Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2014

Müsavat Milli Şuradan getdi

Milli Şura üzvlərinin reaksiyası: “Buna ağrıyan dişin çəkilməsi kimi baxmaq lazımdır” Yenilənir

Uzun müzakirələrdən sonra Müsavat Partiyası Milli Şuradan getmək qərarı verdi. Qərar partiya Divanının 6 yanvar iclasında qəbul olunub. Divan üzvü, İkram İsrafil "Facebook" hesabında bu barədə belə xəbər paylaşıb: “Müsavat Partiyasının Divanı dünənki iclasında qəbul etdiyi qərarla Milli Şurada təmsilçiliyimizə son verdi. Müsavatin ciddi qərarları hər zaman olub”.Lakin o, sonradan bu qeydini silib.

Partiyanın yaydığı məlumatda isə qərarda bunların qeyd edildiyi deyilir: Milli Şura prezident seçkiləri ilə əlaqədar yaradılmış qurumdur, prezident seçkiləri arxada qaldığından Milli Şura artıq missiyasını başa çatdırıb. Eyni zamanda bildirilir ki, prezident seçkilərindən sonra yeni situasiya yaranıb və bu situasiyaya uyğun olaraq yeni modellər, birliklər yaradılmalıdır.

Milli Şuranın təsis bəyannaməsinə nəzər saldıqda isə görünür ki, bu qurum missiyasın başa vurmayıb. Çünki məlum bəyannamədə yazılır: Azərbaycanda avtoritetizmdən demokratiyaya dinc keçidi seçkilər vasitəsilə təmin etmək, demokratiyaya keçidi dövründə birgə səylərlə ölkəmizdə sabitliyi qoruyub saxlamaq, hüququn aliliyinin insan və hüquq azadlıqlarının təmininin və xalqımızın davamlı və hərtərəfli inkişafının əsaslarını yaratmaq və.s. Göründüyü kimi sadalanan halların heç biri hələki həyata keçirilməyib və Milli Şuranın əsas missiyası qarşıdadır.

Müsavat Partiyasının Milli Şuradan getməsinə, bunu qurumun missiyasının başa çatması ilə əsaslandırmasına Milli Şura üzvləri belə münasibət bildirdi:



Eldəniz Quliyev:
- Müsavat dağıdıcılıq missiyasını müvəffəqiyyətlə yerinə yetirdi. Milli Şuranın deyil, Müsavat Partiyasının missiyası başa çatdı. Milli Şuranın yaranmasına ilk gündən Müsavat Partiyası məneə törədirdi. Daha sonra Rüstəm İbrahimbəyovu bəhanə gətirdilər. Sonda isə bəhanələr tükəndi, maskalar cırıldı və qaranlıqlara aydınlıq gəldi.  Milli Şura avtoritarizmdən demokratiyaya keçidi ehtiva edirsə, Müsavat Partiyası bu keçidin baş verməməsi üçün əlindən gələni etdi. Ancaq bundan narahat olmaq lazım deyil. Bunu ağrıyan dişin çəkilməsi kimi qiymətləndirmək lazımdır və əsas olan sonrakı rahatlıqdır.

Gültəkin Hacıbəyli:
- Müsavat partiyası mövcud olan 2 ən böyük müxalifət partiyasından biridir, böyük tarixi keçmişi, töhfələri var və bunu danmaq olmaz. Ancaq indiki halda Müsavatın addımını ədalətli qəbul etmirəm. Milli Şura yarananda Müsavat onun bəyannaməsinə Qafqazdan rus qoşunlarının çıxmasına qədər absurd tələblərin salınmasını  irəli sürürdü. Amma həmin vaxt Müsavat başqanı Lənkərana səfər edə bilmirdi. Sonra Rüstəm İbrahimbəyovun qurumda təmsilçiliyinə qarşı çıxdılar və bu bəhanə aradan qalxdı. Daha sonra Müsavat Rüstəm bəyin fəxri sədrliyinə də etiraz etdi və buna görə qurumdan ayrılacaqlarını bildirdi. Rüstəm bəy bu bəhanəni də kəsdi və fəxri sədrlikdən imtina etdi. İndi isə heç bir ciddi arqument göstərmədən Milli Şuradakı fəaliyyətlərini dayandırdılar.
Araşdırsaq görərik ki, Milli Şuranın dağılması ilə bağlı proqnozlar hər zaman Müsavata yaxın çevrələrdən qaynaqlanıb. Milli Şuranın missiyası deyildiyi kimi, prezident seçkiləri ilə yekunlaşmır və onun missiyasının bitdiyini söyləmək gerçəkliyi təhrif etmək deməkdir. Mən Müsavatdakı dostlarımızı səmimi olmağa dəvət edirəm və inidiyə qədər olan arqumentləri ciddi qəbul etmirəm. Bu qərar ictimai fikirdə Milli Şuraya qarşı fərqli yanaşmalara səbəb olacaq. Ancaq bundan ən çox itirən Müsavat partiyası olacaq.

Fuad Ağayev: 
- Son dövrlər Milli Şurada əsas müzakirə olunası məsələlər kənarda qalmışdı. Əsasən Rüstəm İbrahimbəyovun təmsilçiliyi müzakirə olunurdu və Müsavat Partiyası onun təmsilçiliyinə qarşı çıxırdı. Ancaq Milli Şura dövlət əhəmiyyətli məsələləri, qiymət artımını, növbəti planları müzakirə etməliydi. Müsavatın bu qərarı verəcəyi gözlənilən idi və bu, Milli Şura üçün faciə olmamalıdır. Əksinə, Milli Şura bu sınaqdan üzü ağ çıxmalıdır, daha da güclənməlidir.



Natiq Kərimov: 
-    Milli Şura yaranandan Müsavat Partiyası da bizimlə çiyin-çiyinə addımlayırdı, mübarizə aparırdı. İndi belə bir qərarın verilməsini pisləyirəm və böyük təəssüfümü bildirirəm. Milli Şuranın görəcəyi işlər, xalqa xidməti və böyük missiyası qarşıdadır. Ancaq bu, son deyil və mübarizə davam edir. Biz sona qədər Milli Şurada fəaliyyətimizi dacvam edəcəyik və heç kimin bu birliyə zərər vurmasına imkan verməyəcəyik.



Sülhəddin Əkbər: 
- Baş verənləri dərin təəsüflə qarşılayırıq. Ancaq bu, cəmiyyət üçün gözlənilən hadisə idi. Mən əvvəldən də demişdim ki, Müsavat Partiyasının irəli sürdüyü ittihamlar hamısı bəhanədir. Bu gün baş verənlər də bunun təsdiqidir. Biz Milli Şuradakı vəziyyəti dəyərləndirəcəyik, müzakirələr aparacağıq və böhranlı vəziyyətdən çıxacağıq.

Rəşid Hacılı:
- Müsavat Partiyası bu qərarıyla bağlı verdiyi bəyanatında bunu yeniləşmə, "yeni üsullar və metodlar, fərqli mübarizə taktikasının seçilməsi zəruriliyi” ilə izah edib. Amma bu fərqli üsul və metodların nədən ibarət olacağını, hansı yeni mübarizə üsulları haqqında düşündüklərini deməyib. Bu qərarının partiyanın nüfuzuna ciddi təsir edəcəyindən qorxuram. Hesab edirəm ki, müxalifətdə aparıcı yerlərdən birini tutan Müsavat Partiyasının bu addımının ciddi müzakirələrə səbəb olması təbiidir, hətta çox zəruridir. Belə müzakirələr, çək-çevirlər olmadan müxalif siyasi düşərgə düzgün qərarlar qəbul edə və inkişaf edə bilməz. Arzu edirəm ki, Müsavat Partiyasının bundan sonrakı addımları siyasi müxalifətin güclənməsinə, partiyanın nüfuzunun qorunub saxlanmasına xidmət etsin. Müsavatın Milli Şuradan getməsi Milli Şuranın yenilənməsi, daha da gücləndirilməsi üçün məsuliyyəti artırır. Güman edirəm, Müsavat Partiyasının getməsi qurum daxilində enerjinin intriqalara deyil, quruculuğa sərf olunması imkanı açıb. Yeni təşkilatlanma yolları, əməkdaşlıq imkanları axtarması, qarşıdakı parlament seçkilərini hədəf alaraq indidən tam gücüylə fəaliyyətə start verməsi üçün qurumun sədri və icra orqanlarının üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, Milli Şura bundan sonra kənarda qalan partiyalar, o cümlədən Müsavat Partiyası ilə əməkdaşlığı yeni formatda davam etdirməli, müxalifətin birləşdirici güc mərkəzi kimi qalmaqda davam etməlidir.

Yeganə Hacıyeva:
- Müsavat Partiyasının Milli Şuradan ayrılması haqqında qərarı gözlənilməz deyildi. Bu haqda Müsavat Partiyasının rəhbərliyində danışıqlar gedirdi. Bununla bağlı partiyalara da, siyasi qurumlara da müttəfiqlik təklif edilirdi ki, Milli Şuradan çıxarkən tənqidlərə məruz qalmasınlar.
Partiyadan istefam da birmənalı olaraq, Müsavatın Milli Şuradan ayrılmaq istəyi ilə bağlı olub (apa).

2131 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP