Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Elşad Abdullayev generalla görüşünün şok təfərrüatlarını açıqladı

“Ağ saçlı, saqqallı, 60 yaşlı kişi otağıma girdi və...”

ABU-nun sabiq rektoru Elşad Abdullayev “Yeni Müsavat”a növbəti müraciətini yollayıb. Həmin müraciətdə sabiq rektor qardaşı Mahir Abdullayevin geri qaytarılması ilə bağlı onunla aparılan daha bir danışığın təfərrüatlarını açıqlayıb. Bu danışığın açıqlanmasına səbəb isə 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Mirzəyev Çingiz Nurəddin oğlunun internetdə dövlət başçısı İlham Əliyevə ünvanlanan müraciəti olub. Həmin müraciətdə Ç.Mirzəyev Nəqliyyat Baş Polis İdarəsinin rəisi general Ceyhun Həsənovun qanunsuz əməlləri barədə danışıb və məlum olub ki, bu qanunsuzluqların bir qolu da E.Abdullayevə uzanıb:

“General Ceyhun Həsənov deyirdi Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev təklif edir ki, Prezidentin Mühafizə Xidmətinin rəisi cənab Bəylər Əyyubovla danış, universitetin bağlanmaması üçün lisenziya almağa nə qədər pul alar? Elşad Abdullayev Həsənovun iş otağına gəldi və orada danışılan qiymətlə razılaşmadılar, Elşad getdikdən sonra Həsənov mənə dedi, Çingiz, bəlkə killer Yaqubun vasitəsilə Elşadın verdiyi pulu alıb, sonra onu aradan götüzdürək? Mən isə cavab verdim ki onsuz da nazir olandan sonra istədiyini etdirəcəksən. Bununla da Həsənovu fikrindən daşındırdım ”.
E.Abdullayev isə Ç.Mirzəyevin dediklərinə cavab olaraq bildirib ki, C.Həsənovu qardaşı oğurlanana qədər tanımayıb. Oğurluqdan bir-iki həftə sonra isə onu C.Həsənova aparan yol başlanıb: “Dediyim zaman 60 yaşlarında, üzü saqqallı, saçları səliqəsiz olan, ağ bənizli, həbsxanadan çıxmış bir arıq, boyu 1 metr 60 sm olan yaşlı şəxs ABU-da mənim iş otağıma səhər saat 10 radələrində icazəsiz daxil oldu və mənə Mahirlə dost olduğunu bildirdi. O, mənə şeir dilində Mahirin sağ-salamat olduğunu bildirdi və mənə oxuduğu şeirin əvvəlcədən əlyazmasını verdi...

“Elşad Abdullayev: “Dedi, BəylərƏyyubovun qardaşı Rafiqə 5 milyon dollar versən...”

O bildirdi ki, məndən xəbər gözlə və təcili ABU-da mənim iş otağımdan necə icazəsiz gəlmişdisə, eləcə də icazəsiz getdi. Bu zaman mən əvvəldən hazırladığım birinci qrupa rəhbərlik edən ABU prorektoru Cavid Abdullayevi təcili yanıma çağırdım və ona göstəriş verdim ki, bu yaşlı qoca kişini izləsin, o, heç bir şey hiss etməməlidir, hara getdiyi, kiminlə söhbət etdiyi, hansı maşınla getdiyini və nə mümkünsə öyrənsin və mənə təcili məlumat versin. Eyni zamanda ehtiyat üçün, təhlükəsizlik baxımından Cavidin xəbəri olmadan, bilmədiyi və tanımadığı ikinci qrupu da həmin kişinin arxasınca göndərdim. Təxminən 3 saatdan sonra ikinci qrupun rəhbəri mənə məlumat verdi ki, qoca kişi 28 aprel metrosunun yanında Dəmir Yolu Vağzalının zalında oturub və Cavid Abdullayev də qoca kişinin arxasında oturub izləyir. Amma Cavid Abdullayevin arxasında da polis paltarında 2 mülki və 3 polis əməkdaşı onu izləyir. 15-20 dəqiqə sonra Cavid Abdullayev mənə zəng edib bildirdi ki, qoca kişi bir necə polis işçisi ilə birlikdə Nəqliyyatda Baş Polis İdarəsinin rəisi general Ceyhun Həsənovun qəbuluna girdi, dəyəsən, məni aşkarladılar, polis işçiləri məni sorğu-sual edirlər ki, rəisin qəbulunda nə edirsən, qocanı nə üçün izləyirsən? Bu hadisədən 2 gün sonra qoca şair və bir sivil polis əməkdaşı ABU-da mənim iş otağımda bildirdilər ki, general Ceyhun Həsənov sizlə görüşmək istəyir. Mən həmin adamlarla Ceyhun Həsənovun qəbul otağına gəldim, orada onunla görüşdük. Bu olardı 2003-cü ilin noyabr ayının ortaları. Ancaq bizim söhbətimiz, hörmətli Çingiz Mirzəyevin yazdığı kimi olmadı. Əvvəla, həmin dövrdə Azərbaycan Beynəlxalq Universitetinin heç bir problemi yox idi, lisenziyası var idi. Bizim söhbətin predmeti oğurlanmış MTN zabiti Mahir Abdullayevi sağ-salamat ailəsinə qaytarmaq idi. Ceyhun Həsənov ordan-buradan danışdıqdan sonra mənə bildirdi ki, Mahiri geri almaq üçün nə təklif edirsən? Mən ona bildirdim ki, nə istəyirsiniz? O, mənə bildirdi ki, Prezidentin Mühafizə Xidmətinin rəisi Bəylər Əyyubovun qardaşı Rafiqə 5 milyon dollar versən Bəylər Əyyubov bu işi yuxarılarla həll edər, qardaşını qaytararlar. Mən ona bildirdim ki, Ceyhun müəllim, qardaşımdan ötrü canımdan keçməyə hazıram, amma bu qədər pula gücüm çatmaz. Həm də Gülər Əhmədova və Arzu Kazımov həmin ərəfədə məndən 1 milyon dollar istəyirdilər. Yəni bizim söhbətimizin predmeti qardaşımı Bəylər Əyyubovun əli ilə geri qaytarmaq olubdur, ilk görüşümüz belə oldu”.

E.Abdullayevin sözlərinə görə, C. Həsənovla ikinci görüş Dubay şəhərinə təyin edilsə də, sonuncu vədinə xilaf çıxaraq sabiq rektorla görüşməyib. Sabiq rektor bildirdi ki, C.Həsənov oyundan çıxandan sonra B.Əyyubovun “Ay işığı” restoranlar şəbəkəsinin ofis rəhbəri, yaxın qohumu Məhəmməd adlı şəxs girib: “Onun kəşfiyyatından sonra dövriyyəyə Nüşabə Mirzəyeva və Bəylər Əyyubovun Mühafizə Xidmətinin zabiti Ələsgər Əliyev (general Səftərin bacısının əri) cütlüyü girdi”.

E.Abdullayev sonda İ.Əliyevdən və hüquq-mühafizə orqanları rəhbərlərindən C.Həsənovun M.Abdullayev məsələsindəki “rol”una aydınlıq gətirilməsini tələb etdi.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. /musavat.com/
1381 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20
Çör