Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Sədərək gömrüyünün həbs olunan rəisi barədə şok ittiham

Dekabrın 17-də Türkiyədə korrupsiya və çirkli pulların yuyulmasına qarşı başladılan əməliyyatlar və həbslər ölkəni ağıllı-başlı silkələdi. Əməliyyatlarda nazir övladlarının və digər vəzifəli AKP-çilərin adlarının keçməsi hadisələrin təkcə Türkiyə mətbuatının deyil, dünya mətbuatının gündəminə çevirdi. Başlanan əməliyyat Ərdoğan hökumətində ardı-arda istefalara səbəb oldu. Hökumədən şok istefalar oldu, çoxlu sayda məmur işdən çıxarıldı. Əməliyyatlar və həbslər davam etməkdədir.

Elə ilk əməliyyatda Azərbaycanın strateji əhəmiyyətli postlarından birinin, Türkiyə ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yeganə ərazinin- Sədərək Dövlət Gömrük Keçid Məntəqəsinin sədri Mirməhəmməd Seyidovun İstanbuldan Qarsa uçduğu zaman hava limanında həbs olunduğu xəbəri yayıldı. Iki gün Azərbaycan mətbuatında hadisə ilə bağlı gedən səthi xəbərlərdən sonra, sanki belə bir hadisə olmamış kimi mövzu qapadıldı.
Gömrük şefi Mirməhəmməd Seyidov və ətrafındakı qolbəyiləri- Qaçaqmalçılıq Şöbəsinin rəisi Vüsal Həsənov, onun və M. Seyidovun adlarını bilmədiyim sürücüləri, vəzifəsini bilmədiyim Zülfüqar adlı gömrük işçisi, yük bölməsinin Namiq adlı rəisi və digərləri, eləcədə gömrükdən qaçaq siqaret və yanacaq keçirərək qeyri-qanuni yollarla qazanc əldə edən bir qrup 2012-ci ilin dekabr ayının 8-də cinayət məsuliyyətinə cəlb olunmalı idilər.
Həmin vaxt İş adamı Məmməd Qurbanov Sədərək Dövlət Gömrük Məntəqəsində ondan gətirdiyi mallara görə əlavə rüsum tələb edildiyi üçün dəfələrlə araşdırma aparılması üçün MR gömrük komitəsinə müraciət etsə də, heç bir araşdırma aparılmamış, məcburiyyət qarşısında qalan iş adamı araşdırma aparmaq üçün bizə müraciət etmişdi. 2012-ci il Dekabrın 8-də araşdırma aparmaq üçün mən və həmkarım jurnalist, eyni zamanda hüquq müdafiəçisi İlqar Nəsibov gömrükdə olmuşduq. Qanun pozuntusuna yol vermədən, qanunun bizə tanıdığı haqlardan istifadə edərək iş adamının dediklərinə münasibət öyrənmək istəmişdik.

Özünü mafiya rəhbəri kimi aparan Mirməhəmməd Seyidov suallarımızı cavablandırmaqdan imtina etdi. Sonradan iş adamı ilə onlar arasında yaranan mübahisə davaya çevrildi. Onlar əvvəlcə iş adamı Məmməd Qurbanovu, kürəkənləri Nadir Məmmədov və Toğrul Abbasovu yaxşıca əzişdirdilər. Sonradan çəkiliş apardığımızı görüb bizə hücum etdilər, fiziki güc göstərdilər, bir diktafon və iki “Fillips” kameramız əlimizdən alındı. Ilqar Nəsibov və mən saatlarla oturduğumuz avtomobildən çıxa bilməyib mühasirədə, girov vəziyyətində saxlandıq. Söyüldük, təhqir olunduq. Mirməhəmməd Seyidov dəfələrlə barmaq silkələyərək bizi həbs etdirməklə təhdid etdi. Nəhayət diplomatik korpus nümayəndələri, yerli hüquq müdafiəçilərinin və Prezident Aparatının müdaxiləsindən sonra jurnalist və hüquq müdafiəçisi olduğumuz üçün geri çəkildilər. Üzərimiz axtardıqdan, telefonlarımızın yaddaşları silindikdən sonra, texniki avadanlıqlarımız qaytarılmadan biz evə buraxılsaq da, iş adamı və kürəkəni Nadir Məmmədov şərlənərək həbs olundular, işgəncəyə məruz qaldılar, iş adamın 10 min manatlıq malı gömrükdə məhv edildi, avtomobili və yük maşını qanunsuz olaraq uzun müddət polisdə saxlandığı üçün onun anbarda olan 30 min manat dəyərində ərzaq malı xarab oldu. Bu azmış kimi Sədərək polisində adamın 45 min manatlıq avtomobilinin mühərrikinə maddə tökərək sıradan çıxardılar. Anidən baş verən hadisələr uzun müddət bizdə şok effekti yaratmışdı. Çünki bu cür hadisələri, özlərini bu cür aparan məmurları və özbaşınalıqları mən dedektiv filmlərdə görmüşdüm. Hətta Bakıda yerləşən beynəlxalq təşkilatlardan biri ilə görüşərkən hadisəni nəql edəndə, tərcüməçi xanım: "bu, hansısa dedektiv filmin ssenarisidir?" -deyə sormuşdu.

Hadisə zamanı Mirməhəmməd Seyidov və onun ətrafındakı qoçular jurnalistlərin peşə fəaliyyətinə mane olmuşdular, öz vəzifə səlahiyyətlərini aşmışdılar, jurnalist və iş adamını döymüşdülər, həmçinin qanunsuz olarqa jurnalistlərin texniki avadanlıqları zorla əlindən alınmışdılar, jurnalistləri girov saxlanmışdılar, iş adamından gətirdiyi mallara əlavə rüsum tələb edilmişdi.

Ən azı bu səbəblərə görə gömrük şefi və ətrafında olan dəstəyə cinayət işi açılmalı idi. Amma nə fayda, Məhkəmələrin sifarişlə işlədiyi, polisin qanunları tapdaladığı, vətəndaşların deyil asılı olduğu fərdlərin mənafeyini, təhlükəsizliyini qoruduğu bir ölkədə yaşayırıq. Təəssüf.... Burada həm suçlu həm güclü məsəli yada düşür. Əksinə, elə məhkəmədə Mirməhəmməd Seyidov və onun öyrətdiyi şəxslər iş adamının və kürəkəninin əleyhinə qondarma izahat verərərk,utanmadan, qızarmadan üzlərinə duraraq həbs etdirdilər. Adıçəkilən məmur və işçilərin izahatını da elə Vüsal Həzənovun özü yazdırmışdı.
Sonradan apardığımız araşdırmalar zamanı bəlli oldu ki, əslində nəinki iş adamlarının gətirdiyi mallardan əlavə rüsum tələb edilməli, hətta onun muxtar respublikaya gətirdiyi mallar uşaq yeməkləri olduğu üçün bir çoxu gömrük rüsumundan azad olmalı idi.
Hadisəyə qədər də işlərimlə bağlı bir neçə dəfə Türkiyəyə gedib-gələrkən həmin gömrük keçid məntəqəsində heç bir səbəb olmadan məni saxlayaraq əməlli başlı üst-başım axtarılmışdılar. Baxmayaraq ki orada monitor quraşdırılıb. sadəcə yüzlərlə vətəndaşın içərisindən məni seçərək bu işi görür, texniki avadanlıqlarım- diktafon, fotoaparat, fillip kamera, yaddaş kartım əlimdən alınır, baxış keçirilir, yazı kitabçamda qeydlərim belə oxunur, psixoloji basqı göstərilirdi. Bu işi hər dəfəsində V. Həsənovun şəxsən özü edir və mənə bir daha gömrüyə gəlməməyi təkidlə deyirdi və səbəbini isə açıqlamırdı. Bir ildən artıq vaxt keçdikdən sonra, 17 dekabrda Türkiyədə əməliyyatlar zamanı gömrük şefi M. Seyidovun həbsi, qaçaqmalçılıq və rüşvətdə ittiham olunması mənim və həmkarlarımın gömrük keçid məntəqəsinə gedərkən gömrükçülərin narahatlıq keçirməsinin əsil səbəblərini ortaya çıxardı.

Məlumatlarda istintaq zamanı M. Seyidovun telefon danışıqlarının Türkiyə tərəfdən iki il müddətində dinlənildiyi bildirilir. Demək ki, gömrükdə bu cür qanunsuz əməllər uzun müddətdir baş verir. M. Seyidova qarşı sürülən iddialar təsdiq olunarsa, adı çəkilən gömrük məntəqəsi dövlət üçün strateji əhəmiyyətli bir post olduğu üçün burada digər orqanlar, və yüksək vəzifəli şəxslər də məsuliyyət daşıyırlar. Təbii ki, bu cür halda M. Seyidovun bu cür işlərlə öz başına məşğul olması inandırıcı görünmür. Hadisə ciddi araşdırmalı və günahkarlar tapılaraq cəzalandırılmalıdırlar. Ən azından bu cür bir hadisədən sonra Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov istefa verməli idi. Hərçənd ki, bizdə istefa mədəniyyəti yoxdur.

Qeyd edim ki, 2010-cu ildə İngiltərənin, Liberal Demokrat Partiyasının mәnsubu maliyyə Naziri David Laws maliyyә xәrclәrindә saxtakarlığa yol verdiyinә dair iddialara, 2011-ci ildə İngiltərənin müdafiə naziri Liam Foksun yaxın dostunun hökumət işlərində istifadə etdiyi ortalığa çıxmasına və Almaniyanın plagiatlıqda günahlandırılan müdafiə naziri Karl-Teodor tsu Quttenberq istefa vermişdilər. /Moderator
1662 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 09:23