Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Balakən sakini Suriyada terroristlərə qoşulmuş oğlunu axtarır

“Raul ötən ilin dekabrında döyüşə girib, geri qayıtmayıb, onun ölüb-ölmədiyini bilmirik”

Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərə qatılan Azərbaycan vətəndaşının atası apa-ya müraciət edib.

Balakən rayon sakini Ramazan Xocaxov bildirib ki, oğlu, 1987-ci il təvəllüdlü Raul Xocaxov Rusiya getmək adı ilə evdən çıxıb, oradan da Suriyaya gedib: “Raul Moskvada ticarətlə məşğul olurdu. Ötən il eşitdik ki, Rusiyadan Suriyaya gedib. Keçən ilin oktyabr ayında Suriya nömrəsindən evə zəng eləmişdi. Dedi ki, narahat olmayın, hər şey qaydasındadır. Bizdən başqa, bir neçə dəfə dost-tanışı ilə də telefonla danışıb. Noyabr ayından sonra onunla əlaqəmiz kəsilib”.

R. Xocaxov qeyd edib ki, oğlu radikal dini təriqətlərə (vəhabi) meylli olub: “Bizim bir qonşumuz var, Ramil Dadayev, o da radikal dini təriqətin üzvüdür və hazırda Suriyadadır. Oğlumun uşaqlıq dostudur. Eşitmişdim ki, Raul Suriyada Ramilin yanındadır. Ötən ilin dekabr ayında Ramil bizə zəng edib dedi ki, Raul döyüşə girib, geri qayıtmayıb. Onun ölüb-ölmədiyini bilmirik”.

R. Xocaxov oğlunun Suriyada döyüşlərə qatılması ilə bağlı hələlik hüquq-mühafizə orqanlarına məlumat vermədiyini deyib: “Biz düşünürdük ki, harada olsa gəlib çıxar. Ona görə də polisə məlumat vermədik. Lakin görürük ki, vəziyyət biz düşündüyümüz kimi deyil, artıq hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindəyik. Oğlumun taleyinə aydınlıq gətirilməsi üçün hüquq-mühafizə orqanları ilə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsinə də müraciət etməyi planlaşdırırıq. Mən onu tanıyanlara səslənirəm... Kim onun taleyindən məlumatlıdırsa, bizə xəbər versin”.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif radikal qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı həyatını itirib. Onların bir çoxlarının fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb.
1576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber