Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2014

Ölkə vətəndaşları xaricdə müalicəyə üstünlük verir

Yerli səhiyyəyə nədən etibar edilmir?

Bəlli olduğu kimi, Milli Məclisin iki deputatı müalicə almaq üçün xaricə yollanıb. Deputat Çingiz Qənizadə səhhətində olan problemlərlə əlaqədar hazırda xaricdə müalicə olunur. Yeni Azərbaycan Partiyası Idarə Heyətinin üzvü, deputat Eldar Ibrahimov da xaricdə müalicə alır. Bu sıranı uzatmaq da olar.

Vaqif Səmədoğlu, Rafiq Hüseynov, Nicat Dağlar da dövlət başçısının göstərişi əsasında xaricə müalicəyə göndərilib. Bir tərəfdən ölkə səhiyyəsinin dinamik inkişafından, müasir aparatların ölkəyə gətirilməsindən bəhs edilir, digər tərəfdən də dövlət öz səhiyyəsinə etibar etməyərək tanınmışların xaricdə sağalmasına üstünlük verir. Əcəba, səhiyyəmiz deyildiyi kimi, inkişaf etmişsə, nədən imkanı olanlar və yaxud dövlətin imkanları çərçivəsində insanlar xaricdə müalicəyə üstünlük verir?

ADP sədri Sərdar Cəlaloğlu qeyd edir ki, ümumiyyətlə, Azərbaycan həkimləri dünya tibb standartlarına uyğun təhsil almayıb. O, keçmiş sovet təhsilindən danışaraq sistemin çox qüsurlu olduğunu yada salır:

“Sovet dövründə tibbin bir çox sahələrinin öyrənilməsi qadağan olunmuşdu. Genetika, seksologiya elmi, parapsixoloji məsələlərin öyrənilməsi qadağan idi. Eləcə də Azərbaycan təhsil sistemində rüşvətin kök salması kadrların hazırlanmasında problem yaradır. Bir sözlə, xaricə axının kökündə bir sıra səbəblər var. Iş sahəsində qeyri-sağlam rəqabətin aparılması, həkimlərin öz üzərində işləməməsi, təbabətin alver predmetinə çevrilməsi vətəndaşları ölkə səhiyyəsindən qaçaq salır. Misal üçün, bir qardaş xaricdən sağlamlıq üçün zərərli məhsullar gətirərək milyonlar qazanır. Bu məhsulları istehlak edərək xəstəlik tapan vətəndaşlar digər qardaşın rəhbərlik etdiyi xəstəxanaya müalicəyə gedir, orada işləyən həkim də xəstəyə lazım oldu-olmadı dərman yazıb verir. Belə bir şəraitdə müsbət səhiyyədən danışmaq yersizdir”.

S.Cəlaloğlunun qənaətincə, real vəziyyət xəstəliklərin aradan qaldırılmasına deyil, vətəndaşların daha çox xəstələnməsinə yönəldilib. Bu gün ölkədə ərzaq və dərman təhlükəsizliyinə əməl olunmur. Sərdar bəyin təbirincə, Azərbaycana bütün dünyada qadağan olunmuş ərzaq məhsulları, vaxtı keçmiş dərmanlar gətirilir. Nəticədə dərmanların keyfiyyətsizliyi, özbaşınalıq, məsuliyyətsizlik və korrupsiya insanları daha effektiv müalicə üçün xaricə getməyə vadar edir./azadlıq/
1656 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı