Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2014

Əli Kərimlinin müraciətinə Əli Nasirdən maraqlı cavab

Azərbaycan Xalq Hərəkatının öncül simalarından biri, şair Əli Nasir Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin “facebook” üzərindən Azərbaycan vətəndaşlarına ünvanladığı “Demokratik düşərgənin canlanması üçün nə etməli?” sualına reaksiya verib. Şairin bütövlükdə demokratik düşərgəyə müraciət kimi səslənən fikirlərini təqdim edirik:

***

Əziz milli qardaşlarımız, mən siyasətçi deyiləm. Amma elə bilirəm ki, məni Azərbaycan ailələri şair kimi qəbul edir. Bəzən şairlər də siyasətdə lazım olur. Məsələn Nəsimi, Xətai, Zülfiqar, Cavid, Ulutürk kimi.
İcazənizlə, sizə bəzi qardaşyana sözlərimi bəyan edim, bəlkə lazım oldu.

Mən Milli Şuranın builki ilkin mübarizə meydanlarında şairləri görmədim.Amma onlar lazım idi. Böyük müəllimlər, həkimlər, alimlər, fəhlə və qulluqçular ordusunun qoşulması gözə dəymədi. Gənclik çox zəif işartılarla yadda qaldı. Mütəşəkkillik və birgəlik çox zəif idi. Daxili intizam istənilən səviyyədə deyildi. Bu, xalq işidir. Xalq işində Azərbaycanın millətləri təmsil olunmalıdır (hərçənd, talışlar az-çox görünürdülər). Bu da bəzi məhdud düşüncəli adamlarda qıcıq yaradırdı.

Dili, adət-ənənəsi və kompakt yaşayış ərazisi olan millət, millətlərin birgəlik vahidi isə xalqdır. Xalqı təşkil edən millətlər toplumunun yaratdığı hüquqi vahid isə dövlətdir. Dövləti də həmin millətlərin nümayəndələrindən təşkil olunmuş insanlar idarə edir. Buna da deyirlər hökumət. Bütün ölkələrdə hökumətlərə nəzarət edən müxalifət, müxalifətə və iqtidara nəzarət edən xalq var. Hansı ölkədə iqtidar özünü doğrultmursa, müxalifətdə olan alternativ işə düşür. Xalq doğrudan da mövcud olandan üstün alternativ görürsə, tərəzinin o tərəfini basır və nəticədə köhnəsi yenisi ilə əvəzlənir.

Qardaşlarım, mən bizdə köhnəlmişi ilə razı olmasam da, yenisinin də hələ öz üzərində çox işləməli olmasına zərurət görürəm. Yaxşısı - gec olsun, amma güc olsun, gözəl olsun, təmiz olsun, dürüst olsun.
İnqilab xarici əsarətdən qurtamaq üçün yeganə yoldur. Bunu bu xalq edib - bütün millətlərinin birgə qardaşlıq əzmi ilə. Lakin daxili ədalətin bərpası, nizamlanması ondan da qat-qat çətin olur. Ona da mən bilən, "Demokratiya" deyirsiniz. Qabaqdan sınaq dolu illər gəlir. Sizin gələcəkdə məmləkətimizi o sayaq görmək istəyiniz varsa, buyurun bu günkü idarəçilikdə olan zəif nöqtələrin sağlam əksini nə sayaq tapacağını öz platformanızda qeyd edin. Qoy bu millətlər birliyi olan xalq oxusun və tərəziyə baxsın. Tərəzidə xalqın basdığı tərəf çəkəcək. Bir millətə başı, o birilərinə ayağı göstərmək olmaz. Bu, xəstəlikdir və belə xəstələr çoxlu bədxahı olan bu xalqa bir vahiddə toplanmağın yolunda uçurum yaradanlardır. Mən siyasətçi kimi danışmıram, sizin bir qardaşınız kimi danışıram.

Qardaşlar, Azərbaycan mono deyil. Bu ailədə olan bütün millətləri zaman bir məkanda bərabərhüquqlu qardaş qərar vermişdir. Bu təbii qanuna zidd gedən hər bir toplum gec-tez məhvə məhkumdur.

Azərbaycan vətəndaşının şəxsi azadlığı bu məmləkətin, bu qardaşlıq diyarının yenilməzliyinə gətirib çıxaracaqdır. Əks hala bu günümüz əsil bariz nümunədir. Qardaşlarım, siz mən şairə etiraz etməyə tələsməyin. Müxalifətdə olan stajlı rəhbərlərdən soruşun, sonra mənim ürəkdən gələn bu cümlələrimə sözünüzü deyərsiniz. Hamımız Azərbaycan naminə yaşamalıyıq. Bunu bizim üçün sizlər təmin etmək arzusundasınız. Arzularınız çin olsun!

Yaşasın cəmiyyətimizdə insanlaşdırmaq işi ilə məşğul olanlar! Yaşasın həyatını Azərbaycan məmləkətini qardaşlıq, ədalət, bərabərlik, yenilməzlik səmtinə aparanlar!

Bu məmləkətin siması, onun təmsilçiləri ana südü qədər təmiz, ata qüruru qədər əzəmətli və namuslu olmalıdırlar. And özü özlüyündə adi sözlərdən ibarət bir fikirdir. Lakin baxır andı kim içir. And içək şəhid qardaşlarımızın ruhuna ki, məmləkətimizin əsil birüzlü insanların idarəçiliyinə verilməsində bax o haqq olan tərəzinin yanında duracağıq.

Monarxiya, avtoritarizm, qəddarlıq, qohumbazlıq, bölgəbazlıq, millətbazlıq geri! Vətəndaşlıq, qardaşlıq, bərabərlik, kişilik, qarşılıqlı məhəbbət və mehribanlıq irəli! Elə bilək ki, sabah səhərdən hər şeyi yenidən, ağ vərəqdən və təzə sətirdən başlayırıq.

Uğur olsun Azərbaycan!/azadlıq/
1655 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı