Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

Bazarlarda od tutub yanan qiymətlər

- Alma neçəyədir?
- Kilosu 4 manata, istəsəz, 3 manata da verərəm...

Bu vaxt bayaqdan kənardan baxan tərəvəz satıcısı dillənir: "Ay bacı almırlar ey, qəzetdəndi, yazmaq üçün soruşurlar. Görmürsən əllərindəki şəkilçəkəni? Həmişə belə edirlər, sonra da heç nə almırlar. Axırda da gedib yazırlar ki, bazar od tutub yanır".Meyvə satıcısı: "Deyirəm də, hardadı məndə o bəxt. Elə bildim nəsə alacaqlar. Sevinmişdim ki, siftə olacaq. Bunlar da jurnalist çıxdılar. Siz Allah gedin, onsuz da alver yoxdur, başımı bəlaya salmayın mənim. Hər şey ucuzdur, heç nə bahalaşmayıb, di gedin, gedin..."Yasamal bazarını söküb, yerində "Asan Xidmət" Mərkəzi tiksələr də, buradakı bazar ənənəsi ölməyib. Həmin bazarın işçiləri illərdir öyrəşdikləri iş yerinin yaxınlığında özlərinə kiçik bazar yaradıblar. Bazarı başdan sonacan gəzmək cəmi 5 dəqiqəni alır. Bazar kiçik olsa da, hər şey var. O ki qaldı, qiymətlərə, elə bu haqda yazacağıq. Qızıləhmədi almasının kilosu 4 (bizim üçün 3), potağal və bananın kilosu 2 manat 50 qəpik, armud 2 manat, naringi 2-3 manat arası, digər növ almaların qiymətləri isə 60 qəpikdən 1 manat 50 qəpiyəcən dəyişir.
Əslində Azərbaycanda bayramqabağı bahalaşmaya hamı öyrəşib. Əksər insanlar bayramdan 2 həftə öncə bayram bazarlığı edirlər. Alıcı Səmayə Mirzəyeva deyir ki, bayram öncəsi nəinki qiymətlər qalxır, hətta bəzi ərzaq məhsulları tapılmır: "Məsələn bu bayram şüyüd tapmaqdan ötrü ayaqlamadığım bazar qalmadı. Tapa bilmirdim. Nəinki şüyüd, heç digər göyərtiləri də tapmaq qeyri-mümkün idi. Üstəlik, qiymət də bahalaşmışdı. Kiçik dəstəni 40 qəpiyə verirdilər. Mənə elə gəlir ki, bəzi lazımi ərzaqları məhz qiymətini qaldırmaqdan ötrü gizlədib, "yoxdur" deyirlər. Qiymətlər bahadır, bayram bitib, ancaq yenə də bir ay öncəki qiymətlərdən fərqlənir".Bazardakı alıcılardan Arzu Mehdiyeva da bayramqabağı bahalaşmadan gileyləndi: "Qiymətlər qalxıb, ancaq əmək haqqı olduğu kimi qalıb. Üstəlik bu bayramöncəsi maaşlarımızı sonuncu iş günü aldıq. Odur ki, bayram bazarlığı son günə qaldı. Ayrı vaxtı 2 dəfə bazarlıq edərdim həmin gün bazarda xərclədiyim pula. 170 manat az pul deyil. Maaşım cəmi 250 manatdı.
Bəs bunun yol pulu, kommunal xidmətlər üçün aylıq pulu nə ilə ödəyəsən? Çətindi. Bazarlara yaxın durmalı deyil".Ümumiyyətlə, 2013-cü ilin son ayı bahalaşma ayı kimi yadda qaldı. Benzinin qiymətindən tutmuş ərzaq məhsullarına qədər, qiymətlər bahalaşdı. Məsələn, kartofun qiyməti 2 dəfə yüksəldi. Bazarlarda 1 kq kartof 1 manatdır. Daxili bazarda kartofun bahalaşmasına münasibət bildirən kənd təsərrüfatı naziri Heydər Əsədov qiymət artımının müvəqqəti hal olduğunu deyib: "Müvəqqəti haldır və bu məhsulun qiyməti nəinki yarmarkalarda, bütün bazarlarda, satış mərkəzlərində əvvəlki vəziyyətə qaytarılacaq".Bayram bitib, kartofun qiymətinin artmasından isə bir aya yaxın vaxt keçib. Ancaq Yasamal bazarında hələ də kartofun 1 kilosu 1 manatdır. Təkcə kartof yox, elə soğanın da bir kilosu 1 manatadır. Əhalinin hər gün, olmadı günaşırı müraciət etdikləri ərzaq məhsulları sırasında qoyun və mal əti də var. Yasamal bazarında bir kilo qoyun ətinin qiyməti 9, bir kilo mal ətinin qiyməti isə 8 manatdır. Bazarda alıcı gözə dəymədiyindən, bütün gözlər içəri girən bir-iki nəfərə zillənir. Ət taxtasının qarşısında da alıcı yoxdur. Elə ki, qiymət soruşmaq üçün yaxınlaşdıq, alıcı azlığından başqa cür pul qazanmaq istəyən qəssab bazarda hər cür ət olduğunu dedi. Onun sözlərinə görə mal əti 4 manatdan başlayır, ta 11 manata qədər olanı var. Əgər bu ətlərin bir-birindən nə ilə fərqləndiyini bilmək istəyiriksə, gərək ona 5 manat ödəyək. Bir sözlə qəssab mətbuata 5 manata açıqlama verir. Təbii biz razılaşmadıq, o da niyə 4 və ya niyə 11 olduğunu söyləmədi: "Xeyrim yoxdursa, demirəm. Niyə deməliyəm? Desəm, bilərsiniz axı. Bu sirrdir, pulsuz sizə öyrədə bilmərəm". Kənd yumurtası 35 qəpik, kənd toyuğu 6-7 manat arasında dəyişən qiymətədir. Göyərtinin qiyməti dəstənin böyüklüyündən asılı olaraq 20-30 qəpik arasında dəyişir. Yerkökü 1 manat, pomidor 1-3 manat, xiyar 60 qəpikdən başlayaraq 2 manata qədər, ananas 3-4 manat, xurma, və üzüm 2-3 manatdır. Çərəzlərə gəlincə, fındığın kilosu 7, şabalıdın kilosu 8, kişmişin qiyməti 8, qozun qiyməti 10-12 manatdır. Digər bütün ləpələrin qiymətləri də 7-12 manat arası dəyişir. Çərəz satıcısı deyir ki, ləpələrin qiymətində artım olmayıb.
Çünki yeni ildə quru meyvələrə, ləpəyə tələbat az olur: "Bizdə artım adətən Novruz bayramında olur. Çünki həmin bayramda insanlar daha çox ləpə alırlar. Ancaq yeni ildə bir o qədər alan olmur. Odur ki, bayramdan öncə nə qiymətdisə, indi də elədir".Bazarda dağlı çörəyinin qiyməti isə 50 qəpikdir. Alana bir yaxmaclıq qaymaq da verirlər. İqtisadçı ekspert Samir Əliyev qiymətlərin bayramdan sonra enməməsinin səbəbini belə izah edir: "Bunun 3 səbəbi var. Bu da qiymət artımının gözləntisi ilə bağlıdır. Bayramdan öncə yanacağın qiyməti qalxdı. Bu da qış mövsümünə düşdü. Mövsümə görə də həmişə bahalaşma olur. Yəni, bahalaşma həm mövsümə, həm bayrama, həm də yanacağın qiymətinin qalxmasına görədir. Bu 3 amil qiymətləri birdən-birə qaldırdı".Samir Əliyev qiymət artımını həm də mətbuatda, ictimaiyyətdə gedən məlumatlarla əlaqələndirdi: "Məlumat gəzir ki, yanacağın qiyməti yenidən qalxa bilər. Üstəlik nəqliyyatın qiymətinin də yüksələcəyi gözlənilir. Bu da öz növbəsində bazara qiymətlərin qalxa biləcəyi ilə bağlı gözləntilər verir. İstehsalçılar həmin qiymət artımını önləmək üçün öncədən dəyəcək zərəri azaltmaq üçün qiymətləri qaldırırlar". (bizimyolinfo.com)
1776 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:3