Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

Qarabağ qazisinin anası həkim nəzarətindədir

Zaur Həsənovun ölümü ilə bağlı cinayət işi açılmayıb

Baş prokurorluq Səbail rayon prokurorluğunda müvafiq araşdırmaların davam etdirildiyini deyir

Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının (AHIK) binası qarşısında dekabrın 25-də özünü yandıran və üç gün sonra dünyasını dəyişən II qrup Qarabağ əlili Zaur Həsənovun ölümü ilə bağlı cinayət işi açılmayıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Azadlıq”ın sorğusuna belə cavab verib: “Hazırda qeyd edilən faktla bağlı Səbail rayon prokurorluğunda müvafiq araşdırmalar davam etdirilir”.

Virtualaz.org saytının məlumatına görə, Qarabağ qazisinin məzarüstü abidəsini deputat Səttar Mehbalıyev götürdəcək. Bundan əlavə, yas mərasiminin keçirilməsi üçün ailəyə daha 10 min manat verilib.

“Səttar Mehbalıyev Zaurun həyat yoldaşı və böyük qızını işlə təmin edəcəyini bildirib. Bizimlə söhbətində isə dedi ki, Zaurun problemləri ilə bağlı ətrafı ona doğru məlumat verməyib. Buna görə də bu işdə cavabdeh olanları cəzalandırıb”,- deyə Zaur Həsnovun atası Həsən Həsnov bildirib.

Həsən Həsənov onu da qeyd edib ki, Səttar Mehbalıyevin pul verməsi, ailənin problemlərinin həlli faciənin baş verməsində günahkar olanların cəzalandırılması tələbinə təsir etməyəcək: “Mən oğlumu itirmişəm, pul onu geri qaytarmayacaq. Verilən pul da Zaurun çayxanası üçün kompensasiyadır. Həmin çayxana dağıdılmasaydı, Zaur indi həyatda idi. Indi hər gün müxtəlif insanlardan zəng gəlir, Zaurun borclu olduğunu bildirirlər. Bütün borclarını ödəyirəm. Tək istəyim Zaurun ölümünə bais olanların cəzalandırılmasıdır”.

Sayt sosial şəbəkədə Səttar Mehbalıyevin Prezident Administrasiyasına çağırılaraq tənbeh edildiyi, ona bir neçə ay vaxt verildiyi haqda məlumatlar yayıldığını yazıb. Xəbərdə qeyd olunur ki, Səttar Mehbalıyevin biznes sahələrində yoxlamalar başlanılıb.

Həsən Həsənov “Azadlıq”a açıqlamasında həyat yoldaşının vəziyyətinin ağır olduğunu söyləyib. Onun sözlərinə görə, həyat yoldaşı həkim nəzarətindədir.
1404 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber