Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Türkiyə ilə Azərbaycanın sələfi davası

İki ölkənin xüsusi xidmət orqanları arasında gərginlik yüksək həddə çatıb 

Azərbaycan və Türkiyə xüsusi xidmət orqanları arasında son zamanlar münasibətlərin gərginləşməsi ilə bağlı xəbərlər artmaqdadır. Buna səbəb Azərbaycan vətəndaşlarının Türkiyə ərazisindən Suriyaya keçirilərək orada Bəşər Əsədə qarşı aparılan müharibədə istifadə edilməsidir. 

Azərbaycan dəfələrlə Türkiyə tərəfini bu əməliyyatlara son qoymağa çağırıb. İnformasiyalı qaynaqlar iddia edir ki, məsələ hətta rəsmi nota verilməsi səviyyəsinə qədər yüksəlib. Ancaq Türkiyə ilə Azərbaycan dövlətlərinin tarixi bağlılıqları nəzərə alınaraq nota verilməsi gündəmdən çıxıb.

Bu informasiyalara həm Azərbaycan, həm də Türkiyə mediasında rast gəlinməkdədir. Türkiyə mediasında konkret Azərbaycanın adı çəkilməsə də, AKP hakimiyyətinin Bəşər Əsəd rejimini devirmək üçün qonşu müsəlman xalqlardan yararlandığı vurğulanır. Bu məqsədlə ilkin olaraq dövriyyəyə dini faktor daxil edilir. Dini bilikləri zəif olan, din mədəniyyəti o qədər də inkişaf etməmiş bölgələrdən olan şəxslər sələfi icmalarına cəlb edilir. Bəllidir ki, Əsəd rejiminə qarşı vuruşan müxalif güclər fanatik sələfilərdir. Hədəf qrupları isə əhalinin sosial müdafiəsi ən aşağı həddə olan kəsimidir. Bu şəxslər bir müddət həm maddi cəhətdən təmin edilir, həm onlara dini “biliklər” təlqin edilir. Təxminən 4-5 aya bu şəxslər artıq “cihad”a çıxmaqdan başqa yol tanımır. 


Bu yolun ilk dayanacağı isə Türkiyənin güney sərhədlərindəki hərbi hazırlıq düşərgələridir. Sərbəst şəkildə Türkiyə ərazisinə daxil olan gənclərə 3 ay hərbi təlim keçəndən sonra onlar Türkiyədən Suriyaya göndərilir. 

Ötən ilin mayından indiyə qədər təxminən 250 Azərbaycan vətəndaşının Suriyaya “cihad”a getməsi, onlardan 100-ə qədərinin həlak olması haqqında informasiyalar var. Rəsmi Bakı bu durumla bağlı Türkiyə rəsmiləri ilə danışıqlar aparmaqla yanaşı, Türkiyə-Suriya sərhədinə kəşfiyyatçılar da göndərilib. Bir müddət durumla bağlı informasiya toplamaq imkanları olduqdan sonra kəşfiyyat qrupları “ifşa” edilib. Hətta onlardan bir neçəsinin təlim düşərgələrində amansızlıqla döyüldüyü bildirilir.


Türkiyə mediası yazır ki, hər gün Türkiyənin güney bölgəsinə qonşu müsəlman ölkələrindən övladlarını axtarmaq üçün onlarla valideyn gəlir. Onların bəziləri övladlarının izinə düşə bilsələr də, bəziləri geriyə qayıdır. Övladlar üçün açıq olan Türkiyə-Suriya sərhədi valideynlər üçün birmənalı olaraq qapalıdır. Bəziləri övladlarının sorağı ilə Türkiyənin rəsmi qurumlarına, yerli polis bölmələrinə müraciət edir. Ancaq Türkiyə Daxili İşlər Nazirliyi sistemi faktiki olaraq Türkiyə ərazisinə daxil olub az sonra “qeybə” çəkilən bu şəxsləri itkinlər, axtarışda olan şəxslər siyahısına salmaqdan imtina edir.

Sözsüz, məsələnin siyasi yükü çox ağırdır. Eyni zamanda burada dövlətlərin təhlükəsizliyinə təhdid problemi də son dərəcə qabarıqdır. “Cihad”a yollananların arasında hər hansı səbəbdən geriyə - öz ölkəsinə dönənlər də var. Savaşda qan, ölüm görmüş, üstəlik, “müqəddəs davaya” çıxdığına inandırılan bu şəxslər istənilən dövlət və ölkə üçün potensial terrorçudur. Suriya müxalif qüvvələrinin dini liderlərinin verdiyi son fətvalara baxsaq, durumun ürküdücü mənzərəsi ortaya çıxır. Yaxın zamanlarda “savaşın ağır şərtlərini” nəzərə alaraq sələfi liderlər öz tərəfdarları üçün onların inancından olmayanların canını, malını, arvadını halal elan edib. Bütün hüquq və mənəviyyat anlayışlarının tapdandığı dəyərsizlik mühitində uzun müddət təlim keçən bu şəxslər hər bir cəmiyyət üçün partlamaq həddinə saniyələr qalan bombadan fərqlənmir.
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl da hesab edir ki, istənilən digər ölkənin vətəndaşının üçüncü bir ölkədə baş verən savaşa cəlb edilməsi qanunsuz olmaqla yanaşı cəmiyyətlərin gələcəyi üçün açıq təhdiddir: “Azərbaycan faktiki olaraq bu duruma tam nəzarət etmək imkanından məhrumdur. Çünki Türkiyə Azərbaycan vətəndaşlarına viza tətbiq etmir - istənilən vətəndaş Türkiyəyə sərbəst daxil ola bilir. Bu məsələdə açar nöqtə Azərbaycan vətəndaşlarının Türkiyə-Suriya sərhədini keçməsinin qarşısını almaq üçün iki ölkənin xüsusi xidmət orqanlarının işbirliyi vacibdir. Ancaq indiki halda bu mümkün deyil. Çünki Türkiyə Əsəd rejimini devirmək istəyən bütün qüvvələrlə işbirliyində maraqlıdır. Bu gün Türkiyə Suriya müxaliflərinə qoşulmaq istəyən hər kəs üçün koridor yaradıb. Bu mənada Azərbaycan və Türkiyənin maraqlarının toqquşması gözlənilən idi”.


İlham İsmayılın fikrincə, indiki halda Azərbaycanın görməli olduğu iş ölkə içərisində bu şəxsləri qruplaşdıraraq Suriyaya göndərən mərkəzi zərərsizləşdirməkdir: “Mən əminəm ki, Azərbaycan xüsusi xidmət orqanlarının bu çevrəni tam nəzarətə götürmək və onların istənilən qanunsuz əməlinin qarşısını almaq imkanları var. Radikal vəhabilərin beynəlxalq miqyasda cihad elan etmələri Azərbaycan üçün də təhlükəlidir. Bu insanların qarşısında dayanan məqsədin insan haqları, demokratiya ilə heç bir bağlılığı yoxdur. Bu şəxslər açıq-aşkar terrorla məşğuldur. Onlar silah gücü ilə öz ideyalarını cəmiyyətlərdə yeritməyə çalışırlar. Sabah Suriyada məsələlər bitəndən sonra bu şəxslərin hansı ölkəyə gedəcəyi, harada terrorçuluqla məşğul olacağı, insanlığa harada ziyan vuracağı bəlli deyil”
Ekspert düşünür ki, Azərbaycan öz vətəndaşlarının həm maarifləndirmə xətti ilə, həm də əməliyyat tədbirləri ilə beynəlxalq terror şəbəkəsinə qoşulmasının qarşısını almalıdır./musavat/
1812 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP