Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

Qubada şübhəli həbslər

Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın şimal bölgəsində səbəbi məlum olmayan həbslər aparır. “Azadlıq” radiosu xəbər verir ki, yanvarın 9-u səhər saatlarında Qubada xüsusi xidmət əməkdaşları tərəfindən daha bir nəfər saxlanılıb. O, yerli hüquq müdafiəçisi Aftandil Məmmədovun əmisi oğludur. Məlumatı hüquq müdafiəçisi verib.Saxlanan şəxsə - 25 yaşlı Vəfadar Məmmədova rəsmi ittiham irəli sürülməyib.

“Onunla birgə əmim Qeybulla Məmmədovun bu gün Quba Rayon Məhkəməsində keçiriləcək prosesinə gedirdik. Mülki geyimdə olan bir neçə nəfər məni kənara itələyərək əmim oğlu Vəfadarı zorla qara rəngli maşına basıb apardılar. Dəfələrlə niyə həbs olunduğunu soruşsam da heç bir söz deməyib ərazidən uzaqlaşdılar. Bir gün əvvəl gecə yarısı əmimin o biri oğlunu – Vəfanur Məmmədovu evlərindən aparıblar. Onları ittiham edirlər ki, guya evlərindən silah-sursat çıxıb. Hamısı yalan söhbətlərdir və bu adamların evlərinə bir kisə un almağa da pulları yoxdur” - deyə hüquq müdafiəçisi bildirib.

Aftandil Məmmədovun sözlərinə görə, bir gün öncə mülki geyimlilərin apardıqları əmisi oğlu hazırda Bakıda Milli Təhlükəsizlik Nazirliyində saxlanır: “Əmim oğluna nazirlik tərəfindən artıq vəkil də təyin edilib. Vəkil yanvarın 8-də mənə zəng etmişdi. Əmioğlum MTN-də saxlanıldığını bildirdi və dedi ki, ona pal-paltar gətirmək lazımdır”.

Vəkil Eyyub Ələkbərov Vəfanur Məmmədovun MTN-də saxlandığını təsdiqləyib, ancaq müdafiəsinə yeni cəlb olunduğu şəxslə hələ görüşə bilmədiyini deyib: “Hələ onunla görüşə bilməmişəm. Hələ ittiham da irəli sürülməyib”.

Yanvarın 8-də də Qubada daha 4 nəfər saxlanılıb. Rəsmi qurumlar hələlik bu həbslərlə bağlı məlumat yaymayıb. (azadliq.info)
1536 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP