Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2014

Müxalifət növbəti seçkilərə hazırlaşır

Müsavatın bələdiyyə seçkilərində iştirak üçün təklifi var; AXCP isə Milli Şura daxilində prosesə qoşula bilər

Bu il Azərbaycanda növbəti seçki ilidir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 2014-cü ilin dekabrında ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Hazırda ölkədə 1718 bələdiyyə var. Onların 85 faizini kənd bələdiyyələri təşkil edir. Bələdiyyə seçkilərinin təşkilinə büdcədən 34 milyon 63 min 286 manat vəsait ayrılacaq.

Prezident seçkilərindən yeni çıxan partiyalar və özəlliklə müxalifət təşkilatları üçün yeni bir dövr başlanır. Onlar özlərini bu dəfə bələdiyyə seçkilərində sınayacaq. Bəs partiyalar bu seçkilərdə necə iştirak edəcək?

Müsavat başqanının müavini Gülağa Aslanlı partiyanın təklifləri olduğunu qeyd etdi. Onun sözlərinə görə, seçki qanunvericiliyinə dəyişiklik ediləcəyi halda partiya olaraq seçkilərdə iştirak mümkündür: “Əgər seçki komissiyalarının vəzifələri paritet əsasında yaradılacaqsa, bələdiyyələrin statusları genişləndiriləcəksə və ən əsası seçki qanunvericiliyinə dəyişiklik olacaqsa, o halda partiya seçkilərdə iştirak edəcək. Əks halda, Müsavatın yerli və bölgə təşkilatları ilə məsləhətləşib, onların seçkilərdə iştirakı haqda qərar veriləcək”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı partiyanın 2014-cü il fəaliyyət planı qəbul edildiyini və bələdiyyə seçkilərində iştirak niyyətində olduqlarını vurğuladı: “Seçki ərəfəsində qərarlar qəbul olunacaq. Hələlik şəxsi müşahidələrimə görə, seçkidə iştirak mümkündür. Biz müzakirələr aparacağıq. AXCP-nin bələdiyyə seçkilərində Milli Şura çərçivəsində iştirakı da mümkündü”.

KXCP sədrinin müavini Xəzər Teyyublu da partiyanın seçkilərdə iştirak edəcəyini açıqladı: “Partiyanın bu il üçün fəaliyyət planı qəbul olunub. Qarşıdakı mərhələlərdə bələdiyyə seçkilərində iştirak niyyətini rəsmiləşdirəcəyik. Bu, Ali Məclisdə təsdiqlənəcək bir sənəddir. Ondan sonra ölkə boyunca seçki hazırlığına başlanacaq, rayon, kənd, qəsəbələr üzrə namizədlərimizi müəyyən edəcəyik”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər qeyd etdi ki, təşkilatın yenidən qurulması prosesi gedir, qurultay keçiriləcək, ondan sonra bələdiyyə seçkilərində iştirak haqda müzakirələr olacaq. S.Əkbər partiyanın Milli Şura daxilində seçkilərdə iştirak planını erkən sayır: “Hələlik bu haqda bir söz demək tezdir. Çünki qurumun gələcək fəaliyyət perspektivi barədə qeyri-müəyyənlik var”.

ADP sədri Sərdar Cəlaloğlu da bələdiyyə seçkilərində iştirak edəcəklərini deyib: “Biz ”Qarabağ" blokunda təmsil olunuruq. Blok daxilində də müzakirələrimiz olacaq. Güman ki, seçkiyə blok şəkilində gedəcəyik". /Musavat/
1562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber