Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

Eldəniz Quliyevdən Milli Şura ilə bağlı yeni təklif

"Ümid edirəm ki, bunun yaranmış situasiyada bəlkə də yeganə çıxış yolu olduğunun fərqinə varacaqlar"

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev özünün də təmsil olunduğu Milli Şura ilə bağlı yeni təkliflə çıxış edib. O, hesab edir ki, Milli Şuranın təcili toplantısı çağırılmalı və Rüstəm İbrahimbəyovla bağlı müvafiq qərar verilməlidir.

Milli Şuranın bu gün çətin günlər yaşadığını, Azərbaycanda demokratik dəyişikliklər arzusunda olan hər kəsin sözün əsl mənasında ciddi sınaq qarşısında olduğunu deyən Eldəniz Quliyevin sözlərinə görə, hazırda çoxlarını maraqlandıran sual Milli Şuranın yeganə müqavimət və mübarizə institutu kimi yaşayıb-yaşamayacağı haqdadır: "Heç şübhəsiz ki, mütərəqqi düşüncəli insanlarımız, o cümlədən əsas müxalif qüvvələr Milli Şuranın qorunmasında, onun güclənməsində maraqlıdır. Milli Şuranın taleyindən səmimi şəkildə narahatlıq keçirənlərin və tərəddüd edənlərin nəzərinə belə bir təklif çatdırıram. Ümid edirəm ki, "Milli Şura bitdi", "Milli Şura parçalandı, dağıldı" və sair bu sayaq inamsız fikirlər səsləndirən dostlar təklifə ciddi yanaşacaq, bunun yaranmış situasiyada bəlkə də yeganə çıxış yolu olduğunun fərqinə varacaqlar. Hesab edirəm ki, Milli Şura fövqəladə sessiyasını çağırmalı, Rüstəm İbrahimbəyov bu qurumun lideri seçilməlidir. Güman edirəm ki, Milli Şuranın qorunması naminə, bütün obyektiv, eləcə də subyektiv iradlara, bəzənsə, əsassız kaprizlərə səbrlə, müdrikcəsinə yanaşan Rüstəm İbrahimbəyov bu təklifi də düzgün dəyərləndirəcək".

Eldəniz Quliyev təklifini əsaslandırarkən qeyd edir ki, Milli Şuranın, demokratik düşərgənin analoqu olmayan möhtəşəm birliyi kimi, Rüstəm İbrahimbəyova mənəvi borcu var: "Eyni zamanda, istəsək də, istəməsək də Milli Şura Rüstəm İbrahimbəyovla assosiasiya olunur. Çünki Rüstəm müəllim bu qurumun ideya müəllifi, qurucusu və təəssübkeşidir. Rüstəm müəllim Milli Şura ideyasını reallaşdırmaqla, ictimai rəylə yanaşı, ictimai rəğbət də qazandı və bu, danılmaz bir faktdır".

Eldəniz Quliyevin fikrincə, Milli Şura onun təklifini qəbul etməklə, həm Azərbaycanın nadir şəxsiyyətlərindən sayılan Rüstəm İbrahimbəyova layiq olduğu hörməti nümayiş etdirər, həm də bu qurumu monolit birlik kimi qoruyub-saxlamaq mümkün olar.

"Ümid edirəm ki, Milli Şuranın sədri, hörmətli Cəmil Həsənli, AXCP, KXCP, ACP, EL Hərəkətı və Milli Şurada təmsil olunan digər təsisçi dostlarımız bu təklifə öz obyektiv münasibətlərini bildirəcəklər. Unutmamalıyıq ki, bizlər bu gün ölkənin, eləcə də xalqımızın şərəf və ləyaqətinin məsuliyyətini daşıyırıq", - deyə Eldəniz Quliyev əlavə edib./azadlıq/
1243 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı