Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Çörəyi hasarlanıb türməyə dönən Qobustan

Yaxud ikiyə bölünmüş qəsəbənin sakinlərini dekorativ hasarların dibindəki quyuya kim salıb... 

- Qəsəbənin mərkəzini hasarlayıblar. Onu iki yerə parçalayıblar. Evlər, ticarət obyektləri qalıb hasarların arxasında. Guya abadlaşma aparırlar...

Bunu qobustanlılar deyir. Bura Qobustandır. Bir müddət əvvəl bu qəsəbənin bir qrup sakini hasarlanma işlərinə etiraz etmək üçün düz şəhərin mərkəzinə kimi gəlmişdi. Prezident Administrasiyasının qarşısında “Qobustana azadlıq” şüarı da qışqırmışdılar. Təəssüf ki, onların bu etirazları da daş hasarlara güc gələ bilmədi. Qobustan ikiyə bölündü...

Bu qəsəbənin sakinləri boz həyat sürür. Kimisi başını aşağı salıb xırda ticarəti ilə məşğuldur. Kimisi işsizlikdən gününü qəsəbədəki xırda çayxanalarda nərd, domino oynamaqla yola verir. Yaxınlaşıb problemləri ilə maraqlananda “ən böyük dərdimiz bu hasarlardır” deyirlər. Sən demə, bu hasarlar çoxlarını çörəksiz qoyub. Zəfər Həsənov kimi...

Zəfər Həsənovu dinləyək:

- Hündür daş hasarlar qəsəbəni tən ortadan iki yerə bölüb. Ticarət obyektləri, evlər, məktəblər hasarların arxasında qalıb. Alver ölüb. Mənim marketim bu hasarların güdazına getdi. Dedilər, başqa yerdən torpaq verəcəklər, mağaza tikmək üçün kompensasiya da ayıracaqlar. İki ildən çoxdur bu çayxanada otururam. Dolanışıq yoxdur. Mağazaya görə vaxtilə bankdan götürdüyüm kreditin faizi də başdan aşır.

- Niyə hasara alıblar buraları?

- Gələnlər bərbad vəziyyətimizi görməsinlər deyə. Hələ də anlamırlar ki, hasar çəkməklə problem həll olunmur. Vəziyyəti düzəltmək lazımdır... 

Başqa sakin Nicat Səfərovun dediklərindən:

- Qəsəbənin içindən keçən yolun sağında da yaşayış var, solunda da. O tərəfdə yaşayanlar bu tərəfdəkiləri görmür, bu tərəfdə yaşayanlar o tərəfdəkiləri. Ağlasığmaz bir şeydir. Qəsəbənin bütün problemlərini çəpər arxasında gizlədirlər. Nə var, nə var, 5-6 turist Qobustan qayalığını görməyə gələcək. Onlara görə bu boyda qəsəbəni zindana çeviriblər...

Başqa sakin danışır:

- Mənim bir ticarət köşküm var idi, hasar çəkəndə hasarın dibinə düşdü, bununla birlikdə alver-gəlir də quyunun dibinə düşdü. İki ilə yaxındır bağlamışam, oturmuşam evdə.

Xırda ticarətinə hasar çəkilən qobustanlılar indi taksi fəaliyyətinə üstünlük verirlər. ancaq deyirlər, bu da kara gəlmir.

Əfrasiyab Cavadovu dinləyək:

- Burada yaşayanlar kasıb zümrədir. Taksiyə minən kimdir ki?

Sakinlərlə sağollaşıb Əfrasiyab dayının ağ “Jiquli”sinə əyləşirəm. Cəld hərəkətlə “Taksi” nişanını qabaq oturacağın altından çıxarıb maşının üstünə pərçimləyir. Deyir, bir həftədir maşına müştəri oturmur:

- Ya siftə! Siftə səndən - deyib maşını yerindən tərpədir.

Alınmaz qalanı xatırladan Qobustandan uzaqlaşıb yolboyu bahalı tikililəri də geridə qoyub üzü şəhərə gəlirik. Yolboyu yeganə xahişi bu olur ki, şəhərə çatan kimi Qaradağ Rayon İcra Hakimiyyəti ilə mütləq danışım. Sakinlərin iki ildən çoxdur ki, həmin quruma yazdıqları məktublara bəlkə mən cavab ala bilərəm deyə ümid bəsləyir.

Yerli icra hakimiyyətindən bu məktubları oxuduqlarını desələr də çifayda, sakinlərin hasar probleminin həllinin mümkünsüz olduğunu bildirirlər.

Qaradağın baş memarı Natiq Səmədov deyir ki, hündür dekorativ hasarlar sakinlərin təhlükəsizliyi üçün tikilib:

- Yol kənarlarındakı dekorativ hasarlar var, aeroport yolunda da var, həmin hasarlardandır. Camaata nə aidiyyəti var bunun? Bunu bütün Prezident Administrasiyası da bilir, bunun layihəsi olub, Prezident Administrasiyası da təsdiqləyib. Hasarların tikintisi təkcə turistlərlə bağlı deyil, ümumiyyətlə, rayonda abadlıq-quruculuq işləri gedir, bununla əlaqədardır. Qəsəbənin içərisində adamlar yolu o tərəf-bu tərəfə keçirlər, hadisələr olur, hasarlar bununla bağı çəkilir. Qoruğun layihəsinə uyğun dekorativ hasarlama gedir. İki yerdə yeraltı keçid var, iki yerdə də, yolun üstündə də körpü tikilməlidir.

Memar deyir ki, hazırda dekorativ hasarın çəkilişi davam edir və heç bir etiraz təsdiqlənmiş layihə üzrə aparılan işləri yarımçıq qoya bilməz./virtualaz/

1583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat