Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2014

Ərdoğanla Gülən arasında “buzlar əriyir”

Fətullah Gülən Ankaraya «sülh məktubu», baş nazirə isə iki imzalı kitabını göndərdi

«Le Monde»: «Uzun müddət Ərdoğanın kölgəsində qalan Gül indi onun ciddi rəqibinə çevrilib»

Bir neçə gündür Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğana gələn “sülh məktubu” müzakirə olunur. Məktub məsələsi baş nazirin yanvarın 4-də 40-a yaxın media mənsubunu səhər yeməyinə dəvət edib, onlarla son olayları müzakirə edərkən ortaya çıxdı. Lakin həmin görüşdə Ərdoğan məktubun kimdən gəldiyi və içərisində nələrin yazıldığı barədə heç bir açıqlama vermədi. Jurnalistlərin “Məktub Fətullah Güləndənmi gəldi?” sualını isə baş nazir cavabsız qoydu. Amma çox keçməmiş məlum oldu ki, məktub elə Fətullah Güləndən gəlib. Lakin ehtimal edildiyi kimi, Ərdoğana yox, prezident Abdullah Gülə. Sadəcə, orada Ərdoğana da ünvanlanan bəzi məqamlar yer alıb.

Gül adamlarını Gülənin qəbuluna göndərib

Məktubla bağlı bütün qaranlıq məqamlar Fətullah Gülənə məxsus “Herkul.org” saytında yayılan açıqlamadan sonra ortaya çıxdı. Məktub 17 dekabrda başlayan və Türkiyəni silkələyən “böyük rüşvət” əməliyyatı və bu olaylarda “Gülən camaatının” adının hallandırılması, ittihamlara tuş gəlməsi ilə bağlı idi. Gülənin müəllifi olduğu məktubda əvvəlcə o qeyd olunur ki, prezident Gül məlum olaylar ətrafında mübahisələrin böyüməsini önləmək üçün fərqli kəsilmlərlə görüşüb məsləhət almağı, o cümlədən Fətullah Gülənin də mövqeyini öyrənməyi vacib sayıb. Bu məqsədlə də fikirlərini bildirməsi üçün dekabrın 21-də öz adamlarını Gülənin yanına göndərib. Həmin adamlar Gülənlə söhbət zamanı ondan Ankaraya mövqeyini yazılı şəkildə çatdırmağı xahiş ediblər. Fətullah Gülən də məktubla açıqlamağı daha məqsədəuyğun sayıb. Gülən məktubun əvvəlində dərsanələr məsələsinə toxunaraq onların mövcudluğunun Türkiyə üçün faydasından, qapadılma qərarının isə yanlış olmasından bəhs edib. Bununla belə, dərsanələrlə bağlı ondan müqavimət göstərməyi tələb edənlərə “Sülh tərəfdarı olacağımıza və əlimizdən gəldiyi qədər hər kəsi sükunətə çağıracağımıza əmin olun” mesajını verdiyini xatırladıb. Gülən hər fürsətdə çevrəsinə “Gəlin, gündəlik olaylarla başımızı qatmayaq, imanımızı dərinləşdirməyə və xidmətlərimizi davam etdirməyə çalışaq” tövsiyəsini verdiyini də bildirib.

“Kiməsə əmr verməmişəm, məmurları səfərbər etməmişəm”

F.Gülən bildirir ki, dövlətin fəaliyyətilə bağlı əmr vermək, müdaxilə etmək və məmurları hansısa addıma səfərbər etmək kimi, cəhdlər göstərməyib. Lakin bunun müqabilində bəzi media orqanları qarayaxma kampaniyası aparıblar və bəzi hallarda da etik hədləri aşıblar. Gülən prezident Gülün bu kampaniyanı dayandırmaq üçün əlindən gələni edəcəyinə ümidvar olduğunu bildirib. Və qeyd edib ki, əməliyyat çərçivəsində öz vəzifələrini həyata keçirən bəzi məmurlara qarşı yaradılan maneələri təəssüflə izləyib: “Dövlət məmurlarının üzərinə gedib vəzifələrini yerinə yetirməyə imkan verməmək və heç bir günahları olmaya-olmaya cəzalandırmaq yolverilməzdir. Mən və sevənlərim bunu sükutla qarşılasaq belə, məşhəri vicdan susmayacaq”.

“Bu ayrı-seçkiliyin qarşısı alınmasa...”

Gülən bu olaylar zamanı haqsızlığa məruz qalan bir çox insanla görüşdüyünü, lakin onların heç birini kiməsə qarşı yönləndirmədiyini, sadəcə, səbrli olmağı tövsiyə etdiyini bildirib: “Əgər bu ayrı-seçkiliyin qarşısı alınmasa, sabah başqa vəzifələri tutanlar da eyni münasibətlə üzləşəcəklər”.
Fətullah Gülən məktubunda qarşıdakı seçkilərə də işarə edərək AKP hakimiyyətini dəstəkləyəcəklərinin mesajını verib: “Mən və sevənlərim dünən hansı sırada yer almışıqsa, yaxınlaşan seçim mərhələsində də eyni yerdə olacağıq. Mən hər zaman sülh və hüzurun, birliyin yanında yer almışam və sevənlərimə də bunu təşviq etmişəm. Bu yaşımda başqa bir sevda, düşüncə və niyyətim ola bilməz. Tərəfdarlarıma və dostlarıma bundan sonra da bu dediklərimi tövsiyə edəcək, hüzurun bərqərar olması üçün əlimdən gələni əsirgəməyəcəm. Hər zaman sülhün dəstəkçisi olacam”.
O da məlum olub ki, Fətullah Gülən məktubla birlikdə Ərdoğana iki imzalı kitabını da göndərib və baş nazirə xoş arzularını çatdırıb.

“Le Monde”: “Yaranmış siyasi böhrandan ən çox Gül yararlana bilər”

Fransanın məşhur “Le Monde” qəzeti öz səhifəsində növbəti dəfə Türkiyədəki son olaylara yer ayırıb. Qəzet yazır ki, uzun müddət baş nazir Ərdoğanın kölgəsində qalan prezident Gül son aylar onun əsas rəqibinə çevrilib. Yazı müəllifinin fikrincə, Türkiyəni sarsıdan “böyük rüşvət əməliyyatı” ilə bağlı Güllə Ərdoğanın mövqeyi bir-birinə tam ziddir: “Biri səhnəni monopoliyaya alıb, mitinqdən-mitinqə qaçır və onu yıxmaq üçün tələ qurulduğunu dilə gətirir. O biri də Çankayadakı prezident iqamətgahından sakitləşdirici və üzərində çox düşündüyü bir fikri dilə gətirmək üçün çıxır.  Baş nazir ətrafının hədəf alındığı ittihamlara qarşı əks-hücuma keçərkən, prezident sakit şəkildə uyğun zamanı gözləyir. Yüksəlişini seyr etdiyi hörmətli Ərdoğanın uzun müddət kölgəsində qalan Gül son aylarda onun ən ciddi rəqibinə çevrilib. AKP-nin iqtidara gəldiyi 2002-ci ildən bu yana görünməmiş bu siyasi böhrandan ən çox yararlanan da məhz Gül ola bilər”.
Qəzet 31 dekabr gecəsi Ərdoğanın xalq qarşısında sərt bir çıxış etdiyini, Gülün isə “moderator” qismində gözə dəydiyini xatırladıb.
Bu arada, prezident Gül növbəti dəfə “böyük rüşvət əməliyyatı” ilə bağlı yerli jurnalistlərin suallarını cavablandırıb. Gül bildirib ki, korrupsiya və rüşvət halları varsa, prokurorluq və məhkəmə bunu mütləq araşdırıb üzə çıxarmalıdır. Əks halda, korrupsiya dövləti içindən çürüdə bilər. Son baş verənlərin Gəzi parkı olayları ilə hər hansı əlaqəsinin olub-olmamasına gəlincə, prezident bu iki hadisə arasında paralellik görmədiyini deyib. Qarşıdakı seçkidə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı sualı isə Gül “Bu barədə danışmaq hələ çox tezdir, zamanla hər şey müəyyənləşəcək” deyərək cavablandırıb.

“Bir daşla qətliam etmək istədilər”

Baş nazir Ərdoğan isə xalqla son görüşlərində yenə bəzi prokurorların ünvanına ittihamlar səsləndirib: “Bu necə prokurordur ki, ifadə verməyə gələn adama ”Iki dəqiqə vaxtın var, ifadəni ver, çıx" deyir. Üstəlik, “Əfəndilərinizə deyin, gəlib sizi xilas etsinlər” əlavəsini edir. Belə də prokuror, belə də araşdırma olar? Həmişə demişəm, indi də təkrar edirəm, bu, millətin iradəsinə qarşı oynanılan oyundur. Bir daşla bir quş vurmadılar. Bir daşla qətliam həyata keçirməyə çalışdılar".

1483 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 16: