Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Öcalanı hәbs edәn general hәbsdә qaldı

Öcalanı hәbs edәn general hәbsdә qaldı, sevәnlәr - azadlıqda

Türkiyədə həbsdə olan PKK-çı deputatlar azadlığa buraxılsa da, əfsanə general, millət vəkili Engin Alan hələ də məhkumluq həyatı yaşayır.

Türkiyədə həbsdə olan deputatlar azadlığa buraxılıb. Bir qədər əvvəl azadlığa buraxılan CHP-dən deputatlar Mustafa Balbay və Mehmet Haberaldan sonra bu dəfə KCK (PKK-nın da daxil olduğu kürd təşkilatları birliyi) prosesində həbs olunmuş 5 deputat azadlığa buraxılıb. Yanvarın 5-də azadlığa buraxılan KCK üzvü deputatlar Selma Irmak, Kemal Aktaş, Faysal Sarıyıldız, Gülser Yıldırım və İbrahim Ayhanı Şırnakın Cizre mahalında 20 mindən artıq insan qarşılayıb.

PKK simpatizanları Konstitusiya Məhkəməsinə etdikləri fərdi müraciət nəticəsində həbsdən azad ediliblər. Onlar bir neçə il idi ki, terror təşkilatı üzvü olmaqda ittiham edilərək həbs olunmuşdular. Azadlığa buraxılan deputatlar izdihama kürd dilində müraciət edərək kürdlərin mübarizəsinin uğurla nəticələndiyini bildiriblər. Qeyd edək ki, azadlığa buraxılan kürd deputatların 4-ü PKK-nın siyasi qanadı hesab olunan BDP-nin üzvü, bir nəfəri isə müstəqil deputatdır.

Qeyd edək ki, həbsdə olan 7 deputat azadlığa buraxılsa da, yalnız Milliyyətçi Hərəkat Partiyasından deputat seçilmiş general Engin Alan həbsdə qalır. Türkiyə ordusunun generalı, uzun illər separatçı qruplara qarşı savaşmış, MHP siyahısından İstanbuldan deputat seçilmiş Engin Alanın azadlığa buraxılmaması Türkiyədə narazılıqla qarşılanıb. Məsələ burasındadır ki, daha əvvəl azadlığa buraxılan CHP deputatları, o cümlədən iki gün əvvəl azad edilən KCK tərəfdarı olan deputatlar barəsində məhkəmə qərarı verilməyib. Yəni onlar məhkəmə hökmü olmadan elan olunmadan azadlığa buraxılıblar. Ancaq Türkiyə mətbuatının yazdığına görə, E.Alan barəsində artıq məhkəmə hökmü var və onun azadlığa buraxılması üçün hüquqi imkanlar daha münasibdir. Qeyd edək ki, Engin Alan Azərbaycanda da fəaliyyət göstərib və ölkəmizin hərbi elitası ilə sıx münasibətləri var.

Balyoz (“kuvalt”) məhkəməsi prosesində həbs olunaraq 18 il azadlıqdan məhrum edilən general Engin Alan 31 mart 1945-ci ildə İstanbulda dünyaya gəlib. 1965-ci ildə Quru Qoşunları məktəbini bitirən Engin Alan orduda xidmətə başlayıb. Daha sonra Quru Qoşunları Akademiyasında təhsilini davam etdirib. Baş Qərargahın xüsusi təyinatlı qüvvələrin qərargahında zabit, xüsusi təyinatlı briqadanın qərargah rəisi, Baş Qərargah yanında xüsusi təyinatlı qüvvələrin təlim mərkəzində qrup rəhbəri, qərargah rəisi, 5-ci desant alayının komandanı, 2-ci korpusun qərargah rəisi vəzifələrində çalışıb.
1992-ci ildə general rütbəsi alan Engin Alan bir müddət Türkiyənin Moskvadakı səfirliyində attaşe vəzifəsində çalışıb. Daha sonra Azərbaycana göndərilən general Engin Alan bir müddət Azərbaycanda hərbi attaşe vəzifəsində çalışıb. General Engin Alan 1974-cü ildə Şmali Kiprdə həyata keçirilən desant əməliyyatında (“Kıbrıs herekatı”) iştirak edib. 1999-cu ildə PKK lideri Abdulla Öcalan və müavini Şemdin Sakıkın həbs olunması əməliyyatında Türkiyə tərəfdən rəhbərlik edib, Türkiyə xüsusi təyinatlılarına komandanlıq edib. 2000-ci ildə rütbəsi artırılaraq general - leytenant rütbəsi alıb. Bundan sonra müxtəlif ordu birliklərində təchizat hissələrinə rəhbərlik edib. 2005-ci ildə ordudan tərxis olunub.

Ordudan tərxis olunduqdan sonra da fəaliyyətini davam etdirən Engin Alan Türk Silahlı Qüvvələri Gücləndirmə Vəqfinə rəhbərlik edib. 2011-ci ildə Türkiyədə ordu mənsublarına qarşı çevriliş hazırlamaq ittihamı ilə başladılan həbslər zamanı (Balyoz davası) Engin Alan da həbs olunur. 2012-ci ildə Ağır Cinayətlər Məhkəməsi general Engin Alanı 18 il azadlıqdan məhrum edir.

2011-ci ilin yayında Türkiyədə keçirilən parlament seçkilərində MHP-nin siyahısından İstanbuldan deputat seçilib. Bundan başqa, həbsdə olduğu müddətdə barəsində ikinci məhkəmə hökmü çıxıb. “28 fevral” prosesində ittiham olunan E.Alan 2012-ci ildə həbs cəzası alsa da, 2013-cü ilin yayında bu ittihamla məhkumluq üzərindən götürülüb.
Türkiyə ordusunda, ölkə daxilində və xaricdə keçirilən xüsusi əməliyyatlara görə general Engin Alan Kipr savaş medalı, Türk Silahlı Qüvvələri Cəsarət və Fəraqət medalı, TSK Uğur medalı kimi medallara layiq görülüb. Hazırda Sincan həbsxanasında saxlanılan Engin Alan Abdulla Öcalanın saxlanıldığı məşhur əməliyyatdan sonra dövlət məmurlarından birinə “bir gün o, (A.Öcalan) Ankaraya gələcək, mən İmralıya (Öcalanın həbsdə saxlanıldığı ada-həbsxana) aparılacağam” - dediyi bildirilir. Türkiyə ordusunun, xüsusən də xüsusi təyinatlı qüvvələrin “əfsanəsi” hesab olunan generalın dedikləri bir mənada təsdiqini tapır. PKK tərəfdarları azadlığa buraxılır, separatçılara qarşı savaşan general isə hələ də həbsxanada saxlanılır./Müsavat/
1484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı