Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

“İki nazirlə bağlı elə faktlar ortaya çıxacaq ki...”

Türkiyədə siyasi gərginlik parlamentində yumruq davasına çevrildi

Türkiyədə 20 gündən artıqdır davam edən siyasi gərginlik parlamentə yumruq davasına səbəb olub.

Yanvarın 11-də Hakimlər və Prokurorlar Yüksək Qurumunun Türkiyə məhkəmə sisteminə təklif etdiyi dəyişikliklərin müzakirəsi zamanı AKP-li və CHP-li millət vəkilləri yumruq davasına çıxıb. Hakim partiyanın təmsilçisi Zeyid Aslan müzakirələr keçirilən zalda masanın üzərinə çıxaraq Yarqıçılar Sendikasının başqanı Ömər Faruk Eminağaoğluna təpik vurub.

Yada salaq ki, Zeyid Aslandan dəfələrlə parlamentin intizam komitəsinə şikayət edib. O, Türkiyə Böyük Millət Məclisində rəqib partiya üzvlərin və jurnalistlərə ünvanladığı söyüşlərlə məşhurdur.

Yanvarın 11-də baş verən davaya qadın millət vəkilləri də qoşulub. Onlarla millət vəkilinin eyni zamanda bir-birinin üzərinə yürüdüyü davada kişi millət vəkilləri qadınları güclə ayırıb.

Yada salaq ki, bir neçə gün öncə Türkiyənin mühakimə sistemində dəyişikliklər edilməsi üçün Hakimlər və Prokurorlar Yüksək Qurumu təşəbbüslə çıxış edib. Qurumdan verilən açıqlamada bildirilib ki, düzəlişlər istintaq və məhkəmə prosesinin tam müstəqil aparılması, prosesin hökumətdən hər hansı asılılığının aradan qaldırılması üçün son dərəcə önəmlidir. İki günlük müzakirələrdən aydın görünür ki, proses hakim AKP-li millət vəkillərinin ürəyincə deyil.

Arslanın hücumu ilə üzləşən Eminağaoğlu deyib: “Həyatımda ilk dəfə təpik yedim. Çox təəssüf ki, bu olay Türkiyənin Ali Məclisində baş verdi. Əgər bu Məclisdə demokratiya bu şəkildədirsə, kənarda olanları təsəvvür etmək məncə çətin deyil. Ancaq mən Türkiyədə normal mühakimə sistemini yaradılması üçün hər cür təzyiq və təhdidi qarşılamağa hazıram. Bu gün mənə vurulan təpik Türkiyə mühakimə sisteminə vurulan təpikdir. Bu işi sahibləri ilə bağlı bütün hüquqi yollara baş vuracağam”.

Yaşanan olaylar Cümhuriyyət Xalq Partiyasında ağır təpki ilə qarşılandı. CHP-li bir sıra millət vəkilləri sosial mediadakı hesablarında AKP-li həmkarlarını parlamentdə özlərini küçə uşaqları, qoçu, cinayət dəstəsi üzvləri kimi aparmaqda suçladı.

Türkiyədə siyasi gündəmin getdikcə gərginləşməsi həm də vətəndaş etirazlarının yüksəlməsinə səbəb olub. Yanvarın 11-də paytaxt Ankarada on minlərlə insanın qatıldığı etiraz aksiyaları keçirilib. “Bu çirkabı xalq təmizlər”, “Pozulmuş düzəndə yaxşı çarx olmaz” pankartları ilə Ankara küçələrinə çıxan əsasən işçi, mühəndis, həkim, memarlardan ibarət etirazçılar hakim AKP-nin ünvanına sərt mesajlar səsləndirib.

Etiraz aksiyalarında çıxış edən həmkarlar təşkilatlarının rəhbərləri AKP-nin “ayaqqabı qutusu” siyasətinin Türkiyəni böhrana sürüklədiyini deyib. Onların sözlərinə görə, xalqı dinləməyən və korrupsiyaya, rüşvətə qurşanan hakimiyyət təmsilçiləri ədalətli qaydada mühakimə edilməlidir.

Gəzi parkı olaylarını yada salan aksiya iştirakçıları harın məmurların öz vətəndaşlarına qarşı ən amansız şəkildə hücum etməsinin, gənc Türkiyə vətəndaşlarının qurban getməsinin AKP-nin tarixində qara ləkəyə dönəcəyini və heç zaman silinməyəcəyini deyib.

Aksiyaya toplaşanlar baş nazir Rəcəb Tayyib Ərdoğan başda olmaqla AKP təmsilçilərinin olayları “paralel dövlətdə” axtarmaq cəhdlərini düşdükləri çirkabı başqalarının üzərinə yaxmaq istəmələri kimi qiymətləndirib.

Türkiyənin ünlü köşə yazarlarından Abdurrahman Dilipak son köşəsində ilginc bir iddia ilə çıxış edib. Müəllif iddia edir ki, yaxın günlərdə AKP-nin bu gün görəvdə olan iki naziri ilə bağlı elə ciddi faktlar ortaya çıxacaq ki, onların fonunda 17 dekabr “Böyük rüşvət” əməliyyatı kiçik bir cinayət kimi görünəcək: “Kasetlər, sənədlər havada uçacaq. AKP var gücü ilə durumdan çıxmaq üçün çabalayacaq. Bu durumdan çıxa bilsələr hətta ölkədə fövqəladə vəziyyət elan edib 30 mart bələdiyyə seçkilərini də təxirə sala bilərlər. Ancaq çox çətin olacaq. Bu, mənə hətta mümkünsüz görünür...”

“Hizmət hərəkatı”na yaxın “Zaman” qəzetinin yazarı Mümtazer Türkönə bugünkü yazısında “Prezident Gül təkəri partlayan yük maşınını durdura biləcəkmi” sualına cavab axtarıb.

Müəllif yazır ki, Türkiyəni bu böhranlı günlərdən çıxara biləcək şəxs prezident kürsüsünə sahib olan şəxsdir: “Prezident sahib olduğu səlahiyyətlərdən istifadə edərək heç olmasa yandakı kresloya keçə bilər və mühərrik qutusunu yavaş-yavaş çəkib yük maşınını saxlaya bilər. Prezident dövlətin başçısıdır. O, öz kürsüsündən Türkiyə Cümhuriyyətinin və türk millətinin birliyini təmsil edir. Prezident Ana Yasanın tətbiqinə, dövlət orqanlarının qanuni və düzənli işləməsinə nəzarət edir. Prezident dövlət orqanlarının işinə hər hansı müdaxilə olarsa o müdaxilələri durdurmaq səlahiyyəti olan tək vəzifə sahibidir. Prezident siyasi kapitalı, davranış və üslubu ilə tam bü günlərə uyğun bir şəxsiyyətdir. Həm də son çarəmizdir” (musavat.com).

1500 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber