsi ola bilər. Ərdoğan kürd məsələsinin həlli üçün qəti addımlar atsa o zaman PKK onu dəstəkləyəcək və Fətullah Gülən tərəfindən məhv edilməsinə imkan verməyəcək.

Lakin PKK ilə müttəfiqlik Ərdoğana keçmiş müttəfiqinə qalib gəlməyə bəs etməz. İctimai rəydə baş nazirin və hökumətin terror təşkilatı ilə açıq işbirliyində olması, Öcalanla danışıqlar aparıb anlaşma əldə etməsi şübhəsiz ki, müsbət qarşılanmır.

O zaman öz avtoritar siyasəti ilə Qərbin də dəstəyini itirən Ərdoğana ölkə içində yeni müttəfiq tapmaq lazım gəlir. Nə qədər ziddiyyətli olsa da belə müttəfiq Silahlı Qüvvələr ola bilər.

Ən azından Ərdoğan generalların həbsinin məsuliyyətini keçmiş müttəfiqinin üzərinə ataraq onların yenidən mühakimə olunmasının və barələrində irəli sürülmüş ittihamların saxta olduğunu elan etməklə həbsdən buraxılmalarının yolunu aça bilər. Bunun əvəzində isə təriqətə qarşı mübarizədə Silahlı Qüvvələrin dəstəyini qazanmağı hesablayır.

Ərdoğanın keçmiş müttəfiqinin dəstəyi ilə siyasi güc olaraq sıradan çıxardığı silahlı qüvvələr hökumətlə təriqət arasında müharibəyə qarışmadığını rəsmən elan edib. Bununla belə Baş qərargah fürsətdən istifadə edərək yaxın keçmişdə generalların da eyni taktika ilə həbsə atıldığını xatırladıb.

Ərdoğana bağlı qəzetlərdən “Sabah” yanvarın 1-də sensasion məlumatla çıxış edərək yazıb ki, dekabrın 18-də, ölkəni silkələyən həbslərin ertəsi günü Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıc Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel və qoşun növlərinin komandanları ilə görüş keçirib.

Görüşdə həbsdəki ordu mənsublarının barələrində çıxarılmış hökmlərin qurama ittihamlara söykənməsindən və onların məsələsinə yenidən baxmaq üçün mümkün hüquqi mexanizmlərdən söhbət gedib.

Digər məlumata görə, hökumətdə də generalların məsələsinə yenidən baxılması üçün hüquqi mexanizmləri asanlaşdırmaq barədə yollar axtarılır.

“Sabah” qəzetinin yazarı Abdurrahman Şimşək isə telekanalların birində Fətullah Gülən təriqətinin “əmniyyəti, maliyyəni, milli təhsili, hər şeyi ələ keçirdiyini” deyib.

Baş nazirin əsas ideoloqlarından olan yazarın dediklərindən sitat: “Hər şeyi istəyirlər, sən mənim sayəmdə bu əsgərləri endirdin, deməli, hər şeyi mənə verməlisən deyirlər. Hüquq hamıya lazımdır. Amma bunlar hüquq da tanımır. Biz dövlətik deyirlər. Çoxu ilə görüşdüm, Tayyib Ərdoğanı da endirəcəyik, əsgərləri də endirəcəyik deyirlər. Hoca (F.Güləni nəzərdə tutur-red.) 2018-ci ildə Türkiyəyə gələcək. Gəldiyi zaman da xəlifə şəklində hər şeyi ələ keçirmiş vəziyyətdə bizim əlimizdə olacaq deyirlər”.

AKP ideoloqlarının bu mesajlarının hansı məqsəd güddüyü aydındır: Silahlı Qüvvələr hökumətə açıq dəstək verməsə, Gülən hər ikimizi “aşıracaq”. Bəs Ərdoğan hökuməti generalların azadlığa buraxılmalarını təmin edəcək gücə malikdirmi? Əgər bu, baş versə, ordu vaxtilə onu düşmən kimi görən siyasi qüvvəni təriqət qarşısında müdafiə edərmi?

Bunlar hələlik cavabı məlum olmayan suallardır.

1515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19
Taleh Bağırzad