Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Gürcüstan müsəlmanları arasında bölünmə

Qardabaninin dini icması Gürcüstan Müsəlmanları İdarəsini tanımadığını bəyan edir...
Qəzetimizin ötən saylarında Gürcüstanda yaşayan müsəlman dini qurumları arasında yaranan narazılıq, o cümlədən 2012-ci ildə yaradılan Gürcüstan Müsəlmanları İdarəsi ətrafında fikir ayrılıqları haqda yazıb.

Gürcüstanın Qardaban rayonunun axundu və dini icmanın sədri Namiq Xəlilov yerli müsəlmanlara müraciət edərək Gürcüstan hökumətinin müsəlmanların dini fəaliyyətinə müdaxilə etdiyini bildirib. N.Xəlilovun yaydığı açıqlamada qeyd olunur ki, eks-prezident M.Saakaşvili hökuməti dönəmində Gürcüstan Müsəlmanları İdarəsi qurum yaradılıb. Ancaq yerli müsəlman icmasının böyük əksəriyyəti bu qurumun yaradılması prosesindən kənarda qalıb. Eyni zamanda bu prosesdə dini icmalar və ruhanilər deyil, yerli azərbaycanlı məmurlar iştirak edib.

GMİ-nin keçmiş şeyxi Vaqif Ələkbərovun fəaliyyətinin “qaranlıq” olduğunu qeyd edən müraciət müəllifləri təşkilatı faktiki olaraq gürcülərin idarə etdiyini qeyd edirlər. Sitat: “GMİ-nin direktoru bizim heç birimizin tanımadığımız Resan Qoqotidze idi. Gürcüstan qanunvericiliyində sədr və icraçı direktor vəzifəsi var. Gürcüstan müsəlmanlarının çoxunu azərbaycanlılar təşkil etdiyi halda, dövlət yaratdığı idarədə şeyx üçüncü şəxsdir. Belə ki, sıralamada birinci şəxs icraçı direktor, ikinci müfti və sonuncu şeyx qeyd olunub. Qanunvericilikdə də müfti və şeyx termini olmadığı üçün təyin olunan müfti və şeyx formaldı, əsas şəxs Resan Qoqotidzedir və on nəfər təsisçisi var. Bu adamların isə heç birinin dinə aidiyyəti yoxdur. Eyni zamanda 10 nəfərdən 5-i azərbaycanlı, qalan 5 nəfər isə başqa millətlərdəndir. Ancaq biz onları ümumiyyətlə tanımırıq”.

Müraciətdə qeyd olunur ki, 2012-ci ildə parlament seçkilərində hökumət İslam dininə müdaxilə etməyəcəyini söz versə də, sonra yenə də müdaxilə davam edib və ötən ilin sonunda Vaqif Ələkbərovu çıxararaq yeni şeyx seçiblər. Ancaq bu seçkilərdə yerli ruhanilərin bir çoxu iştirak etməyib: “Biz qətiyyətlə dövlətin dini işlərə qarışmasını qınayır və pisləyirik, onu da bildiririk ki, din dövlətdən ayrı olduğu üçün dini rəhbər seçmək ruhanilərin işidir, nəinki hökumət məmurlarının”.

Müraciətdə Qardaban Rayon dini icmasının GMİ-nin yeni seçilmiş şeyxini tanımadığı bildirilir: “Biz Qardaban rayon dini icması olaraq bildiririk ki, dövlət tərəfindən yaradılmış idarəni və teyin olunmuş rəhbərləri din xadimi kimi tanımayacağıq. Bu cür sistem müsəlmanları təmsil edə bilməz, bizi o təşkilat təmsil edə bilər ki, azad və müstəqil olsun, heç bir dövlət qurumlarına bağlı olmasın. Dövlətin dinə müdaxiləsi ancaq biz Gürcüstan müsəlmanlarına aiddir, digər dini azlıqların nümayəndələri müstəqildirlər. Biz müsəlmanlar olaraq dini haqqımızı qaytarana kimi mübarizəmizi davam etdirəcəyik”.

KƏNAN/musavat
1233 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10