Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2014

“Sovet hökuməti dağıldı, amma ”Sovetski" sökülüb qurtarmadı"...

Bakının köhnə məhəllələri sökülməyəcək, abadlaşdırılacaq!

“Bakıda ”Sovetski" adlanan ərazinin sökülməsi barədə fikirlər hələ sovet dövründə səslənirdi. Sovet hökuməti dağıldı, amma “Sovetski” sökülüb qurtarmadı"...

Bunu “Trend”ə Bakı şəhəri ərazisində sökülməsi nəzərdə tutulan bəzi ərazilərlə bağlı açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

“Bir şey də deyim ki, ”Sovestki"nin sökülməsi məsələsinə yanaşma kütləvi olmamalıdır. Mənə də müraciət edirlər ki, orada hətta hava olmayan, günəş şüası düşməyən zirzəmilərdə yaşayan insanlar var. Təbii ki, onlar oradan köçmək istəyir. Amma həmin ərazidə iş yerləri, biznes fəaliyyəti ilə bağlı obyektləri olan, bundan əlavə çox gözəl, hətta tarixi əhəmiyyəti olan evlərdə, binalarda yaşayan insanlar da var ki, onlar köçmək istəmirlər. Bu baxımdan, oradakı söküntü işlərinə fərdi yanaşmaq lazımdır. Hesab edirəm ki, bundan ötrü müvafiq işçi layihəsi hazırlanacaq. Biz yaxın gələcəkdə bunun reallaşmasının şahidi ola bilərik" - deyə, C.Qocayev əlavə edib.

Şöbə müdirinin sözlərinə görə, diqqət mərkəzində olan yerlərdən biri də “Kubinka” adlanan ərazidir: “Orada da vəziyyət çox acınacaqlıdır. Özü də son vaxtlar orada çoxmərtəbəli uca binaların tikilməsi ilə azmərtəbəli binalarda yaşayanlar üçün çətin vəziyyət yaranıb, həmin ərazinin ekoloji durumu bir az da mürəkkəbləşib. Təbii ki, sökülməsi yox, abadlaşdırılması gözlənilən ərazilərdən biri də ”Kubinka" olacaq".

C.Qocayev, həmçinin qeyd edib ki, “Papanin” adlanan ərazidə də söküntü işlərinin aparılması ehtimalı yüksəkdir: “Papanin” sovet dövründə insanlara ev tikməyə imkan verilmədiyi zamanlarda yaranıb. Orada əsasən bir gecəyə sıx yanaşı tikilmiş, heç bir sanitar şəraiti olmayan, günəş şüası düşməyən, havalanmayan evlər yerləşir. Bu ərazilərin sökülməsi doğru olardı. Qeyd edim ki, burada söküntünün dövlət hesabına aparılmasından söhbət getmir. Hansısa sərmayədar, sahibkar bu ərazidə biznes məqsədilə müəyyən ərazini alıb orada yeni obyektlər tikə bilər. Bakı şəhərinin müfəssəl planlaşdırma layihəsində nəzərdə tutulan parametrləri pozmamaq şərtilə bu qayda “Sovetski”də də tətbiq oluna bilər. Ola bilsin ki, sadaladığım bu ərazilər sökülmək üçün açıq elan edilsin. Çünki bu yerlərin sökülməyə, daha doğrusu abadlaşdırmaya verilməsi potensialı daha yüksəkdir. Bu ərazilərin abadlaşdırılması, oradakı insanların həyatının yaxşılaşdırılması gündəlikdə duran vacib məsələlərdən biridir".

Komitə rəsmisi onu da bildirib ki, bu işlərin bir qismi dövlət, digər qismi isə investorların hesabına aparıla bilər: “Lakin əvvəlki dövrlərdən fərqli olaraq bu dəfə yanaşma başqa cür olacaq. Yəni əvvəllər gəlib 5-6 evin yerini alıb orada çoxmərtəbəli bina tikirdilər, qalan ərazi isə belə də qalırdı. Amma bundan sonra belə olmayacaq, kompleks yanaşma tətbiq ediləcək, yəni ətrafda artıq başqa evlər qalmayacaq” (Trend).

Xatırladaq ki, ötən ilin ortalarında Bakı şəhərinin mərkəzindəki köhnə məhəllələrin ləğv ediləcəyi ilə bağlı mətbuatda yer alan xəbərlər ictimaiyyət arasında birmənalı qarşılanmamışdır. O zaman Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə bildirmişdir ki, paytaxtın mərkəzindəki köhnə evlərin sökülməsi davam edəcək. Birinci mərhələdə Dram Teatrının binasının arxası və Hüseyn Cavidin heykəli arasında, ikinci mərhələdə Füzuli meydanı və “Nizami” metrostansiyası arasındakı evlər söküləcək. Növbəti iki mərhələdə isə “Sovetski” və “Kubinka” məhəllələri tarixə qovuşacaq.

Sakinlərin narahatçılığına səbəb Bakının tarixən və təbii şəkildə kompakt yaşayan köklü əhalisinin şəhərin mərkəzindən uzaqlara köçürülməsiylə bağlıdır. Onlar məhz bu məhəllələrdə yenidən tikiləcək binalarda yaşayış sahəsi ayrılmasını daha müvafiq hesab edirlər.

Mütəxəssilərin rəyinə görə, köhnə məhəllələrin yerində tikiləcək yeni yaşayış binalarında sakinlərin yerləşdirilməsi məsələsi mümkündür və məqsədəuyğundur. Onların fikrincə, məhz bu kimi məsələlər yenidənqurma zamanı dövlət və özəl sektor arasında razılaşdırılmalı, ortaq məxrəcə gəlinməlidir: məsələn, özəl şirkətlər yeni tikiləcək çoxmərtəbəli yaşayış binalarının bir hissəsini yerli əhali üçün ayıra bilər, tikinti işlərinin gedişi zamanı isə sakinlər dövlətin hesabına müvəqqəti ünvanlarda yerləşdirilə bilərlər.
1768 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber