Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

İsa Sadıqov Surət Hüseynovu dəstəklədi

Qarabağ müharibəsinin ünlü komandirlərindən biri olan polkovnik İsa Sadıqov Surət Hüseynovun "Qazilər Fondu" yaratmasına münasibət bildirib. Bugun.az İsa sadıqovun fikirlərini oxucuların diqqətinə çatdırır.
"Dünyanın özünə hörmət edən bütün ölkələrində hökumətlər müharibə veteranlarına millətin qızıl fonduna daxil olan insanlar kimi baxır. Yaxşı hökumətlər bu insanlara onların Vətən naminə etdiklərinin müqabilində adekvat dəyər verir. Azərbaycanda nələr müşahidə olunur? İndi orduda baş verənləri xatırlatmaq istəmirəm. Onu da xatırlatmaq istəmirəm ki, ötən ilin əvvəllərindən başlayaraq Azərbaycan əsgər ölümləri ilə necə sarsılmaqda idi və hələ bu “epizodik” adlandırılan seriyanın başa çatdığına kimsənin inamı yoxdur. Sadəcə xatırlatmaq istədiyim odur ki, hələ 90-cı illərin sonlarından başlayaraq Azərbaycan hökuməti Qarabağ müharibəsinin veteranları və əlilləri ilə sözün həqiqi mənasında, savaş aparır. Müharibə veteranları sosial haqları və hüquqları uğrunda mübarizə aparırlar, zaman-zaman hətta meydanlara doluşub polis dəyənəkləri ilə cəzalandırılıblar, amma hökumət bütün hallarda qalib gəlib, onları məhv edib. İş o yerə çatıb ki, indi sıraları-səfləri pozulan həmin sabiq döyüşçülər təkbaşına savaşırlar və son silahları da öz canlarıdır. Azərbaycanda müharibə veteranları özlərini öldürməklə özlərinə qarşı haqsızlıqlara etiraz etməyə başlayıblar. Bu faciədir!
Ola bilsin ki, kimlərisə ortalığa salıb Surət Hüseynovun “Qazilər Fondu” yaratmaq təşəbbüsünə qarşı təbliğata başlasınlar. Şübhə etmirəm ki, belə bir kampaniya olacaq. Lakin bu, Surət Hüseynovun özünə qarşı münasibətdən daha çox, bir vətəndaş təşəbbüsünə qarşı savaş demək olacaq. Axı, bunlar Azərbaycan vətəndaşlarının təşəbbüs haqqını tanımırlar.
Əlbəttə, Azərbaycanda hər kəs Surət Hüseynovla bizim aramızda olan münasibətlərin məcmusundan xəbərdardır. Ancaq bununla belə, mən hesab edirəm ki, Surət Hüseynovun bu təşəbbüsü əsl təqdirə layiqdir. Bizim şəxsi münasibətlərimizin mahiyyətinə baxmayaraq, Surət Hüseynov müharibə adamıdır. O, müharibə veteranlarının yalnız problemlərini deyil, həm də yaşantılarını bilən bir adamdır. Əgər onun belə bir Fond yaratmaq üçün imkanları varsa və bunu edirsə, bunu ancaq alqışlamaq olar. Bu cür təşəbbüsü başqa kimdən gözləmək olar ki? Korrupsiyadan qazanan indiki oliqarxlardan hansı belə bir təşəbbüs göstərə bilər? Şübhəsiz, heç biri! Hətta Rusiyada, Türkiyədə, dünyanın başqa ölkələrində bizneslə məşğul olan və kifayət qədər sərvət toplayan azərbaycanlı iş adamları da belə bir təşəbbüsü göstərməyə cəsarət edə bilməzlər. Surət Hüseynov qorxmadan, çəkinmədən belə bir cəsarətli təşəbbüs irəli sürürsə, birincisi, mən onun bu ideyanın arxasında axıra qədər dayanacağına, ikincisi isə bu Fondun müharibə əlillərinin problemlərinin həlli üçün ciddi bir qaynaq olacağına inanıram".
1685 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 07:42