Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

NZS-də evləri sökülən sakinlərə hər kv.m üçün 150 AZN kompensasiya verilir

Xətai rayonu, Babək prospekti, İlham Məmmədov küçəsində yaşayan bir qrup sakin ədalətli konpensasiyanın ödənilməsindən şikayətlənir. Səbəb isə onların həmin küçədə yerləşən evlərinin sökülməsi müqabilində kompensasiya məbləği olaraq hər kv.m-ə 150 AZN təyin edilməsidir. Bu barədə Deyerler.Org-a İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova məlumat verib.

“Diqqətinizə çatdırmaq istərdik ki, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, İlham Məmmədov küçəsində yaşayan 168 ailə yaşadığı mənzillərinin kütləvi şəkildə kompensasiya ödənilmədən sökülməsinə dair yaranmış narahatlıqla bağlı müraciət etmişdir. Bununla əlaqədar bir neçə dövlət orqanına müraciət ünvanlansa da, müraciətlərə heç bir cavab verilməmişdir.

Tərəfimizdən müxtəlif instansiyalara müraciətlər ünvanlanmış, lakin bir ildən artıq vaxt keçməsinə baxmayaraq, məsələ hələ də öz həllini tapmayıb.

Xətai rayonu, Babək prospekti, İlham Məmmədov küçəsində yaşayan bir qrup sakin ədalətli konpensasiyanın ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Konpensasiyanın verilməsi tələbi ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekspertiza qərəzli aparılması müşahidə edilmiş, yalnız səkkiz aydan sonra ekspertizanın rəyi bəlli olmuş, ekspertiza rəyində qiymətlərin nəyə əsaslandığı göstərilməmişdir. Belə ki, ekspertiza rəyinə əsasən, mənzilin hər kv. metri üçün 150 AZN əla təmirli mənzil üçün isə 300 AZNməbləğində konpensasiyanın ödənilməsi müəyyən edilib, ekspertiza rəyində mənzillərin sahəsi bilərəkdən az göstərilib.

Bundan başqa, indiyədək də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, İlham Məmmədov küçəsində binaların yerləşdiyi torpaq sahəsinin “Azərneftyağ” Neft Emalı Zavodunun ərazisinə daxil olub-olmaması müəyyən edilməyib.

Bir ildən artıqdır davam edən məhkəmə çəkişmələri, işin obyektiv və tam araşdırılmaması sakinlərin əsəblərini artıq tarıma çəkib. Nəticədə isə 500-dən çox vətəndaşın evsiz qalması ciddi sosial gərginliyə gətirib çıxarıb.

Prezidentin 2011-ci il martın 9-da keçirdiyi müşavirədə Bakıda evlərin qeydiyyata alınması sahəsində problem olduğunu və bu problemin həllində xoşagəlməz halların qarşısını tam şəkildə almağın vacib olduğunu söyləyərək, Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə BŞİH başçısına tapşırıq vermişdir. Çıxışda bildirilmişdir: “O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər. Rüşvət, əsassız maraqlar da ola bilər. Bu, reallıqdır. Ona görə də, göstəriş vermişəm ki, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənsin. Biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürəcəyik. Yoxsa, xoşniyyətli təşəbbüs bəzi adamların tamahkarlığı ucbatından bizə problem gətirər. Ona görə, bu mexanizm işlənilməlidir. Çox ciddi təftiş aparılmalıdır ki, hansı evlər qeydiyyata alınsın. Ancaq gələcəkdə bu qanunsuz evlərin tikintisinə yol verilməməlidir”.

Müşavirədəki çıxışdan iki il ötüb. Bundan əlavə, ötən il iyunun 27-də “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi üçün komissiya yaradılması” haqqında sərəncam da imzalanmış və Prezident Administrasiyasının rəhbərinin sədrlik etdiyi komissiyanın tərkibinə baş nazirin müavini, Daxili İşlər, Nəqliyyat, Ədliyyə nazirləri, iqtisadi məsələlər üzrə prezident köməkçisi, ictimai-siyasi məsələlər, qanunvericilik və hüquq ekspertizası məsələləri üzrə şöbə müdirləri, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, Bakı şəhər İcra Hakimiyyətinin başçısı, Dövlət Neft Şirkətinin prezidentinin daxil olduğu Komissiya yaradılmışdır.

Həmin müşavirədən bir gün sonra ARDNŞ prezidenti evlərinsökülməyəcəyini demiş və əlavə olaraq bildirmişdir ki, “Hökumətdə komissiya yaradılıb, bu məsələlərə baxılır. Hansı qərar qəbul olunsa, biz onu yerinə yetirəcəyik. Hökumətin qərarını gözləyirik”.


Komissiya sərəncamda göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırıb təklifləri üç ay ərzində prezidentə təqdim etməli olduğu halda, təkliflər hələ də təqdim edilməyib. Bundan istifadə edərək insanların evlərinin sökülməsi davam edir.

Azərbaycan dövləti 13 avqust 1992-ci il tarixdə BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlara Dair Konvensiyasını ratifikasiya edib. Ölkə həm də 15 aprel 2002-ci il tarixindən “İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında” konvensiyanın iştirakçısı kimi Avropa Məhkəməsinin yurisdiksiyası altında məcburi köçürülməni və evlərin zorla dağıdılmasını qadağan edən beynəlxalq öhdəliklərə sahibdir.

Prezidentin 27 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamında Azərbaycan Respublikası insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürməsi qeyd edilmişdir.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırmaq sahəsində Milli Fəaliyyət Proqramının, eləcə də aztəminatlı ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş Dövlət Proqramının yalnız kağız üzərində qalması, dövlət orqanlarının insanların taleyinə və əmlakına biganə yanaşması sakinlərin yeganə yaşayış yerlərindən məhrum olmalarına, bu isə öz növbəsində kütləvi narazılıqlara səbəb olur. Azərbaycanda insan hüquq pozuntularının son dövrdə ardıcıl artması ölkənin beynəlxalq arenada imicinə mənfi təsir göstərir”./deyerler/
1672 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26